Bu hekayətin Cerald Darellə heç bir dəxli yoxdur!
Bu gün Cırtdan öldü.
Siz onu tanımırsınız, bilirəm,
elə bilirsiniz ki, nənəsindən yağlı əppək alıb dostlarıyla meşəyə odun
axtarmağa gedən balaca oğlandan söhbət açmışam. Amma yox... itimdən danışıram -
buralarda hamının itindən daha balaca olan, hamının da “çubuş” deyib güldüyü
itimdən.
Onun adını özüm qoymuşdum.
Yadımdadır, ağ və açıq qəhvəyi
rənglərdən ibarət idi dərisinin ala-bulaları. Qulağının birisi ağdı, birisi qəhvəyi,
gözləri də elə gözəl idi ki!
- Yaxşı, adını nə qoyaq bunun? –
soruşmuşdu atam hamımızdan.
- Nə qoyacaqsan? Toplan qoy, qurtarsın
getsin də, pişik boydadı, Pələng qoymayacaqsan ki?! – babam deyinmişdi, - qabaq
itlər var idi eee!!!
- Pişik boydadı, Məstan qoy, həm pişik
bilərik, həm də itdi də, gəzər özüyçün, - nənəm bir əlini enli çit köynəyinin
yaxasından salıb döşünü ovxalaya-ovxalaya söylənmişdi, - həyətə mal-kəl girsə,
görək də, hürəcəkmi, qorxub qayıtsınlar?!
- Cek qoy, can! – anam gecikdiyi ailə məşvərətinə
bir əlində qazan, bir əlində sürtgəc özünü çatdıraraq təngnəfəs halda demişdi,
- Cek yaxşıdı, Ceek, bax, necə asandı!
- Sən də əl çək bu Cekindən də! – atam
qaşqabağını tökmüşdü, - qələt eləmədim it ilində bir “Titanik” kaseti aldım gətirdim
evə, beynimiz söküldü day daa!
- Özün bil, onda Mənzər qoy! – anam
atamın yaralı yerinə yerindəcə elə möhkəm toxunmuşdu ki, atamın təpəsindən
buğum-buğum tüstü qalxmışdı göyə.
- A bala, Mənzər day qocaldı, bu arvadın
əl çəkmədi səni ona qısqanmaqdan, - nənəm ovxaladığı döşünü nəhayət ki dartıb
köynəyinin yaxasından kənara çıxartmışdı, - oxxxaayyy, ölmüşdüm ki istidən! A
bala, burnuma yanıq iyi gəldi, bax, gör nə yanır, harda yanır, kəlləpaçadı e,
qoyun kösövlüyürlər deyəsən, uff... ürəyim çıxdı!
- Kəlləpaça deyil, oğlunun başıdı, -
babam mətbəxə qaçan anamın dalınca tüpürüb əlini pilləkən üstə qoyulmuş vedrəyə
atmış, içindəki suyu atamın tüstülənən başına əndərmişdi, atam “vayy!” deyə
qışqıranda, nənəm də bağırmışdı “ hayy!”
- Nədiii??? – babam key kimi baxmışdı
ikisinin də üzünə.
- Suyu çimmək üçün qoymuşdum günə, neylədin
sən? İndi məcbur olacam qazda qızdırım, ləzzət eləmir axı, xeyir işdi bəyəm əlindən
gəlsin? Uşağı da yandırıb qoydun! – nənəm döşünü cəld köynəyindən içəri
buraxıb, isti sudan qıpqırmızı pörtüb həyətin ortasındaca paltarlarını soyunub
tökən atamın başına fırlanmağa başlamışdı: “anan ölsün, a bala, anan ölsün,
yanan canına qurban olaram elə, tüstülənən təpənə quzu kəsərəm elə, kösövlənən
başına yanaram elə, caan, can ay bala! Başına dolanım sənin, başınaaa...”
