16 Ağustos 2024 Cuma

Ev

 Yer illüminatorda,

Yer illüminatorda,

Yer illüminatorda... görünür.
Mətbəx stolunun bir qırağına qoyduğum noutbukun monitorundakı rus oğlan oxuyur bu mahnını, mən də ona qoşulub zümzümə edə-edə kartof qızardıram.
Küçədən səs-küy gəlir. Eyvana qaçıb təəccüblə aşağı boylanıram. Bir böyük dəstə adam, əllərində plakatlarla, ara məsafələrini qoruyub saxlamağa çalışa-çalışa yeriyirlər. Hamısı maska taxıb, heç birinin səsi eşidilmir. Səs-küy salanlar mənim kimi pəncərə və eyvanlardan boylananlar imiş.
- Həkimlərdir, hamısı da çöldə, bəs görəsən xəstələrə kim baxır?
- Avaralar! Gedin xəstələrinizə baxın! Bu gün nə qədər ölüm olub!
- Azalıb, çox şükür! Amma həkimlər küçələrə axışsa, avaralansa, çoxalacaq, əlbəttə!
- Bunlar nəyə etiraz edir görəsən?
- Nəyə edəcəklər? Xəstə çox, həkim az, dərman çatmır, heç çarpayı da çatdıra bilmirlər.
Bu son sözləri deyən mənim sağ divar qonşumdur. O özü də həkimdir, amma yaşı çox olduğuna görə təqaüdə çıxıb. Lakin deyəsən uzun illərin peşə sevgisi üstün gəlir.
- Yox. Mən belə qala bilmərəm, düşürəm aşağı. Ey, eheheyyy! – deyə bu yaşlı kişi aşağıdakı etirazçılara bağırır, - məni də gözləyin!
- Azer!
Sol divar qonşumun cingiltili səsini eşidirəm və ona sarı dönürəm, gülümsəyib başımla salamlayıram.
- Bəlkə musiqini söndürəsən, ölkədə matəmdir, xəbərin olsun!
- Nə?
- Matəm, matəm! – aşağıdan ahıl qadın başının ortasındakı keçəl yeri ilə dillənir sanki.
- Həə.
Həyəcanla içəri keçib noutbuka sarı gedirəm, lakin qazın üstündəki tavada yanıb qaralmış kartofların kəsif qoxusu və tüstü yolumu kəsir, dərhal odu söndürüb artıq heç nəyə yaramayacaq kartoflar olan tavanı kranın altına atıram, suyu üstünə buraxıram ki, daha tüstü və qoxu çıxmasın. Pəncərəni açıram və yenə də sol divar qonşumun cingiltili səsini eşidirəm:
- Azer, sən o musiqini kəsəcəksən ya yox?
- Bu dəqiqə! – mən noutbukdakı musiqi kanalından çıxıram və xəbər saytına baxıram. Gözlərimi monitordan çəkməyərək, masanın bir tərəfində eynəyimi tapıb taxıram: İspaniyada cəmi 235 mindən çox yoluxma, 27 minə qədər ölüm faktı... Azərbaycan xəbər saytlarından birini açıram, statistikanı oxuyuram: “Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 191 yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”.
Demək, yoluxma artıb. Artacaq da. Anam deyir ki, orada adamların demək olar ki tən yarısı qaydalara əməl eləmir, bütün dünya koronavirusun əlində aciz-avara qaldığı halda, dövlət əhalini qorumaq üçün əlindən gələni etdiyi halda, mənim ölkəmdə bir-birinə qonaq gedən kim, görüşüb-öpüşən kim, küçələrdə veyil-veyil gəzib-dolaşan kim...
Hirslənib siqaret yandırıram, eyvana çıxıram.
Adamlar yenə də aşağıda mitinqə çıxan tibb işçilərini müzakirə edirlər. Sağ divar qonşum da artıq küçədədir, maskasını taxıb, etirazçılara qoşulub, yumruğunu havada oynada-oynada onların dalınca gedir. Sol divar qonşuma baxıram, məni görüb üzünü yana çevirir, gülümsəyib başımı bulayıram və siqaretimi çəkməyə davam edirəm.
