Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat, ən xoşbəxt insanıdır. Təkcə gözlərinin dərinliyində zorla seziləcək bir kədər gizlənir. O kədərin isə öz hekayəsi var...
Evləri kəndin kənarında, dağ çayının sahilində idi. Yazda, payızda
yağış çox yağarsa, həyətlərini su basardı. O gün də elə idi: Payızın ilk güclü
yağışı yağmışdı və məhəllənin dərsə gedən uşaqları, işə tələsən böyükləri
uzunboğaz rezin çəkmələr geyinib, dizə qədər qalxan suyun içi ilə yeriyə-yeriyə
nisbətən hündürdə yerləşən asvalt yola çıxmışdılar. Lakin səhər tezdən sevimli
ingilis dili müəlliməsinə qoşulub rayon mərkəzinə, yenicə qəbul olduğu
universitetdə qeydiyyatdan keçmək üçün gedən Zərifin gözünə nə yağış
görünmüşdü, nə palçıq.
--- Elə sevinirəm, elə sevinirəm, elə bil ürəyim indi çıxacaq yerindən!
– deyə o, yanında dayanıb gülümsəyən Tahirə müəllimənin qoluna girib ona
qısılmışdı, - mən də tələbə oldum!
--- Mən səndən çox sevinirəm, inan! – deyə müəlliməsi onun
saçlarından öpmüşdü, - Hələ sən diplom alacaqsan, müəllimə olacaqsan, sonra isə
öz şagirdlərin beləcə sənin kimi tələbə olacaq... Bax, onda sən anlayarsan,
şagirdinin uğuruna ondan çox sevinmək necə olur!
---Düzdür, mən əslində, həkim olmaq istəyirdim, amma kimdir məni
paytaxta, tibb universitetinə buraxan? – deyə köksünü ötürüb gülümsəmişdi - əlbəttə,
öz rayonumuzda oxumaq da əladır, müəllimə olmaq da!
Sonra Zərif qeydiyyatdan
keçmiş və onlar kəndə qayıtmışdılar. Zərif dizlərinə kimi qalxan suyun içindən
balaca uşaq kimi sevinə-sevinə qaçıb evə girmişdi.
Evdə isə qəfil gəlmiş qonaqlar vardı. Zərifin Rusiyada yaşayan bibisi
öz həyat yoldaşı ilə orada idi. Zərif içəri girəndə hər kəsin gözləri onun üzüzə
dikildi. Bibisi divandan durub qızı qucaqladı:
--- Mənim ağıllı balam! Allah səni xoşbəxt eləsin!
--- Çox sağ ol, bibi! – Zərif bibisinin təbrikini ali məktəbə qəbul
olunmasına yozdu.
Lakin bibisi ərinin sözləri onun sevincinə qəfil nöqtə qoydu:
--- Allah xoşbəxt eləsin! Biletləri də elə bu dəqiqə gedək alaq, -
deyə o, üzünü Zərifin atasına tutdu.
--- Yaxşı, - Zərifin atası da razılıq verdi və qızına dedi, - şəxsiyyət
vəsiqəni ver.
Zərif bu dialoqdan heç nə başa düşməsə də, qeyri-ixtiyari olaraq
çantasından şəxsiyyət vəsiqəsini çıxarıb atasına uzatdı. Kişilər durub çıxandan
sonra isə anası ilə bibisi onu başa saldılar ki, Zərif artıq Moskvada yaşayan
bibisi oğluna nişanlanıb və sabah evdəki qonaqlara qoşulub ora yola düşməlidir.
Çünki Zərifin yataq xəstəsi olan nənəsi belə vəsiyyət edib. Zərif bunu eşidəndə
dünya başına hərləndi, o, nə edəcəyini bilməyərək yan otaqda uzanmış nənəsinin
yanına qaçdı. Ağlaya-ağlaya ona üz tutdu:
--- Nənə, bu nə deməkdir? Anamgil niyə belə edir? Sən niyə bunu istəmisən?
Nənəsi yerində azacıq dikəlib yastığının altından nəsə çıxartdı. Bu,
bir neçə dəfə qatlanmış ağ pambıq parça idi.
