Elə
bilirdi, gün heç vaxt bitməyəcək.
Günəş
başının üstündən çəkilmək bilmirdi, elə bil yaxşı bişməmiş gözlük yumurta idi,
yapışıb qalmışdı yağı az düşən allüminium tavanın ortasına, əlinə çəngəl keçsə,
Göyün üzünü cızım-cızım edərdi, bu nəhəng gözlüyün ağını sarısına qatardı, bu
ucuz tavanı qaşıyardı barmaqları taa yorulub qırılana kimi...
-
Sənuu, - çağırdılar, - ay Sənubəəər!
-
Gəldim, - dedi, rəngi solmuş çit süfrənin
bir küncündəki balaca tavanın dibində görünən yağ ləkəsini də əlindəki son çörək
tikəsiylə silib cəld ağzına apardı və çörək tikəsi boğazına çatmamış süfrəni
tava qarışıq büküb sellofan torbaya soxuşdurdu, - kimin də nəyi var, yığıb e bu
sellofana, eşşək yüküdü elə bil!
-
Sən yumurta yeməkdən birtəhər olacaqsan
axırı, - dedilər, deyəndə də güldülər hələ bir.
-
Dedilər, filankəs acından öldü, dedi,
varıydı ki, yemədi?! – hikkəylə əyri belini çiyninə aşıraraq cərgənin sonundakı
yerini tutdu.
-
Başa düşmədim, kim dedi, kimə dedi, kim
acından öldü? – soruşdular.
-
Eee, heç kim, misaldı daa! Söz demək olmur
e! – ilk zərbədəcə bir pomidor tağını ikiyə böldü, həmən də ətrafına boylandı
ki, görsün, bunu görən oldumu.
-
Misaldı, yox bir, məsələdi! – güldülər ona,
- gözlə, indi Rəsul gəlib həll eləyəcək.
-
Bax, xəbər verəni söymüşəm! – qırdığı tağın
kəsik yerini yenidən torpağa əkdi ki, bilinməsin.
-
Allah vurub onu! - dedilər və başlarını bellərinə
salladılar, belləri cadar-cadar olmuş torpağın üstündə tak-tuk oynayınca da
unutdular dünyanı, istinin, işin, tarlanın ritminə düşdülər, əllərini,
ayaqlarını, bədənlərini, başlarını eyni bir ahəng eyni bir dalğaya adlatdı da
apardı özüylə - tak-tuk, tak-tuk, tak...
***
Qıpqırmızıydı
lalələr.
Yamyaşıl
otların arasından tək-bir, cüt-bir boylanırdılar.
Göyün
üzündə tərtəmiz, par-par yanan Günəş vardı, Yerin üzündə o idi, Savaş idi,
sevgiləri idi, ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.
Nə
pomidor tarlası vardı, nə zəhlətökən alaq otları, nə köhnə allüminium tava, nə
də az qala maşın yağı dadı verən maye damlalarının üstündə bişib gözə girən
yumurta gözlüyü.
Heç
müharibə də yox idi...
***
-
Savaşdan nə xəbər var? – soruşdular, onu xəyallarından
ayıldaraq.
-
Heç bir xəbər yoxdu, - belini yerə dayayıb,
belini dikəldərək dedi, - elə keçən ay televizorda görünəndi, daha heç nə.
-
Bəxtəvərin oğlu məktub-filan da yollamır, -
dedilər, Savaşı qınayaraq.
-
Onun məktub yazmağa vaxtımı olar indi? –
dedi, gözləri yol çəkərək, - müharibədi e bu, “xalabacı” oynamaq deyil!
-
Arifin oğlu gəlib, Sultanağa yoxdumu? Deyir,
ön cəbhədə o qədər qız-gəlin var ki, əsgərlər elə səngərdən-səngərə
axtara-axtara qalıblar kəndçilərini-filan, - dedilər, bir-birlərinə göz vurub,
ona işarəylə gülərək, - heyf, bizim kənddən hələ gedən yoxdu.
***
Üzləri
üzdə deyildi heç birisinin.
Üzlərini,
başlarını möhkəm-möhkəm sarımışdılar pambıq yaylıqlarla, Gün dəyməsin, ləkə
düşməsin, qaralmasın deyə.
