İt kimi yorulmuşam.
İt kimi deyəndə ki, səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram.
Gözlərim onun döşlərində qalıb, qalıb deyəndə ki…qoy elə hər şeyi əvvəldən danışım…
İt kimi deyəndə ki, səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram.
Gözlərim onun döşlərində qalıb, qalıb deyəndə ki…qoy elə hər şeyi əvvəldən danışım…
* * *
Mən balaca bir ədəbiyyat qəzetinin
əməkdaşıyam. Əməkdaşıyam deyəndə ki, qəzetin mətbəxində işləyirəm. İşləyirəm
deyəndə ki, hər gün mal ətindən döyülmüş kotlet bişirirəm. Amma son vaxtlar baş
redaktorumuzun təkidi ilə mən də roman yazmağa başlamışam. Baş redaktorumuz ədəbiyyatı
öz canından da çox sevir. Ədəbiyyat – onun üçün hər şeydir, evdir, ailədir,
maşındır, hörmətdir, izzətdir və s. Yadımdadır, Böyük Gurultu gününə
hazırlanşmağa həsr olunmuş son toplantıda gözləri yaşarmışdı, səsi titrəyirdi,
üst-başı, əlində tutduğu, masasının üstünə yığdığı bütün kağızlar göz yaşından
islanmışdı:
-
Başa düşə bilmirəm, bizim ədəbiyyatımız bu kökə axı niyə gəldi düşdü, hə? Niyə?
Soruşuram sizdən! Sizdən soruşuram!
Bizdən soruşurdu təbii.
Amma biz hardan biləydik ki? Ədəbi
sima deyilən zad özüydü, özü də bilməliydi cavabı. Biz nəkarəyik ki ? Şəxsən mən
mal ətini döyüb qızartmaqdan başqa heç nə bacarmıram.
-
Amma bacarmalısan! – İlahi! O mənim ürəyimdən keçənləri necə də duydu və çəp
gözlərini üzümə dikib necə də sarsıdıcı bir nitq söylədi:
-
Bura sadəcə bir qəzet redaksiyası deyil! Bura ədəbiyyat ocağıdır, eşidin
və bunu qulaqlarınızda sırğa edib saxlayın! Haradır bura? Redaksiya? Hə? Hə?-soruşuram
sizdən!
-
Ədəbiyyat ocağı, – biz hamımız bir nəfər kimi xorla cavab verdik.
Hamımız deyəndə ki, mən idim,
üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz.
-
Ahhaa! Ədəbiyyat ocağı! Bəs bu ocaq niyə yanmır? Bəs bu ocaqda niyə möhtəşəm
romanlar, poemalar yaranmır? Bəs bu ocağın istisini demirəm, heç olmasa tüstüsü
niyə kənardan görünmür? Hə? Sizdən soruşuram!
Biz hamımız başımızı aşağı
salıb masanın üzərində bir-birinə keçirdiyimiz barmaqlarımıza baxırdıq. Hamımız
deyəndə ki, mən , üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz və bir
süpürgəçimiz.
-
Mən heç nə bilmirəm, bilmək də istəmirəm! Ədəbiyyat qəzeti olaraq biz öz
sözümüzü deməliyik, yazmalıyıq, dünyaya çıxarmalıyıq. Bunun üçün isə hamımız
bir nəfər kimi gecə-gündüz çalışmalıyıq. Bu gündən hər biriniz roman
yazmağa başlayırsınız. Bu, sizə mənim rəsmi tapşırığımdır hesab edin!
-
Nəəə? – bizim hamımızın ağzı birdən əyildi. Həm də baş redaktorun sol tərəfində
oturanların ağzı sağa, sağ tərəfində oturanların ağzı isə sola əyildi deyə
redaksiyada tam harmonik bir ab-hava yarandı eyni zamanda.
-
Həəə!!! Bəli!!!!Elə eşitdiyiniz kimi!!! Hər birinizdən Böyük Gurultuya
kimi roman gözləyirəm! Kimin hünəri varsa azad seçimini etsin, heç etirazım
olmayacaq. Mənim nə qədər tolerant və demokratik birisi olduğumu bilirsiniz.