--- Bax, bu mənim kəfənimdir, - deyə nənə parça bükülüsünü qırışmış əlləri
ilə sinəsinə sıxdı, - hazır saxlamışam. İstəyirəm sənin bəxtəvər olmaq xəbərini
eşidim, ondan sonra heç bir dərdim qalmasın. Səni hələ doğulduğun gün Ziyaya
göbəkkəsdi demişəm. Şükür ki, arzuma çatıram. Allah xoşbəxt eləsin.
Zərif özünü itirmişdi. Gördükləri, eşitdikləri ona dəhşətli yuxu kimi
gəlirdi. Amma hər şey real idi və ertəsi gün ata-anasının razılığı ilə,
bibisigil onu göz yaşlarına, etirazlarına baxmayaraq, təyyarə ilə Moskvaya
apardılar.
Üçcə günün içində kəbin kəsildi, orada yaşayan qohum-əqraba və
tanışlardan ibarət kiçik bir toy məclisi quruldu və Zərifin qara günləri
başladı. Bibisi oğlu ondan on bir il böyük idi. Zərif bu oğlanı demək olar ki,
tanımırdı. Çünki bibisigil axırıncı dəfə kəndə gələndə Zərifin cəmi səkkiz yaşı
vardı, ikinci sinifdə oxuyurdu. O vaxt bibisigil qonşu kənddə yaşayırdılar və məhz
Ziya Moskvada universitetə qəbul olduğuna görə onunla birlikdə Rusiyaya köçməyə
qərar vermişdilər.
Zərifin dünyası dağılmışdı. Təhsil alması, çalışmaq istəməsi artıq
ona unutmağa məcbur olduğu yuxu kimi görünürdü. Bir yandan da Tahirə müəlliməni
düşünür, onunla sağollaşmaq imkanı belə olmadığına görə üzülürdü. Hamının
deyib-güldüyü, oynadığı toyda Zərifin ürəyi qan ağlayırdı. Əynindəki ağappaq gəlinlik
paltarı onun gözünə nənəsinin yastığının altındakı kəfəni xatırladırdı. Bu
geyimə səbəb o kəfən olmuşdu, bilirdi. Lakin bu toydan narazı olan daha bir
adam vardı: Ziya. O da ölüm yatağında olan nənənin vəsiyyətinə görə Zəriflə evlənməyə
məcbur olmuşdu. Halbuki... Zərif yalnız toydan sonra biləcəkdi ki, Ziya çoxdan
öz sevdiyi tələbə yoldaşı ilə evlənib, rəsmi nikahı və iki də uşağı var.
--- Mən çox peşmanam, Zərif. Belə olmasını istəməzdim. Üstəlik, mənə
deməmişdilər ki, sən universitetə qəbul olmusan. Mənim isə həyat yoldaşım var,
uşaqlarım...
--- Bəs onda niyə etiraz eləmədin? Niyə?
Cavab yox idi. Ziya nə onu zorla öz doğmaca dayısı qızı ilə evləndirən
ailəsinə qarşı çıxa bilmişdi, nə də bütün toy günü ərzində ona zəng edən, mesaj
yollayan həyat yoldaşına nəsə deyə bilirdi. Tək çarə kimi isə hamıdan xəlvəti Zərifə
bilet alıb onu təyyarəyə oturdub kəndə göndərməyi düşünmüşdü. Bütün bu baş verənlərdən
şokda olan Zərif isə kənddə onu nələrin gözlədiyindən xəbərsiz idi. Təyyarədə
olanda elə düşünürdü ki, evə qayıdar-qayıtmaz Tahirə müəllimə ilə görüşəcək,
universitet dərslərinə getmək üçün geyimlərini, dəftərlərini hazırlayacaq. Onun
qapıdan içəri girdiyini görən anası diksinib əlindəki yemək dolu sinini
dağıtmışdı. Nənəsi dizinə-başına vurub “Vay, bu qız niyə gəlib? Vay, biabır
oldum, vay, bu qız bizi rüsvay elədi, vay!” dedi. Sonra atası gəldi. Xəbəri bilən
kimi Zərifi döyməyə başladı. Nə anası, nə nənəsi atasına mane olmadılar, əksinə,
sanki onu daha da qızışdırmaq üçün sözlər seçib deyirdilər.
--- Bitdi! Sənin oxumağın da bitdi, adam içinə çıxmağın da, - deyirdi
atası onu döyə-döyə, - get as özünü! Nəyə lazımsan sən?