Bu gün mənim ad günümdür.
Ad günümdür və mən vətənimdən, evimdən uzaqda, ikinci ali təhsilimi almaq üçün gəldiyim İspaniyada, daha dəqiq desəm, Valensiyada ilk dəfə olaraq bu günü təklikdə keçirirəm. Karantin rejimi, üstəlik də koronavirusdan ölənlərə görə ölkədə on günlük matəm elanı imkan vermir ki, gedib çox sevdiyim, mənə Bakımı, Xəzərimi xatırladan sahildə doyunca gəzişim, evə gələndə də şirniyyat dükanından balaca keks alım, üstünə şam qoyub uzaqdan-uzağa anamla, uşaqlarımla, Dünyamla görüntülü danışım, məndən nigaran qalmasınlar. Düşünəndə ki, Bakıda da xüsusi karantin rejimidir və Dünya günlərlə evə gələ bilmir, anam iki balaca uşaqla dörd divarın içinə həbs olunub... Tüstüm təpəmdən çıxır.
Telefonu açıb Dünyaya zəng edirəm. Bir dəfə, iki dəfə... Cavab vermir.
Siqareti son dəfə sümürüb içəri keçirəm, külqabına basıb söndürürəm və noutbukun qarşısında otururam. Evi yığışdırıram...
Bir azdan isə dünyanın ən gözəl və ən ədalı qadını ilə üz-üzə dayanmış oluram.
- Can! Sənə qurban olaram! – deyir.
- Salam, ana, necəsən? Canın, başın, uşaqlar, Dünya...
- Salam, ata, ataaa! – qızım sevincək qışqırıb özünü anamın qucağına soxur, mənə baxıb ağız-burnunu əyir, gülür, - ata, bilirsən, nənə sənə tort bişirib!
- Ay qız, imkan versənə, saçın girdi ağzıma, - anam gülə-gülə birtəhər onun saçlarını kənara verib mənə baxır, - necəsən, sənə qurban? Biz hamımız yaxşıyıq. Dünya da işdədir, hələ gələ bilmir, ürəyimin bir yarısı onun yanında qalıb, o biri də sənin, başa düşürsən... Bircə Allah sizi hifz eləsin, heç nə istəmirəm. Sən qərib yerdə, o da burda odun-alovun içində...
- Ata, ananın üzünü görmüsən? Mən dünən telefonla danışanda gördüm, cızıq-cızıqdır, yaralı, - qızım ağrıyırmış kimi üzünü büzüşdürüb dodaqlarını sallayır, - ata, koronavirus olub anam?
- Yox, qızım, heç nə olmayıb, - mən onun fikrini yayındırmağa çalışıram, - bəs qaqaş hanı?
- Qaqaş ode, şəkil çəkir, - anam deyir və onu çağırır, - ay qaqaş, gəl, atan çağırır!
- Bir dəqiqə...
- Gəl dəə! – qızım nənəsinin qucağından düşüb onun yanına gedir, - qurtarmadın?
- Necədir orda vəziyyət? Çölə çıxmırsız, hə? Evə heç kim gəlmir ki? – həyəcanla anamdan soruşuram ki, uşaqlar yaxınlaşana qədər mənə dəqiq məlumatlar verə bilsin.
- Karantini yumşaldıblar, indi mən yaşda adamlar daha çölə çıxa bilirlər, amma mən hələ ki görürsən də... - anam az qalır gözünü süzdürə ki, bəs niyə mən ondan hələ də çölə çıxmamağı istəyirəm, - daha mesajla icazə də yığışdı, inşallah, getdi bu virus işinin dalınca.
- Ana, bax, nə olur-olsun, ehtiyatlı ol, eşidirsən? İndi bir az özünüzü sıxın ki, sonra arxayın gəzə biləsiniz, sən də, uşaqlar da. Evin yanında, məhəllədə hava alın, amma qonaq getmək, qonaq qəbul eləmək, uzaq parklara getmək lazım deyil.