-
Azad seçim deyəndə…- yarımızın ağzı sola, yarımızın ağzı sağa əyilmiş halda
redaksiyanın harmonik əhvallı ab-havasında baş redaktorumuzun sonsuz
tolerantlığından və nəhayətsiz demokratikliyindən başımız gicəllənə-gicəllənə
mızıldanmağa başlamışdıq ki…
-
Azad seçim deyəndə kiiii….yəəəniii, ya roman yazırsınız, ya da işdən çıxmaq
haqqında ərizəəə…Aydındır indi..?
-
Hhhh…- nəfəslər elə qəfildən içəri çəkildi ki, ağızlar elə birdən düzəlib yerinə
gəldi ki, masanın üzərində bir-birinə keçən barmaqlar elə pərən-pərən düşdü ki…
-
Gedin…gedin və romanlarınızı yazmağa başlayın…mən özüm də trilogiya başlayacam
bu gündən etibarən, dostlar…- aman, o yenə də ağlamağa başlamışdı, artıq döşəməyə
yayılmışdı göz yaşları. Mən hər ehtimala qarşı təzə aldığım ayaqqabılarım birdən
su keçirər deyə narahat da oldum, – belə olmamalıydı..bu ədəbiyyat bu günə
qalmamalıydı…biz onu diriltməliyik, yaşatmalıyıq, biz onu dünyaya
çıxartmalıyıq…biz! Başqa birisi yox! And için ki, bu belə də olacaq!- o, ayağa
qalxıb sağ əlini ürəyinin üstünə qoydu.
-
And içirik!- biz hamımız ayağa qalxıb sağ əllərimizi ürəyimizin üstünə qoyduq.
Hamımız deyəndə ki, mən , üç müxbirimiz, bir korrektorumuz, bir fotomüxbirimiz
və bir süpürgəçimiz…
* *
*
İki həftədən sonra mən artıq
romanımın ilk iki fəslini baş redaktorumuza təqdim etmişdim və o məni otağına
çağırıb tənbeh etməyində idi:
-
Bu nədi yazmısan, hə? Səndən soruşuram, nədir bu?
-
Romandı da, özünüz dediz ki.
-
Nə romanıdı bu? Nə demək istəyirsən sən bu romanınla ədəbiyyat aləminə? Nə? Söz
soruşuram axı səndən!
-
…
-
Bax bu nədi? “ Unitaz – ev sahibəsinin simasıdır”…bu nə cümlədir, hə?
-
…
-
Köhnəlikdir bu! Arxaiklikdir! Dünya ədəbiyyatından geridə qalmaqdır!
-
…
-
Apar bunu! Apar yaz ki, “Ev sahibəsinin siması – unitaz kimi idi” . Oxucuya,
oxucuya hansısa unitazın hansısa qadının sifəti kimi pis gündə olmasını yox,
hansısa qadının sifətinin hansısa unitaz kimi ağ və saf olmasını aşılamaq
lazımdır! Murdarçılıq elementləri gətirməyin ədəbiyyata! Estetik duyumunuz
olsun bir az!
-
Axı…elə eləsəm bu adi romanlıqdan çıxacaq, olacaq postmodern bir şey…
-
Bəs sənin işinin adı nədir görəsən? İndi bütün dünya belə yazır, biz dala qala
bilmərik!
-
…
* * *
GƏLDİ…
GƏLDİ…
Gəldi o Böyük Gurultu günü…
Məhz bu gün həll olunacaqdı
milli ədəbiyyatımızın taleyi.
Məhz bu gün üçün aldığım
kostyumu geyindim, saçlarımı şirin çayla isladıb arxaya daradım və arvadımı
oyadıb mənə verəcəyi bir şeyi olduğunu ona xatırlatdım. Şeyi deyəndə ki, nənəsindən
qalma qədimi bir ərsini var bizim arvadın, onu istəyirdim. Evdə onsuz da mətbəx
şkafının bir küncünə atılıb qalıb, işlənmir, işdə isə mən onunla xariqələr
yarada bilərdim. Xariqələr deyəndə ki, mal ətini döyüb kotlet qızardardım və o
kotletləri qaynar yağın içində bu qədimi ərsinlə milli-milli o üzə-bu üzə çevirməyin
bir ayrı ləzzəti olardı, əminəm.