Zərif onların niyə belə davrandıqlarını da anlaya bilmirdi. Axı onun
heç bir günahı yox idi. Ailəsi isə Ziyanın evli olduğunu da bilirmiş, bunu bilə-bilə
Zərifi ona ərə veriblərmiş.
Sonra Zərifin həyatı tamam qaraldı. Dərslər başladı, onu isə evdən
çölə buraxmadılar. Evə kimsə qonaq gələndə yan otağa salıb ona görə
utanırlarmış kimi davrandılar. Hər günü atasının hədələri, anasının məzəmmətləri,
nənəsinin qarğışları ilə keçirdi. Artıq nə yemək yeyir, nə otağından kənara
çıxır, nə kimsəylə danışırdı. Onu bu dünyada bircə Tahirə müəllimə anlaya bilərdi,
o da Zərifin evə qayıtdığından xəbərsiz idi deyəsən. Bir gün Zərif hamıdan xəlvəti
ev telefonundan müəlliməsigilə zəng vurdu. Tahirə müəllimə onun səsini eşidib
sevindi, həm də təəccübləndi. Zərif isə heç nə deyə bilməyib hönkürtü ilə
ağladı. O gün Tahirə müəllimə onlara gəldi, Zərifin valideynləri ilə söhbət
etdi, onunla görüşüb danışmaq istədiyini, bu halın qız üçün çox təhlükəli
olduğunu anlatmağa çalışdı.
--Axı siz bilirdiniz ki, o oğlan evlidir, hətta uşaqları var, niyə
bunu bilə-bilə Zərifi bu evliliyə sürüklədiniz? – deyə Tahirə müəllimə qəzəbini
zorla sıxmağa çalışırdı.
--Nə evli? Rusla? O bəyəm evlilikdir? Nə valideyn xeyir-duası olub, nə
qohum-əqraba yığışıb... – deyə Zərifin anası mızıldandı.
---Siz nə danışırsınız,- Tahirə müəllimə eşitdiklərinə inana bilmirdi, doğrudanmı bu adamlar bu dərəcədə cahil idilər? - adamın iki övladı var, rəsmi nikahı var, siz isə...
Söhbət bura çatanda Zərifin atası hirsdən boğula-boğula dedi:
--- Siz qarışmayın, müəllimə! Belə baxanda, o qızın bu halda
olmasının əsas səbəbkarı elə sizsiniz!
Siz olmasaydınız, onun başını heç kim tələbə olmaqla, nə bilim, kitab-dəftərlə
yaşamaqla xarab eləməzdi! Başına da nə gəlsə, günahı sizin boynunuzda qalacaq!
Müəlliməsinə qarşı bu münasibətə dözməyib otağından çıxan Zərif yenə də döyülmüş, ev telefonu isə şəbəkədən ayrılmışdı.
Günlər, həftələr keçdikcə qızın vəziyyəti daha da ağırlaşırdı.
Bibisigillə araları pisləşdiyinə görə də bütün yaxın qohumlar onu qınayırdılar.
Artıq kənddə hamı onlardan danışır, toydan sonrakı gün Zərifin evə
qaytarılmısanı müzakirə edirdi. Atası, anası hər dəfə belə söhbətləri eşidib evə
gələndə Zərifi cəzalandırırdı. Zərif tamamilə özünə qapılmışdı. Bir gün isə
dözməyib nənəsinin bütün dərmanlarını qarışdırıb içmiş, həyatına son qoymaq qərarı
vermişdi. Anası onun otağına gəlməsə, təcili yardım vaxtında yetişməsəydi...
O gündən sonra Zərif daha ağzını açıb bir kəlmə də danışmadı. Gözlərini
bir nöqtəyə dikib saatlarla beləcə dayanır, sanki heç nə düşünmür, heç nə
görmür, eşitmirdi. Artıq valideynləri də, nənəsi də ona görə həqiqətən narahat
olmağa başlamışdılar. Nə edəcəklərini bilmir, gah ona hədiyyələr alır, gah gəzməyə
aparmağa çalışır, gah da bunların nəticə vermədiyini görüb bir-birlərini təqsirləndirib
dalaşırdılar. Məsələdən xəbər tutan Tahirə müəllimə isə yenə onlara gəlmişdi. Zərif
onu görəndə yerindən tərpəndi, müəlliməsinə sarılıb ağladı. Bu səhnədən təsirlənən
valideynləri də səhvlərini anlamaşa başlamışdılar artıq. İndi onlar özləri
Tahirə müəllimədən Zərifi həyata qaytarmağı xahiş edirdilər.
