Tez-tez eşidirik bu məsəli: “Danışmaq gümüşdürsə, susmaq qızıldır”. Adətən, bunu nisbətən yaşlı adamlar özlərindən yaşca xeyli kiçik olanlara tövsiyə kimi deyirlər. Lakin ətrafımıza, həyatımız boyu rastlaşdığımız, oxuyub eşitdiyimiz hadisələrə xəyalən nəzər yetirdikcə anlayırıq ki, susmaq heç də həmişə qızıl deyilmiş. Elə məqamlar var ki, o məqamlarda mütləq danışmalısan...
Bu
hekayəmizin qəhrəmanları da müasir dövrümüzün məktəblərinin birinin müəllimi və
şagirdləridir.
Asəf
məktəbin ən ipə-sapa yatmayan şagirdi idi. Nə sinif yoldaşları ilə
qaynayıb-qarışırdı, nə dərslərdə daim iştirak edirdi, nə də kitab-dəftər
gəzdirirdi. Özü kimi bir neçə dostu da vardı. Səhər evlərindən çıxıb məktəbə
gəlir, sonra burada birləşib yaxınlıqdakı parka yollanır, orada ta dərslər
bitənə qədər hay-küylə oynayır, hərdən də ağacların dibinə çəkilib siqaret
çəkirdilər. Məktəb nəzarətçisinin gözündən yayına bilmədikləri günlərdə isə
mərtəbələr arasında boş-bekar gəzib-dolaşır, gah da pilləkənlərin altında pusqu
qurub başqa şagirdlərə söz atır, qorxudub onlara su, yemək almağa məcbur
edirdilər. Nə direktoru, nə dərs hissə müdirlərini, nə digər müəllimləri dinləyir,
dəfələrlə müəllimlər otağına gətirilib xəbərdarlıqlar, danlaqlar eşitsələr də,
oranı tərk edəndən dərhal sonra yenə də əvvəlki hallarına qayıdırdılar.
Valideynləri məktəbə çağırmaq da fayda vermirdi, çünki onlar da başlarını
çarəsizcə bulayıb eyni şikayəti edir, nəyinsə dəyişəcəyini məktəbdən
gözləyirdilər. Həmin “nəsə” isə dəyişmirdi... Ta ki Nərminə müəllimənin
gəlişinə qədər.
Nərminə
müəllimə bu məktəbə Ədəbiyyat müəllimi kimi gəlmişdi. Direktor isə Asəfgilin
oxuduğu 9-cu sinfin rəhbərliyini yeni gələn bu müəlliməyə həvalə edib, ayrı müəllimlərin
yaxın düşmək istəmədiyi vəzifəni tapşırmağa adam tapdığı üçün sevinmişdi.
Nərminə müəllimə məktəb direktoru Mirzə müəllimlə birlikdə sinfə ilk dəfə daxil
olduğu gün təəccübündən nə edəcəyini sanki bir anlıq unutmuşdu. Qapısının
dəstəyi qırılmış, pəncərə şüşələri sınmış, hər yerinə kağız, yemək qalığı
səpələnmiş sinifdəki partaların arxasında cəmi üç şagird vardı: nə barədəsə
qızğın söhbətə başları qarışımış iki qız və telefonundakı oyuna qapılıb ətrafda
nə baş verdiyini hiss etməyən oğlan.
- Salam,
uşaqlar! – deyə direktor sərt baxışlarla uşaqları süzüb ucadan demişdi, - hanı
bəs qalanları?
Uşaqlar
cəld ayağa qalxıb direktorun salamını almışdılar. Qızlardan biri isə digər
uşaqların məktəbə gəldiklərini, lakin “haralardasa buralarda” olduqlarını
söyləmişdi. Direktor başını bulayıb əsəbi halda pəncərəyə sarı getmiş, məktəbin
həyətindəki ağacların altında toplaşıb qızğın mübahisə edən şagirdləri
səsləmişdi:
- Gəlin
görüm bura! Tez olun!