- İhhhi, ihhhi, ihhhiii...- deyə
dolaşmışdı nənəmin ayaqlarına bapbalaca it balası.
- Cırtdandı e bu, balacadı, şirindi, bal
kimidi... – mən qaçıb qucaqlamışdım nənəmin ayaqlarına dolaşan balaca it
balasını, anamın, atamın, nənəmin, babamın mənə dedikləri bütün sözləri
demişdim ona bir-bir, “şokoladım, marmaladım, marojnam, konfetim, kotletim,
quzu balam, dovşan balam, kişi balam, eşşək balam, it balam”, Cırtdan balaca,
Cırtdaaan!
Beləcə, balaca it balasının
adı qalımışdı Cırtdan.
***
O vaxt mənim cəmi beş yaşım
var idi, girdə-mirdə, totuq-motuq uşaq idim, bir az da axsaq idim anadangəlmə.
Deyirdilər babama oxşamışam. Amma babamın nağılını bilirdim deyə, inanmırdım mənim
haqqımda deyiılən bu birisi nağıla. Bir ayağımı çəkməyim olsa-olsa anamın məni
körpə vaxtımdan düşmən balası boğurmuş kimi sıxıb suyumu çıxara-çıxara beşiyə
bağlamaqlarının nəticəsiydi. Yox, siz bir təsəvvür edin, sizdən hardasa ən
azından altı ya yeddi dəfə nəhəng bir bədəni olan qadın əl boyda bədəninizi
“hopp” deyə qaldırıb taxta yatağın içinə basır, altınızda cırılmış sellofan
torba qoyulub, ayaqlarınızı aralayıb cinsiyyət orqanınızı zorla tutub ağacdan
düzəldilmiş bir boru kimi nəyinsə içinə dürtür, sonra əski və sellofan torbanın
cırıqları ilə bircə barmağınızı belə tərpətməyə imkanınız olmayacaq dərəcədə
möhkəm sıxıb bağlayır, siz ağlayırsınız, o isə qollarınızı da bir-bir böyrünüzə
sıxıb pərçim edərək, daha bir uzun sarğı ilə bağlayır, sonra beşik adlanan bu əzab
yatağını dəli kimi sağa-sola yellədir, yellədir, başınız əməllicə gicəllənib ürəyiniz
bulananda da birdəncə yaxasını açıb başınızdan düz iki dəfə böyük məməsiylə
sonuncu qışqırıqlarınızı da boğur. Sonra isə...sonra isə siz, sadəcə, heydən
düşüb bayılırsınız...
Mənim dilim hələ açılmamışdı
deyə anamı heç cür anlada bilmədim ki, ayaqlarımın arasındakı ağacdan düzəldilmiş
borunun boynu simmetrik deyil və bir ayağım ta kökündən əyri qalmalı olur.
Beləcə də ilk addımlarımı
atmağa başlayanda bir ayağımı çəkəsi oldum.
Qarnımın pırtlamış, başımın
yastı, sinəmin çökük olması da beşik əzabından qalmadır.
Yoxsa ki, “ay bu babasına
oxşamış” deyə başımı-beynimi aparır babamın nağılını bilən də, bilməyən də...
***
Babamın nağılı isə belədir.
Demək, bir gün Faşist
Almaniyası adlı bir ölkə Sovet İttifaqı adlı bir ölkəyə hücum edir. Mənim babam
və nənəm də nə üçünsə həmin o Sovet İttifaqı adlanan ölkədə yaşayırmışlar o
zaman və babam cavan oğlan, nənəm də sütülcə qızmış.
Babamın iki qardaşını alıb
aparırlar ön cəbhəyə, üçcə aydan sonra birisinin qara kağızı, beşcə aydan da
sonra o birisinin itkin düşmək xəbəri gəlir.