Əyinlərində
köhnə kişi paltarları vardı – rəngi getmiş şalvarlar, sapı qaçmış köynəklər.
Ayaqları
uzunboğaz rezin çəkmələrdə it-bat olmuşdu, əllərində fəhlə əlcəkləri saralırdı.
Gülmək
üçün qəhqəhə çəkməli, ağlamaq üçün hönkürməli idilər.
Təbəssümləri,
qəhərləri bilinmirdi, görünmürdü, niqab altında dustaq olmuşdu.
Bir-birlərinə
bənzəyirdilər...
***
-
Bax, Sultanağa, sən mənim sinif yoldaşım olmusan,
Savaşın da ən yaxın dostlarındansan, - oğlanın sağ ayağının dizindən
aşağısından gözünü çəkə bilməyərək, udqundu, - de görüm, onu oralarda heçmi
görmədin?
-
Yox, Sənu, - Sultanağa da gözlərini onun nəzərlərinə zilləyərək, qəhərini uddu, - ora bəyəm balaca bir yerdi ki? Cəbhədi, döyüş
meydanıdı, atışma başlayanda özün özünü tanıyıb tapa bilmirsən, qaldı ki...pomidor
tarlası deyil e ora, ay qız?!
-
Sultanağa, mən o qədər narahatam ki axır
günlər! – gözlərindən yaş sel kimi axdı oğlanın sağ ayağının dizindən aşağı, -
Sultanağa, ondan heç bir xəbər yoxdu!
-
Narahat olma, - oğlan masanın üstündən
siqaret götürüb alışdırdı, titrəyən barmaqlarıyla Sənubərin gözlərindən axan
yaşı silməyə cəhd elədi, bacarmadı, - onların batalyonu Ağcabədi tərəfdəydi,
axırıncı dəfə ordan soraq bilmişəm, yəqin döyüşürlər, indi orda baş qarışıqdı,
vaxt tapan kimi yazacaq sənə yəqin.
-
Qorxuram, elə bilirəm nəsə var başında, amma
mənim xəbərim yoxdu, - ayağa durub getməyə hazırlaşdı, oğlanın da onu ötürmək
üçün qalxmaq istədiyini görüncə, əlini çiyninə qoydu, - yox, sən durma,
bağışla, anan dedi uzanmısan, qulaq asmadım, dedim, onu görməsəm, tərpənməyəcəm
qapınızdan.
-
- Yaxşı, - Sultanağa gülümsəyib, yastığına
dirsəkləndi, - get, bir xəbər bilsən, mənə də mütləq de, özüm çətin daha kəndə-kəsəyə
çıxam, ən azından, ayaqsızlığa öyrəşməyim lazımdı hələ.
-
Öyrəşərsən, - axmaq bir söz dediyinin həmən
fərqinə varıb, cəld qapıdan çıxdı, özünü Sultanağanın alaqapıdakı kənd
arvadlarıyla dərdləşən anasının üstünə atdı, hönkürdü, - Ayna xala, bağışla məni,
gərək onu narahat eləməyəydim, qıçlarım sınaydı, gəlməyəydim gərək, belə görməyəydim
onu...
***
Qıpqırmızıydı
qan laxtaları.
Yamyaşıl
otların arasından tək-bir, cüt-bir boylanırdılar.
Göyün
üzündə qan-qırmızı Günəş vardı, Yerin üzündə o idi, Savaş idi, sevgiləri idi,
ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.
***
-
Gecə gəlib xeyli pomidor oğurlayıblar, -
dedilər, - biz dünən Rəsula ha dedik, dərək, bitsin, qulaq asmadı, icazə vermədi,
indi bax, düşdük ziyana!
-
Hər gün heç olmasa, adama bir təndir çörəyi
aparırdıq yetimlərə, onu da Xudavəndi-aləm çox gördü bizə, - dedilər sonra.
-
Rəsul özünü qudurmuş it kimi aparır! Qul
kimi işlədir adamı, səkkiz-doqquz saat can veririk gün altında, evdən-eşikdən xəbərimiz
olmur, gedəndə bircə dənə qara-qura çörək verir, öz arvadının, uşağının
harasını sıxsan, yağ çıxar amma! – bunu da dedilər, - Allah elə kasıb üçün kəsib
də, ona nə var e, Sovetin vaxtında da camaat onun fəhləsiydi, indi də!