Bir azdan
sinfə daha beş nəfər daxil olmuşdu. Direktor Nərminə müəlliməni onlara təqdim
edib, yeni sinif rəhbərlərini incitməməyi dönə-dönə tapşırmış və sonra
müəlliməyə uğurlar diləyərək çıxmışdı.
Nərminə
müəllimə artıq çətin bir siniflə üz-üzə dayandığını anlamışdı. Bu, onu
qorxutmurdu, çünki əvvəlllər işlədiyi məktəbdə də belə siniflər görmüş, ən
çətin şagirdlərlə dil tapmağı bacarmışdı. Demək, bu dəfə də onu maraqlı və
qalib gəlməli olduğu sınaq gözləyirdi. Sinifdə olan şagirdlərlə tanışlıqdan
sonra hər kəsin ev telefon nömrəsini dəftərə qeyd edib, ədəbiyyatın, mütaliənin
insan həyatındakı önəmli rolundan danışdı. Dərsin sonunda evə tapşırıq
verməyib, sadəcə, hər kəsin sabah bir nəfər kimi məktəbə gəlməsini xahiş etdi.
- Sizə
sürprizim olacaq! – dedi, - əgər hamı gəlsə!
Onun
tələb yox, məhz xahiş etməsi, üzündəki xəfif təbəssümü şagirdləri bir qədər
çaşdırmışdı. Onlar təəccüblə bir-birlərinə baxıb gülümsəyir, maraqla müəlliməni
süzürdülər. Baxışları ilə sanki “bu necə müəllimdir, başqaları üstümüzə
qışqırır, dinləyən yoxdur, gülümsəməklə, xahiş etməklə kim sözəbaxan olar ki?”
deyirdilər...
Dərsin
sonunda isə müəllimənin özünü sürpriz gözləyirdi. Zəng vurulan anda sinfin
qapısı açılmış, Asəf və dostları hay-küylə içəri girmiş, ilk dəfə gördükləri
müəlliməyə ani maraqla baxıb başlarıyla salam vermiş və gülə-gülə, heç bir
icazə almadan yerlərinə keçmişdilər. Asəfin əlində təsbeh vardı, partasına
tərəf getdiyi zaman isə şalvarının cibində qatlama bıçağın konturları
açıq-aşkar bilinirdi. Onun dostlarından birinin əlində telefon açıq idi və
bayağı bir ara müğənnisi mahnı adına nəsə oxuyurdu. Nərminə müəllimə təmkinlə
hamının oturmasını gözləyəndən sonra bir daha üzünü sinfə tutdu:
- Sabah
hamınız dərsdə olun. Bütün sinif.
Müəllimlər
otağında hamı Nərminə müəlliməyə maraqla baxır, bəziləri sanki onun halına acıyırmış
kimi köks ötürür, mənalı-mənalı gülümsəyirdi. Ertəsi gün sinfin yarısı dərsə
gəlmişdi. Nərminə müəllimənin öz dərsi olmasa da, gəlib maraqlanmış, bir daha
sabah hamının gəlməsini tapşırıb getmişdi. Bu hal həmin həftənin sonuna qədər
davam etmişdi. Şagirdlər sanki öz aralarında gizli bir növbələşmə sistemi
qurmuşdular, o sistemə uyğun da davranır, dərslərə gəlmirdilər. Sanki onların
özləri üçün qurduğu bir ayrıca davamiyyət cədvəli vardı ki, ancaq onun
qaydalarına əməl edirdilər. Nərminə müəllimə gəlməyənlərin adını hər gün qeyd
dəftərçəsinə yazırdı. Həftənin sonuncu günündə Nərminə müəllimə şagirdlərin ev
telefon nömrələrini bir-bir yığdı və valideynlərdən uşaqları dərsə
göndərmələrini xahiş etdi. Əksər valideynlər bu zəngə görə təəccübləndilər, uşaqlarını
hər gün dərsə yola saldıqlarını dedilər.