--- Ona icazə verin, arada bizə gəlsin, mənim yanıma ingilis dili öyrənməyə
gələn şagirdlərə dərs keçməyimə kömək eləsin, bu ona çox kömək edəcək.
--- Baş üstə, müəllimə, lap elə hər gün özüm gətirəcəyəm! – demişdi
atası.
--- Yox, qoy özü gəlsin. O, azad, sərbəst olduğunu hiss eləməlidir!
Valideynləri razılaşmışdılar.
O gündən Zərif hər gün sevimli müəlliməsinin evinə gedir, onun
şagirdlərinə dərs keçməsinə baxır, özü də müəlliməsinin əvəzinə dərslər keçir,
beləcə, yavaş-yavaş həyata qayıdırdı. Bir aydan sonra Zərif artıq tamamilə dəyişmiş,
üzü gülməyə, gözləri işıldamağa başlamışdı. Amma hələ də bir nisgil vardı ürəyində.
Axı artıq dərslər çoxdan başlamışdı, onunla birlikdə tələbə adını qazanmış
yaşıdları hər gün universitetə gedirdilər. Müəlliməsinin evinə dil öyrənməyə gələn
şagirdlər də bir azdan imtahan verəcək, tələbə olacaqdılar. O isə...
--- Sən isə əvvəlkindən də böyük həvəslə hazırlaşıb yenə imtahan verəcəksən,
qəbul olacaqsan! – demişdi Tahirə müəllimə.
--- Mən paytaxtda oxumaq istəyirəm! – qətiyyətlə söyləmişdi Zərif, -
Tibb Universitetində!
O gündən sonra da imtahanlara hazırlaşmağa başlamışdı. Ata-anası onun
yenidən təhsil almaq istəyinə görə narahat olsalar da, daha qəlbinə dəyməkdən çəkinir,
eləcə qızlarının sınaq imtahanlarında topladıqları yüksək ballara baxıb köks
ötürməklə kifayətlənirdilər. Nənəsi isə hələ də yastığının altındakı kəfəni hər
gün çıxarıb dizləri üstə qoyur, sığallayıb ufuldayırdı.
Və nəhayət o gün gəldi!
İmtahan nəticələri elan olundu!
Zərif Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi adını qazandı!
Həmin gün bu xəbərə Zərifin özündən çox sevinən isə Tahirə müəllimə
idi. Elə nəticələri də Zərifə xəbər vermək üçün onlara özü gəlmişdi.
--- Təbrik edirəm! Səninlə fəxr edirəm! – deyə qucaqlayıb bağrına
basmışdı Zərifi.
Anası qəhərlənmiş, atası isə sevincqarışıq peşmanlığını gizlədə bilməmişdi,
“Mən də səninlə fəxr edirəm!” demişdi astaca.
Bircə nənəsi hələ heç nə başa düşmürdü.
--- Nə olub? Nəyin təbrikidi bu? Ərə verirsiniz Zərifi? Ya Ziya gəlib
dalınca mənə demirsiz? – deyə çaşqınlıqla söylənmişdi.
--- Tələbə oldum, ay nənə! – deyə Zərif həyatında ilk dəfə arxayınlıq
və cəsarətlə nənəsinin qarşısına keçib onun dizlərinin üstündəki ağ parçanı
alıb qucağına sıxmışdı, - bu da olsun sənin mənə təbrik hədiyyən!
--- Boy, Allah eləməsin, a bala, o nədir deyirsən? Neyləyəcəksən o kəfəni?
--- Kəfən deyil ki bu, nənəcan! Ağ parçadır, tərtəmiz ağ parça! Bundan özüm üçün həkim xalatı tikdirəcəyəm! Sonra da səni sağaldıb ayağa qaldıracağam!
Hamı mat-məəttəl Zərifin üzünə baxmışdı.
Tahirə müəllimə isə yaxınlaşıb onu bağrına basmışdı. Bu gün o,
dünyanın ən xoşbəxt müəllimi idi!
Hekayə xüsusi layihə olan "Məktəb hekayələri" kitabındandır.
Hiç yorum yok:
Yorum Gönder