Yeddicə aydan sonra isə
babamın döyüşə getmək növbəsi çatır və babam dalınca gəlmiş hərbi komissarlıq
işçilərinin yanında gah meymun səsi, gah ayı nərəsi, gah qurbağa yerişi, gah
kenquru hoppanışı edib özünü dəliliyə qoyur. Ağaca dırmaşır, çaya tullanır,
divara dırmanır, xülasə, oyun qalmır çıxartmasın. Bunu tutub aparırlar həkimə,
min yerindən yoxlayırlar, canı sağlam olsa da, ruhu xəstədir deyə, həm də həmin
vaxt babam qorxusundan tumanını batırmaq üzrəymiş, ayaqlarını bir-birinə
dolaşdıra-dolaşdıra gəzirmiş, “üstəlik də axsayır bir az” deyib, almanlarla
savaşa aparmağa layiq bilmirlər babamı, saxlayırlar kənddə mala-kələ baxmağa.
Babam da bir gözü malda, bir gözü kəldə, həmin o ölkələr arasındakı müharibə
bitənə qədər özünü, siz də məni bağışlayın, qoyur heyvanlığa. Sonra isə sağalıb
Sovet İttifaqının ucqar kəndlərinin birinə müəllim işləməyə gedir. Beləcə,
uzun-uzun illər boyunca babam ibtidai sinif müəllimi kimi əlinin altından
sinif-sinif uşaqlar ötürür orta məktəbin yuxarı sinif müəllimlərinə.
Xatırladım ki, babamın müəllimlik
fəaliyyəti Sovet İttifaqı adlı mənim heç vaxt görmədiyim bir ölkədə olub.
Azərbaycanda isə babam evə
qapanmış, namaz qılmağa başlamış, qonşu kəndlərdən yanına gələn böyüklü-kiçikli
adamlara Quran hərfləri öyrətmişdir.
Bütün bunları nəyə görə
danışırdım? Babamın axsaqlığından düşmüşdü söz...
Məsələ burasındadır ki, həmin
o Faşist Almaniyası adlı ölkə həmin o Sovet İttifaqı adlı ölkəyə hücum eləyəndə
babam, onu müharibəyə aparmaq üçün dalınca gəlmiş hərbi komissarlıq nümayəndələrinin
yanında nətəhər axsamağa başlamışdısa, elə həmin o gündən də bu yana eləcə
davam etmişdi axsamağına, bir də heç vaxt şax yeriməmişdi.
***
Həə, mənim beş yaşım vardı
Cırtdan adlı it balası bizə gələndə.
Həmişə islaq gəzirdim, heç
vaxt özümü anama vaxtında çatdırmırdım və yaxud da heç vaxt anam özünü mənə
vaxtında çatdırmırdı deyə, son çarəni şalvarlarımın, tumanlarımın ayaqlarının
arasında gipgirdə deşiklər açmaqda görmüşdülər. Bunu kim düşünmüşdü, bilmirəm,
çünki həmin ailə məşvərətində olmamışdım, olmuşdumsa da, yadımda qalmayacaq dərəcədə
balacaydım yəqin.
Yadımdadır, bir dəfə yenə evin
tən ortasını isladıb namaza oturmağa gələn babamın bağırtısından qorxaraq
qaçanda, yaş döşəmədə sürüşüb yıxılmış, bir ayağım ta ombadan çıxmışdı. Məni o
vaxt Mənzər adlı sınıqçı arvadın yanına aparmışdılar. Mənzər məndən, atam Mənzərdən,
anam isə atamdan gözlərini çəkə bilmədiyi dəqiqələrdə mən neçə dəfə bağırmış,
neçə dəfə bayılmışdım. Mənzər ombamı sarıdıqdan sonra bir də gələn həftə gəlməyimizi
tapşırmışdı. Gələn həftə getdiyimiz zaman sarğımı açıb məni yeritmiş,
axsadığımı görüb qaşlarını çatmış, məni yenidən döşəməyə yıxmış, gözünə əyri dəyən
qıçımı da ta ombamdan çəkib yerindən çıxartmış, yenidən düzünə qoyub taxtalarla
sıxaraq sarımış, məni evə bayılmış halda aparan anama daha bir həftədən sonra gəlməyi
tapşırmış, atamın ağarmış üzünə gülümsəmiş, ürəyində: “bax, səni də belə kökündən
qoparardım, “uf” deməzdim, canını alardım sənin beləcə, ölərdin-bayılardın
üstümə...alsaydın məni, axmaq!”- demişdi. Atam da həməncə, yerindəcə, ürəyinin
içindəcə cavabını vermişdi Mənzərin: “ Mən o kişilərdən deyiləm kökümdən
qoparasan, ərinə fikrin getməsin, ərin kişi deyil, kişi qırığıdı, Mənzər,
çaşma!”- söyləmişdi.