- Ay bala, - anam başını bulayıb istehzayla gülümsəyir, - mənə də yox da. Uşağam mən sizin üçün? Mən guya bilmirəm ki, virus filan boş şeydi? Qripdi də, qripin ayrı forması. Görmürsənmi, hamı deyir ki, çipdi-nədi, ondan eləmək üçün dünyanı salıblar bu lova, masonlardı, nədi...
- Ana, bu nə deməkdir, yenə başladın...
- Mən başlamıram ki, ode, dünən qonşumuz balkonda deyirdi, kiminsə bacısının xalasıgilin qonşuları deyib ki, heç bir virus yoxdur, ölənlər də heç...
- Ana, ayıbdır, sən allah belə şeylər demə, bu cəfəngiyyatı kim uydurur, kim deyir, sən demə, heç olmasa! Ən azından, Dünyaya görə ayıbdır axı!
- Yox e, Dünyaya nə deyirəm ki mən? Başa düşürsən...
- Ana, xahiş eləyirəm...- mən min dəfə eşitdiyim nağılı bir də anamdan eşidib səbrsiz halda uşaqlar tərəfə baxıram, - hanı bunlar, noldu qaqaş?
- Uşaqlar da qalıb havasız, adamsız, bir azdan qəfəs meymunu kimi olacağıq, - anam deyinə-deyinə ayağa durub mətbəxə sarı gedir.
- Ata, baaax! – oğlum yaxınlaşıb əlindəki rəsmi mənə göstərir, - sənin ad günün üçün çəkmişəm, hədiyyə!
- Mən də o biri ad günündə çəkəcəyəm, - qızım çoxbilmişlik edib qardaşının böyrünə soxulur.
- Ay maşallah! – sevincək rəsmə baxıram, - nədi bu, Yer kürəsi?
- Ahaa, düz tapdın! – oğlum sevinir və qızıma sarı dönür, - gördün? Sən isə deyirsən koronavirusdu!
- Koronavirusdu! – qızım qaşlarını çatıb israr edir.
- Yer kürəsidir, atam dərhal bildi, – oğlum da israrla təkrar edir və mənə çönür, - amma hələ hazır deyil, əsas yerləri qalıb.
- Hazır olan kimi şəklini çəkib mənə göndərəsən, yaxşımı?
- Yaxşı!
- Gəlin, tort üfürün! – anam əlindəki tortu kompüterin qabağına qoyub üstünə sancılmış şamı yandırır, - bu dəfə rəqəm ala bilmədim, çıxmıram, bilirsən.
- Nə gözəl tortdu, ana, çox sağ ol, əllərin var olsun!
- Sən var ol!
Sonra biz hamımız arzu tuturuq və mən monitordan, onlar da o tərəfdən şamın odunu üfürüb söndürürük.
Soruşmuram, amma əminəm ki, bu dəqiqə “kim ürəyində hansı arzunu tutdu?” deyə soruşsam, eyni cavabı eşidərəm:”koronavirus bitsin”.
Çünki özüm də bunu arzulamışdım...
Sonra onların başı tort yeməyə qarışır, mən də sağollaşıb acdığımı hiss edirəm. Tavanı yuyub yığışdırıram, rəfdən qazan götürüb içinə su doldururam və qazın üstünə qoyaraq, əlimi digər rəfdəki makaron qutusuna uzadıram.
Bir azdan boşqabımda əsl italyansayağı spagetti buğlanır və mən onu acılı ketçupla qarışdırıb ləzzətlə yeyirəm.
Dünyaya zəng edirəm, yenə də cavab olmur.
Zəngli saatı on iki tamama qurub yatıram və bir də aramsız taqqıltı səsinə oyanıram.
Qapı döyülür.
Təəccüblə saata baxıb, gecə birin yarısı olduğunu görürəm, gözlərimi ovuşdura-ovuşdura dəhlizə keçirəm.
- Kimdir?
- Azer... – astadan cingiltili səs gəlir.
- Mariya?
- Mənəm. Aç, xahiş edirəm.
Qapını ehtiyatla aralayıram və qız dərhal içəri keçib boynuma sarılır.
- Azer... Azer... – təkrar-təkrar adımı pıçıldayıb boynumu, üzümü, sinəmi öpür, - qorxuram mən, qorxuram, dəli oluram qorxudan, başa düşürsən? Qorxuram...