-
Bilirəm, inanıram, sadəcə, xahiş edirəm, birinci gün mütləq məktəbə gəlsin, bir
həftədən sonra isə valideyn iclasımız olacaq, mən hamınıza dəvətnamə
göndərəcəyəm, - deyə Nərminə müəllimə valideynlərə bir-bir eyni sözləri
söylədi.
Həftənin
birinci günü ilk dərs ədəbiyyat idi. Nərminə müəllimə sinif jurnalındakı
siyahıdan şagirdlərin adlarını çəkdikcə, onlar əl qaldırıb “burada” deyirdilər.
Asəf və dostları yenə də dərsə gəlməmişdilər. Uşaqlar onların məktəbin
yaxınlığındakı parkda olduqlarını söylədilər. Daha sonra onlar bir-bir
ürəklənib Asəfin, onun dalınca düşüb az qala hər etdiyini təkrarlayan
dostlarının barəsində danışmağa başladılar. Asəf cibində bıçaq gəzdirir,
siqaret çəkir, özündən kiçik məktəblilərin gündəlik xərcliklərini alıb, onları
ac qalmağa vadar edir, hətta, məktəbin yuxarı sinif şagirdlərinə belə
hədə-qorxu gəlib idarə edə bilirmiş. Məktəb direktorunun bütün
xəbərdarlıqlarına, töhmətlərinə nə özü, nə də dostları ciddi baxır, hətta, söz
düşəndə ələ salırmış.
Nərminə
müəllimə uşaqlara öz sinif yoldaşları barəsində onlar burada yoxkən bu cür
danışmağın yaxşı olmadığını bildirdikdən sonra yeni dərsdən bəhs etdi. Bu gün
o, Mikayıl Müşfiq haqqında danışırdı. Cəmi 29 il yaşayan repressiya qurbanı bu
gözəl şairimizin həyatından, yaradıcılığından danışdıqca uşaqların onu necə
maraqla dinlədiyini görür, sevinirdi.
Nərminə
müəllimənin bir gözü pəncərədə idi. Buradan parkın bir hissəsi görünürdü,
Asəflə dostları isə orada səs-küylə gəzişir, əl-qol ata-ata mübahisə edirmiş
kimi nəsə danışırdılar. Nərminə müəllimə dərsin sonunda çantasından bir topa
bilet çıxarıb şagirdlərin partalarının üstünə düzdü. Bunlar şənbə günü teatrda
nümayiş etdiriləcək tamaşanın biletləri idi. Tamaşa Mikayıl Müşfiqə həsr
olunmuşdu.
-
Asəfgili görən olsa, desin ki, onların biletləri də məndədir, istədikləri vaxt
gəlib ala bilərlər.
- Asəfgil
və teatr? – az qala bütün uşaqlar səs-səsə verib gülüşdülər, - o biletlər
batdı, müəllimə!
- Siz
yenə də deyin, - deyə müəllimə əlindəki bir neçə bileti havada hər kəsə
göstərib çantasına qoydu.
Pəncərədən
görünən parkın bir hissəsində isə Asəflə dostları kimlərləsə dalaşırdılar.
Nərminə müəllimə həyəcanla sinifdən çıxıb parka tərəf getdi. Zənnində
yanılmamışdı; bir dəstə yaşca da, bədəncə də böyük gənc Asəfgili döyürdü.
Nərminə müəllimə ətrafa boylandı ki, bəlkə kimisə köməyə çağıra bilə, lakin
yaxınlıqda kimsə yox idi. Gənclərdən ikisi Asəfi yerə yıxıb təpikləyirdi.
Nərminə müəllimə düşünmədən onların arasına girib Asəfi müdafiə etməyə çalışdı.
- Çəkil!
– deyə birinin qolundan tutub digərini də Asəfdən uzağa itələdi, bir gözüylə də
uzaqda görünən adamları görüb ürəkləndi, - bəsdir! Bu dəqiqə polis çağıracam!
Kömək edin! Kömək edin!