Mənzəri ağlamaq tutmuşdu, təəssüfündən
cızdağı çıxıb tökülmüşdü ayaqlarının altına, sürüm-sürüm sürüşmüşdü cızdağının
üstündə, az qalmışdı yıxılsın, əri Əşrəf yetişib tutmuşdu qolundan, atamdan:”
Salam, a kişi, noldu bu kişi qırığı, düzəlmək istəmir?” – soruşmuşdu məni göstərib.
Atam daha nə demişdi, bilmirəm, mən artıq anama yapışıb uyumaqdaydım çünki...
***
Növbəti həftə Mənzər omba
sarıqlarımı açıb məni yeridəndə atam da, anam da heyrətdən dəli olmuşdular.
Gözləri bərəlmiş, ağızları aralanmış, dilləri sallanmış, qaşları dartınmış, əlləri-qolları
heysiz düşərək insan dilində bircə kəlmə belə danışa bilməmiş, eləcə gah
zingildəyib, gah mırıldanıb, gah cüyüldəyib, gah cikkildəyib, gah da
donquldanıb Mənzəri anlatmağa çalışmışdılar ki, bu uşaq anadangəlmə axsaq idi
axı, sən keçən dəfə bunun çıxmış qıçını yerinə salıb, axsadığına görə elə
bilmisən ki, özün öz işində səhvə yol vermisən, bizə də heç nə demədən uşağın
sağlam, amma əyri qıçını da yerindən çıxartmısan, indi isə bu uşaq əməlli-başlı
yeriyir, düppədüz, şaxhaşax!
***
Mənzər atamdan haqq almadı, əvəzində
sonralar on iki yaşlı oğlu Aslanı babamın yanına, Quran hərflərini öyrətməyə
yolladı.
Hamı deyirdi ki, Aslan çox
şuluq uşaqdır, nə ipə yatır, nə sapa. Amma Aslan bizdə özünü olduqca sakit
aparırdı, babamın bir sözünü iki eləmirdi. Babamsa ona o qədər bağlanmışdı ki,
nəinki özünün on iki yaşından bu yana başına gələn və gəlməyən əhvalatları danışmışdı,
hətta yalnız nənəmin və atamın görməyə icazəsi olan butulka kolleksiyasını da
göstərmişdi. Bunu mənə Aslan özü danışmışdı sonralar:
- Orda nə qədər butulka vardı,
uy daa! Hər rəngdə, hər boyda, hər formada! Sənin baban onları ən çox sevdiyi
şagirdlərindən yadigar götürüb saxlayıb, bilirdin bunu? Orda hər butulkanın
içində həmin butulkanı babana bağışlayan şagirdin adı-soyadı, atasının adı və hədiyyənin
verildiyi günün tarixi yazılıb. Mənim anamın da adı vardı e! Belə sarı
butulkaydı, üstündə özündən naxışları da vardı, anam onunla düz bir il babana
su daşıyıbmış.
- Hara e? Quyuyaa? – mən
uşaq-uşaq soruşmuşdum, halbuki artıq yeddi yaşı adlamaqdaydım.