- Mariya, get...- onu özümdən atyırmağa çalışsam da alınmır, qız üstümə hopub sanki.
- Niyə məni itələyirsən? Qorxursan ki, xəstə olaram? Məndə virus yoxdur, yoxdur, başa düşürsən? Mən axı çıxmıram heç yerə, çıxmıram...başa düşürsən? Azer...
- Mariya, get!
- Mən heç yerə gedən deyiləm... deyiləm... axı niyə itələyirsən? Virus yoxdur məndə, inan, yoxdur...
- Məndə var, - soyuq səslə deyib üzümü yana çevirirəm.
- Nə? – deyəsən onun səsi, nəfəsi, ürəyi, nəbzi, hər şeyi donur bir anlıq.
- Get.
Mən onun ani şok vəziyyətindən istifadə edib ehmalca qapıdan çölə ötürürəm, dərhal da qapını açarlayıram. Düz iki saniyədən sonra o mənim qapımı təpikləyir, yumruqlayır, səsi bütün binaya yayılacaq dərəcədə ucadan bağırır:
- Həkim çağıracağam indi! Polis çağıracağam! Məni yoluxdurdun! Axmaq! Vicdansız! Kötüyün biri!
Heç bir reaksiya vermirəm.
Onun tez-tez içkili vəziyyətdə bütün qapılarda belə hay-küy salmasına alışmış qonşulardan bir-ikisi çölə çıxıb üstünə bağırır, polis çağıracağı ilə hədələyir və Mariya sakitləşib yoxa çıxır.
Vanna otağına keçib üzümə soyuq su vururam və sanki unutduğum nəyisə xatırlamağa çalışıram. Deyəsən yuxudan tam ayıla bilmirəm. Və birdən...
Dünya!
İlahi, mən onu necə unuda bilmişdim? Zəngli saata da oyanmamışam!
Telefonu açıb baxıram, düz yeddi dəfə zəng edib. Üç görüntülü, dörd adi. Görünür, zənglərinə cavab almadığını görüb mesaj göndərməyi qərara alıb: “Ad günün mübarək!”
Dərhal ona zəng edirəm, görüntülü.
Haçandan-haçana kameranı açmadan, yorğun, yuxulu səslə “alo” deyir.
- Dünya! Dünya, aç kameranı.
- Gecdir, xahiş edirəm, belə danışaq. Təbrik eləyirəm səni, gələn ad gününü, inşallah...
- Dünya, kameranı aç!
- Azər, xahiş edirəm, yatırdım mən, bilirsən necə yorğun oluram, burda bu gün iki ölüm hadisəsi...
- Dünya, aç...
- Yaxşı...
Və saniyələr keçir... Sonra dəqiqələr keçir... Başa düşürəm ki, yatmaq üçün soyunubmuş, indi yenidən geyinir, onu görməyimi istəmir.
- Dünya! – az qala bağırıram, - hardasan sən, neynirsən?
- Gəldim.
Və mən onu görürəm. Tez-tələsik əyninə keçirdiyi geyimlərin, papağın, maskanın arasından bir cüt yorğun göz mənə baxır... Hər gün ən ağır xəstələri görən, ən dəhşətli vəziyyətlərlə qarşılaşan, ən qorxulu ölümləri izləyən bir cüt doğma göz... Vahimə hopub onlara, dəhşət hopub, həm də indiyədək heç görmədiyim güc, qətiyyət, soyuqqanlılıq hopub. Birdən mənə elə gəlir ki, bu gözlər bundan sonra bir də nə ağlaya bilər, nə gülə bilər, eləcə donuq, soyuq, bərəlmiş halda vahimə saçar hər yerə...
Aradakı gərginliyi azaltmaq üçün ikimiz də ağzımıza nə gəlsə danışmağa başlayırıq.
- Necə keçdi ad günün? Yeməyin-içməyin, tortun vardı?
- Hə, hər şeyim var, narahat olma. Hələ uşaqlarla da tort üfürmüşəm.
- Dedilər, bayaq danışdıq. Tural sənə hədiyyə hazırlamışdı.