Gənclər
ilk anlarda nə baş verdiyini anlamayıb, karıxıb qaldılar, sonra isə adamların
gəldiyini görüb qaçdılar. Asəfin də, onunla birlikdə yerdə yıxılıb qalan digər
uşaqların da üz-gözü qanamış, əyin-başı toz-torpağa bulaşmışdı. Onlar
müəllimələrini görüb utandılar, birtəhər ayağa qalxıb onları sorğu-suala tutan,
zədəli olub-olmadıqlarını yoxlayan adamlara baxmağa çəkinə-çəkinə “Heç nə
olmayıb, hər şey qaydasındadır” dedilər.
- Gəlin
məktəbə! – Nərminə müəllimə uşaqları məktəbə çağırdı.
Dostları
narazılıqla müəllimənin dalınca baxıb, üzlərini Asəfə tutdular ki, onun nə
qərar verəcəyinə görə hərəkət etsinlər. Asəf üst-başının tozunu çırpıb
dinməz-söyləməz müəllimənin ardınca addımlayanda isə onlar səssiz-səmirsiz
eynisini etdilər. Sinfə daxil olduqları zaman orada oturmuş sinif yoldaşları
təəccüblə onların halını izləyib suallar yağdırmağa başlasalar da, Nərminə
müəllimə hamını sakitləşdirib, Asəfi və dostlarına oturmağı tapşırıb, dərsi
keçməyə başladı...
Həmin gün
hamı evə getsə də, iki nəfər sinifdə üz-üzə oturub söhbət edirdi. Biri Nərminə
müəllimə idi, o biri isə Asəf...
– Atam
bizi atıb gedəndə beş yaşım vardı. Anam balaca qardaşımla məni çox böyük
əziyyətlə böyütməyə məcbur oldu. Ali təhsili olmadığına görə iş tapa bilmirdi,
sonra bir idarəyə xadimə düzəldi. Elə biz də ovaxtdan nəzarətsiz qaldıq. Daha
doğrusu, mən. Anam səhərdən axşama işdə olurdu deyə, ac da qaldım, özbaşına
küçəyə də çıxdım, dərsdən də qaçdım. Müəllimlərim də bezdi, məktəb yoldaşlarım
da. Mənimlə ancaq özüm kimi nəzarətsiz, problemli uşaqlar dostluq elədi. O
dostlarım var ha, müəllimə, mənimlə ömür boyu odun içinə də girəcəklər, hər cür
çətinliyə də dözəcəklər. Amma mənə nə olursa olsun, qardaşımın təhsil alması
üçün hər şey edəcəyəm. Ona lazım olan dəftər-qələmi, kitabları tapıram, hər
axşam yanında oturub dərslərini hazırlamağa məcbur edirəm. İstəmirəm mənim kimi
olsun. Yaxşı ki mənim kimi avara deyil, məktəbin ən nümunəvi şagirdlərindəndir.
-
İstəmirsən sənin kimi olsun? Yəni, sən özünün necə olduğunu düşünürsən, Asəf?
Nərminə
müəllimənin bu qəfil sualı Asəfi karıxdırdı. Oğlan nə deyəcəyini bilmədən gah
başını aşağı salıb nəsə düşündü, gah nəzərlərini sinfin bir küncünə dikib
qaldı.
- Sən
necəsən, Asəf? İstəyirəm bu sualıma düşünüb cavab verəsən. Gözləyirəm. Buyur,
düşün, de.
-
Bilmirsiniz, müəllimə? – Asəf kinayəli təbəssümlə ani olaraq müəlliməsinin
üzünə baxsa da, yenə gözlərini kənara qaçırtdı, - bilmirsinizsə, məktəbdə
hamıdan soruşun, onlar deyəcəklər.
- Mən
hamıdan soruşmaq istəmirəm. Mənə onların səni necə gördükləri maraqlı deyil bu
dəqiqə. Mənə maraqlı olan odur ki, sən özün özünü necə görürsən? Asəf başını
aşağı salıb susdu. Onun gözləri dolmuşdu. Nərminə müəllimə astaca dörd kəlmə
dedi:
- Sən
yaxşı oğlansan, Asəf.