- Ayaqyoluna, qoyun!
- Niyəə? – mən
qoyun-qoyun soruşmuşdum...
- Hay! Allahu əkbər!
Haayyyy!!! – babam nənəmi çağırmışdı evin içindən. Pilləkəndə oturub bir əlində
milçəköldürən, bir əlində toyuqqovan ağac tutub mürgüləyən nənəm isə bircə
güllü çit tumanda, döşlərinin hərəsini qarnının bir tərəfinə sərib salladaraq
özünü günə verirdi.
Hə, sizə deməmişəm axı, babamla nənəm
bir-birlərinin adlarını heç vaxt çəkib çağırmazdılar,
onlara görə, ərin öz arvadını, arvadın da öz ərini adam içində adını çəkərək
çağırmağı dəhşətli bir ayıb idi.
- Hay! Toyuq dağıtdı aləmi,
karsaan? Get yumurtanı götür, haydı!
- Vuyy, bismillah!- nənəm
diksinib oyanmışdı, - namaz üstə də həşirdəsən e, qoymazsan dinc oturam, Allah
da deyir, namaz qılır kişi!
-Allahu əkbər!!!- babam əsəbi
halda deyinmişdi, - ay eşşəyin qızı, deyirəm yeri götür dəə yumurtanı, bilmirsən
ki, sən tərpənincə yoxa çıxacaq yenə? Bizə düşmüüür Allahın yumurtası daaa?
Babam anamı nəzərdə tuturdu,
anam yumurta dəlisiydi, toyuq qaqqıldadımı, qaçıb altından ipisti yumurtanı
götürür, həmən qırıb “qoqol-moqol” edir, bir qaşıq mənə verib qalanını çəkirdi
başına.
Nənəmlə babam hay-haylarındaykən,
bir də görmüşdük, Aslan qaçıb yumurtanı gətirib də. Babam həmən sakitləşib
namazının ikinci rükətinə keçmiş, nənəm yumurtanı ətəyinin altında gizlədib
mürgüsünə davam etmişdi.
Sonra hər gün babam namaza
oturan kimi toyuq qaqqıldayır, Aslan da qaçıb yumurtanı nənəmə gətirirdi.
- Bilirsən də, toyuq niyə
yumurtlayır, bilmirsən? Hardan biləsən e? Qoyunsan da!- deyib hırıldayardı
Aslan.
-De də, nolar, - mən ona
yalvarardım.
- Dalınca düş, izlə də, özün
görərsən, - daha çox hırıldayardı...
***
Bizim bircə çilli toyuğumuz,
bircə qırmızı xoruzumuz və bircə də ağ ördəyimiz vardı. Ağ ördək də
yumurtlayırdı, amma çilli toyuq kimi arsız-abırsız şivən salmırdı, adam balası
kimi sakitcə bir kolun dibində rahatlanıb gedirdi işinin dalınca. Hə, yeri gəlmişkən,
deməyi unutmayım ki, bizim qırmızı xoruz həm çilli toyuğa, həm də ağ ördəyə
kişilik edirdi. Bunu atam öz dostları üçün danışanda eşitmişdim. Dostları da
narahat olmuşdular ki, atam ağ ördəyi evdə erkəksiz saxlayıb günaha batır, mütləq
ona bir ər almalıdır. Atam elə həmin günün səhəri bazara qaçıb ağappaq bir erkək
ördək almışdı. Siz bizim ağ ördəyin nazını görəydiniz! Bir yanpörtü yeriyib
özünü erkəyinə yetirirdi ki, bütün ailəmiz tamaşasına dururdu. Amma iki gündən
sonra ağ erkək ördəyi bağın başında parçalanmış halda can verən görəndə məəttəl
qaldıq. Həyətə çaqqalmı girmişdi? Qurdmu? Tülkümü? Axı bu mümkün deyildi?!
Hündür daş hasarı hansı heyvan adlaya bilərdi ki?