-
Allahın qaravulçusunu da tutmağa canı çıxır,
bir kaftar itlə bu boyda tarlanı necə qorumaq olar, bilmirəm! – deyindilər daha
sonra, - Allah bilir, o yazıq iti də xəsisliyindən ac saxlayır elə!
***
-
Eşşəksən e sən, it deyilsən! Ölmüsən elə!
Bir bütöv çörək verirəm hər gün sənə, gözündən gəlsin görüm! – Rəsul ağaca
bağladığı qoca köpəyin üstünə çöməldi, - dayan, indi özüm sənin gözündən gətirərəm!
Bir dizi üstə çöküb, qollarını, sinəsini
cırmaqlamağa çalışan itin ayaqlarını allüminium məftillə möhkəmcə sarıdı,
zingiltisi hürməsinə qarışmış heyvanın başına bir təpik ilişdirib, daha sonra
halsız bədəninin üstünə əyildi, bir əliylə alt çənəsindən yapışıb, o biri əlinin
iki barmağını burun deşiklərinə salaraq, o yana-bu yana dartmağa başladı, it
vurnuxdu, amma Rəsulun əllərindən qurtula bilməyib çarəsizcə qıvrıldı, bircə dəqiqədən
sonra onun çənələri bir-birindən ayrılıb qırılmışdı, qapanmasın deyə ağac
parçası dayanmış ənginin hər iki tərəfindən yerə qan damlaları süzülməyə
başlamışdı.
Rəsul yaxınlıqdakı xəndəkdən bir topa köhnə
parafin gətirdi, onları bir ağac parçasının başına toparlayıb bağladı, sonra bu
topaya od vurub, yenə itin üstünə əyildi, əriyib tökülən parafini itin
boğazına, burun deşiklərinə, gözlərinin içinə tökməyə başladı...
***
-
Oğru kimdir görəsən, - soruşdular maraqla, -
aparmağı bir yana, nə qədərini də əzib zay eləyib.
-
Oğru birdimi, ikidimi, - cavab verdilər
inamla, - odey, Allahverdinin qızının cehizlik məcməyisini-qazanını aparıblar
eyvanın başından, misdi, allüminiumdu, hamısını qızıl kimi sandıqlayıb
saxlayasan gərək indiki zamanda, vallah, iki daşın arasından itir hər şey.
-
Mənim tavam da itib, - dedi Sənubər, - elə
sellofanın içindən götürüblər, günün günorta çağı, biz o biri xəndəyin yanında
işləyən vaxt, bapbalaca tavaydı da, köhnə, əyri, kimin nəyinə lazım olub,
bilmirəm.
-
Ay qız, metal kimi satırlar da, kiloyla çəkirlər,
verirlər adamlar var, onlara, görmürsənmi, maşın-maşın aparırlar İrana, orda da
deyir, velosiped düzəldirlər onlardan, həə, əridirlər dəə, - dedilər, - camaat
işıq məftillərini satır e, bu kənd o kəndinkini oğurlayır gecəylə, o kənd bu kəndin.
-
Yəqin elə bu pomidoru da kimdisə, başqa kənddən
gəlib aparıb, tək də olmayıb, adam gərək şir ürəyi yesin ki, Rəsulun ipinə
ilişsin, - əlavə elədilər, - vallah, bizim kənddə elə uşaq tapılmaz.
-
Neyləsin e camaat, aclıqdı da! – dedilər
sonra.
***
Qıpqırmızıydı
pomidorlar.
Yamyaşıl
tağların arasından tək-bir, cüt-bir boylanırdılar.
Göyün
üzündə sapsarı Günəş vardı, Yerin üzündə onlar idilər, savaş idi, sevgiləri
idi, ümidləri idi, bir də həyatlarının ən gözəl vaxtı.
Elə
bilirdilər, gün heç vaxt bitməyəcək...
15.
02. 2012.
10-05.
Lənkəran
Hiç yorum yok:
Yorum Gönder