Asəf
eşitdiyinə inanmayıb təəccüblə müəllimənin üzünə baxdı.
-
Yaxşıyam? Siz nə danışırsınız? Bu sözləri mənə hələ heç kim deməyib, başa
düşürsünüz? Heç kim. Heç anam da. Hətta, o da məndən hamıya şikayət edir, çünki
hamı da məndən ona şikayət edir. Ətrafda baş verən oğurluqları da, davaları da
mənim boynuma atırlar. Bayaq parkdakı oğlanlar da buna görə bizi döyürdülər,
müəllimə. Məhəllə futbolu vaxtı geyinmə otağında nələrisə oğurlanıb deyə,
bizdən bilmişdilər, inandıra da bilmədik. Çünki polisə şikayət edəcəklərini
deyirdilər.
- Mən bu
məsələdə sizə bacardığım qədər kömək edəcəyəm. Yanınızda olacağam.
- Necə
yəni? Siz bizə inanırsınız, hə? Polisə də belə deyəcəksiniz? – Asəfin gözləri
sevincdən parıldayırdı.
-
Əlbəttə, mən sənə inanıram. Amma gərək sən də, dostların da bundan sonra mənim
yanımda olasınız.
- Sizin
yanınızda?
- Bəli.
Hər gün dərsə gəlməlisiniz, məktəbə dərs adıyla gəlib sonra parka, küçəyə
çıxan, vaxtını boş keçirən məktəblilərə nəzarət edəsiniz, problemi olan varsa,
öyrənib mənə deyəsiniz. Axı diqqətə, köməyə ehtiyacı olan təkcə sənin balaca
qardaşın deyil, onun kimi uşaqların hamısına eyni münasibəti göstərməlisən.
- Düzdür,
elədir... – Asəf təsdiqlədi.
O gündən
sonra Asəf də, onun dostları da hər gün məktəbə gəlir, dərslərdə iştirak edir,
özlərindən böyüklərə hörmətlə, kiçiklərə qayğıyla yanaşırdılar. Əvvəllər
müəllimlər də, digər məktəblilər də bu hala çox təəccüblənmişdilər, hətta, yenə
Asəfdən, dostlarından çəkinənlər, onlara kobud söz atıb, sanki qəsdən davaya
çəkirmiş kimi davrananlar olurdu. Lakin günlər keçdikcə, hamı bu uşaqları
normal qəbul edib sevməyə başladı. Bu sevginin isə tək səbəbi Nərminə
müəllimənin Asəfə söylədiyi sehrli kəlmələr idi: “Sən yaxşısan, sənə inanıram,
sənin yanındayam...”
Növbəti
dərs ilinin ilk günündə isə Asəflə dostları gül buketi ilə Nərminə müəlliməni
qarşıladılar.
- Sizinlə
sağollaşmağa gəlmişik, müəllimə! – Asəf hamının adından gülləri müəlliməyə
təqdim edib dedi.
-
Sağollaşmağa? Niyə?
– Biz
Peşə Kollecinə qəbul olduq. Orada həm oxuyacağıq, həm də sənət öyrənəcəyik. Siz
olmasaydınız, biz bəlkə də çoxdan məktəbdən qovulmuşduq, ailələrimiz də bizdən
əllərini üzəcəkdi. Sonra da kim bilir nələr olacaqdı...
- Belə
demə. Siz yaxşı uşaqlarsınız. Siz kollecdə də nümunəvi tələbələr olacaqsınız.
Mən sizə inanıram, uşaqlar. Nə olursa olsun, həmişə də yanınızda olacağam!
Asəf də,
dostları da çox sevinirdilər. Nərminə müəllimə isə o anlarda dünyanın ən
xoşbəxt müəlliməsi idi!
Hekayə xüsusi layihə olan "Məktəb hekayələri" kitabındandır.
Hiç yorum yok:
Yorum Gönder