Atam nəhayət ki ölən erkək ördəyi
bağdaca basdırandan sonra gedib daha bir ağ erkək ördək də aldı. Heç bilmədik,
bizim dişi ördəyimiz bu təzə ərinə nazlanmağa imkan tapdı, yoxsa yox, çünki bu
ördəyin də aqibəti əvvəlinki kimi oldu. Aman Allah! Ağ ördəyimiz gündən-günə
solur, sönür, həyatdan küsürdü. Atam bu dəfə gedib ona adi, yerli, qara-boz bir
erkək aldı gətirdi. Və ertəsi gün...
Ertəsi gün biz Cırtdanın bu
erkəyi bağın başına apararaq parçaladığının şahidi olduq. Hamımızın bir barmağı
ağzında qalmışdı.
Vay, vaay!!! Heç demə, Cırtdan
özünü tanıyandan bu yana kimliyini, daha doğrusu, itliyini heç cür bilə bilməmiş,
ömründə başqa bir itlə təması və ya görüşü olmayıbmış deyə, özünü gah ördək,
gah toyuq, gah xoruz kimi aparıbmış. Mən deyirəm axı, bu it niyə hərdən mən həyətdə
anamı çağıranda “ma-mma”, “ma-mma” kimi səslər çıxarırdı?! Zavallı Cırtdan!
Özünü it balası it olduğunu bilmədiyi, anlamadığı səbəbindən qırmızı xoruz kimi
hiss etmiş, son anda isə ağ ördəyə ərlik üçün alınan erkəkləri bir-bir
parçalamışdı.
Qısqanclıq!
Atam Cırtdanın ağ ördəklə
gizli sevdasını anladığı anda onu möhkəmcə təpikləyib hirslə həyətdən çıxmış və
axşam evə gələndə özü ilə gözləri hələ tam açılmamış balaca bir it küçüyü gətirmişdi.
Cırtdan düz bir gün dilinə heç
nə vurmadı, düz iki gün yerindən tərpənmədi, düz üç gün yatmadı...
Dördüncü gün isə atamın mənim
balaca toyumda kəsmək üçün aldığı qoyuna cıqqılıca mırıldanıb, onun mırıltısına
cumaraq zingildəyə-zingildəyə burnuna-başına sürtünməyə başlayan balaca küçüyü
dişlərinə alıb kənara tulladı və tənbəl-tənbəl bağın başına gedib uzandı.
***
Mənim balaca toyum olacaqdı.
Maraqdan ölürdüm ki, arvadım kim olar görəsən, xalam qızımı, əmim qızımı, yoxsa
qonşu qızlardan birisi?!
Toya bir həftə qalmış
arılarımız pöhrə verdi. Pətəkdən çıxan üsyançılar qapqara torba kimi mənim
qoyunumun başına keçmişdilər. Babam onları ehtiyatla yığıb ayrı yeşiyə qoyandan
sonra nənəmin həkimini çağırdı. Həkim qoyuna iki iynə vurub getdi və qoyun
yatdı. O yatan bir də sabah oyandı, dodaqları şişib parıldayırdı gün altda. İki
gündən sonra qoyunun gözləri sulanıb atamın toydan-qonaqlıqdan gəldiyi
vaxtlardakı gözlərinə bənzəməyə başladı. Elə bil, başı da hərlənirdi - elə eynən
atamınkı kimi.
Bir dəfə isə Aslanın da gözlərini
bu halda gördüm, həmin vaxt o, hamamın nəfəsliyindən içəri boylanırdı, özüm
gördüm, divara dırmaşıb ora baxırdı.
- Neynirsən orda? Sabunları oğurlama! –
qışqırmışdım.
- Ssss! – cəld yanıma cumub ağzımı
qapamışdı, - kimsəyə desən, dilini kəsərəm!
- Yaxşı... - mən dilimi udub gizlətmişdim
qorxumdan.