- Bilirəm, Ləman da deyəsən qısqanırdı, dedi mən gələn il çəkəcəyəm, - deyirəm və telefonuma baxıram, - bude, göndəribmiş şəkli.
- Mənə də göndərib, - deyir.
Oğlumun göndərdiyi şəklə baxıram. Üstündə xırda qırmızı taclar olan Yer kürəsidir, tacların arasında bitib cücərən tumurcuqlu, xırda çiçəkli budaqlardır, sol tərəfdə yuxarıda balaca pəncərə var, orada iki uşaq görünür, deyəsən özünü və bacısını çəkib, kürənin üstündə isə qırmızı kirəmitli dam örtüyü var...
“Ev” adlandırıb rəsmi, təzə öyrəndiyi hərfləri əyri-üyrü yazaraq...
- Orada vəziyyət çox pisdir, hə? – Dünya məni rəsmdən ayırır, - Mən imkan olan kimi xəbərlərə baxıram.
- İndi yaxşılığa doğru gedir. Amma itki çox oldu, on günlük matəm elan eləyiblər.
- Bilirəm, oxudum. Həkimlər də...
- Gəl sənə gülməli şey danışım, eynimiz açılsın.
- Yaxşı.
- Demək, buradakı otellərin birində əməlli-başlı fahişəxana varmış. Koronavirus öz aləmində, otel də öz aləmində fəaliyyətdə, təsəvvür elə. Bir gün də qızlardan birinin halı pisləşib, yoxlayıblar, məlum olub ki, koronavirusa yoluxub. Vəssalam da. Bütün oteli polislər basıb, karantin, ən ağırından. Nə otelin işçilərini, nə fahişələri, nə də ora gələn müştəriləri çölə buraxmayıblar. İndi sən o kişilərin və onların evdəki arvadlarının vəziyyətini təsəvvür elə...
- Təsəvvür edirəm, - Dünya başını buladı.
- Düzdür, elə də gülməli olmadı...
- Düzdür...
Daha dözə bilmirəm, özümü saxlaya da bilmirəm...
- Aç üzünü, üzünü görmək istəyirəm, - deyirəm.
- Nə? Niyə? – karıxmış baxışlarını üzümə dikir.
- Üzünü görüm...
- Yox, olmaz, mən aça bilmərəm, mən indi palataya gedəcəyəm, başa düşürsən...
- Axı nədir bu “başa düşürsən” kəlməsi, hə? Elə bil hamı sözləşib bir-biriylə... Yox, başa düşmürəm, başa düşmək istəmirəm... Ay qız, deyirəm, aç üzünü, üzünü görmək istəyirəm, aç.
- Azər, yox!
- Aç!
Deyəsən o mənim qəfil sərtliyimdən qorxur, təpədən dırnağa bürünmüş Dünya birdən gözlərini də qapayır və mən qarşımda bütün Yer kürəsinin ruhunun rəsmini görmüş oluram: soyuq, qorxu dolu qeyri-müəyyənliyə bürünmüş planetimiz, evimiz, evimizdəki vahimə... Gözləmə halı... Ölümü gözləmə halı, ölümdən xilası gözləmə halı, ümid görməyi gözləmə halı, ümidsizliyə qapılmaqdan qorxmağı gözləmə halı, vahimədən can qurtarmağı gözləmə halı... Və yorğunluq, yorğunluq, yorğunluq...
Sonra o papağını çıxarıb kənara atır, ardınca üzündəki maskanı açır. İlahi... Onun alnında, burnunun üstündə, gözlərinin altında, yanaqları boyunca o dərin, qara-qırmızı izləri görmək necə də dözülməzdir...
- Canım... Gözəlim... – pıçıldayıram ixtiyarsız, gözlərimdən axan yaş damlalarının yanaqlarım boyu axdığını hiss edirəm...
- Səni sevirəm... - gözlərini açmadan pıçıldayır, göz yaşları qara-qırmızı izlərin çöküyünə dolub oradan aşağı yayılır...
- Hər şey yaxşı olacaq, inan... – deyirəm.
- İnanıram... – deyir.
29.05.2020.

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...