- A bala, Aslan, bax gör işıqlarımı kəsdilər?
Su motorunun səsi gəlmir e! – anam hamamdan səslənmişdi.
***
Toyuma iki gün qalmışdı.
Babam günorta namazını qılırdı
içəridə.
Nənəm özünü günə verirdi.
Toyuq evin arxasındakı hində
qaqqıldamağa başlamışdı.
Aslan yumurta dalınca getmişdi.
Aslan gec qayıtmışdı deyə, nənəm
də durub dalınca getmişdi.
Sonra nənəm güllü çit tumanını
başına çəkib bütün kəndə səslənmişdi:
- Haaaaaayyyyyyyyyyyyyyy!!!
...Həmin gün Mənzər Aslanı elə
döymüşdü ki, qıçı sınmışdı, sonralar nə illah elədilərsə də, Aslan bir də düz
yeriyə bilmədi, axsadı ki, axsadı...
Həmin gün anam atamın üzünə, nənəm
babamın gözünə dik baxa bilmirdi.
Həmin gün atam da, babam da səslərini
harasa dərincə soxuşdurub möhkəmcə gizlətmişdilər.
Həmin gün ağ ördəyimiz yenidən
qırmızı xoruzumuza yan almışdı, xoruz isə dimdikləyib bir gözünü çıxartmışdı
onun, ördək yanpörtü birtəhər yeriyir, hər iki-üç addımdan bir arxası üstə
yıxılıb qalırdı.
Həmin gün nənəm çilli
toyuğumuzu öz əlləri ilə öz ayaqlarının altına basıb, başını-bədənindən ayırdı.
Çilli toyuğun bədəni nənəmin ayaqları altda çırpınıb-çırpınıb dondu. Nənəm onu
bağın başında bir ağacın altında basdırdı.
Axşamüstü kəndin qəssabı gəldi,
toyuma alınmış qoyunu yerə yıxıb boğazını üzdü.
Qoyunun dodaqları qopub
düşmüşdü, dişləri arsız-abırsız girirdi adamın gözünə. Qoyun əməlli-başlı
gülürdü, əminəm...
***
Bu gün isə Cırtdan öldü.
Onu da çilli toyuğun yanında
basdırdılar.
Hamı deyir ki, Cırtdan xiffətdən
belə oldu, xəcalət öldürdü onu.
Atam həmən ailə məşvərəti
çağırdı:
- Yaxşı, adını nə qoyaq bunun?
– balaca it küçüyünü göstərib, hamımızdan soruşdu.
- Pələng qoy da, ağzında
deyirsən, çoban itidir, böyüsə, gör nə boyda olacaq! İtlər var eee dünyada! –
babam fikrini bildirdi.
- Yox bir, Aslan qoy! – nənəm
qeyri-iradi söyləndi və həmən andaca yerə tüpürdü.
- Bəlkə heç olmasa, bunun
adını qoyasan Cek? – anam paltar yumaq üçün toz qutusunun üstündəki yazıları
oxuya-oxuya mızıldandı, - can, bir dəfə mənim də dediyim olsun da, nolar...
- Axxx! – atam yumruğunu
düyünləsə də, son anda nə üçünsə birdən-birə anamla razılaşdı, - yaxşı! Olsun
Cek!
- Yoox! Cek olmasın! - mən irəli
çıxıb it küçüyünü tumarladım, - Şrek qoyaq adını, Şrek hamısından yaxşıdı,
hamısından güclüdü, hamısından böyükdü...
- İhhhi, ihhhi, ihhhiii... -
deyə ayaqlarıma dolaşırdı balaca it küçüyü. Qara və tünd qəhvəyi rənglərdən
ibarət idi dərisinin ala-bulaları. Qulağının birisi qaraydı, birisi qəhvəyi,
gözləri də elə gözəl idi ki!
Hiç yorum yok:
Yorum Gönder