Zarafat deyil, düz beş ildir
ki, mən bu redaksiyada…tfu, baş redaktorun qulağından iraq, bu ədəbiyyat ocağında aşpaz
işləyirdim və düz beş ildir ki, bu mətbəxdə eyni bir yemək bişirilirdi –
döyülmüş mal ətindən kotlet.
Yadımdadır, işə düzəlmək üçün
söhbətləşməyə gəldiyim zaman gözləmə otağında azından bəlkə əlli dörd
aşpaz vardı. Onların hər birisi azından bəlkə əlli dörd cür yemək bişirə
bilirdi.
Bircə mən bircə yeməyi
bacarırdım – döyülmüş mal ətindən kotlet.
Bircə məni seçdilər.
Axxx…
-
İlk dəfə bişirdiyim o döyülmüş mal ətindən kotletin dadı-tamı hələ də heç kimin
damağından çəkilməyib. Heç kimin deyəndə ki, baş redaktorumuzun, üç
müxbirimizin, bir korrektorumuzun, bir fotomüxbirimizin və bir süpürgəçimizin…
* * *
MƏNİM ayağımı redaksiyanın kandarından içəri basmağımla içəridən
hamının çölə çıxmağı eyni anda baş verdi. Hamının deyəndə ki, baş
redaktorumuzun, üç müxbirimizin, bir korrektorumuzun, bir
fotomüxbirimizin və bir süpürgəçimizin…
Salam verdim…
Salam verdim deyəndə ki,
salamım elə ağzımda qaldı, ağzım da redaksiyanın, tfu, ədəbiyyat ocağının
kandarına mal ətindən döyülmüş bişməmiş kotlet kimi şappp eləyib yapışdı.
İçəridən bir-birini itələyə-itələyə
çıxanlar məni görmədilər deyə eləcə yerə yıxıb üstümdən adladılar. Daha
doğrusu, baş redaktorumuz əlini atıb guya qapının dəstəyindən yapışırmış kimi mənim
çiynimdən tutaraq zərblə kənara itələdi və ardınca da bayaq dediyim səhnə
alındı. Səhnə deyəndə ki, ağzımın mal ətindən döyülmüş bişməmiş kotlet kimi
redaksiyamızın, tfu, ədəbiyyat ocağının kandarına şappp eləyib yapışmasını
deyirəm…
Həə, ağzımda salam vardı
axı…demək mənim ağzım indi mal ətindən döyülmüş klassik kotlet yox,
modern, yəni, mal ətindən döyülmüş içlikli kotlet kimiydi.
Hamı üzərimdən keçib küçəyə
çıxdı. Hamı deyəndə ki, baş redaktorumuz, üç müxbirimiz, bir korrektorumuz, bir
fotomüxbirimiz və bir süpürgəçimiz…
Yoox, süpürgəçimiz peşə vərdişinə
sadiq qaldı deyəsən. Ayağına dolaşan nəyisə həmən hiss eləyib enli ətəyinin
uclarını hər iki tərəfdən gətirib güngörməzinin qabağında düyünlədi və əlini
atıb nəm əskili döşəməsiləni götürərək məni onunla qapının dalındakı küncə itələdi.
Toz ağız-burnuma dolunca asqırdım, salamım hoppp eləyib ağzımdan düşdü.
-
Ay əlleyküməssalam, – süpürgəçimiz ədəb-ərkanla belini dikəldib salamımı həmən
aldı və üst-başında qoymağa cib axtararkən yadına düşdü ki, enli ətəyinin
uclarını hər iki tərəfdən gətirib güngörməzinin üstündə düyünləyib. Güngörməz
deyəndə ki. mən görmüşdüm onu bir-iki dəfə…mmm…pis deyildi, olmayan yerdə işə
yarayırdı…
-
Hara qaçırsız belə, hə? – soruşdum.
-
Görmürsən gözlərimizi çıxartmışıq?!
-
Həə..görürəm, amma niyə tələsirsiz, onu soruşuram. Onsuz da yenə günortayadək
başlamayacaq.
-
Qapının açarı məndədi, haydı, həmən sən də gözlərini çıxart qoy, gedək.
-
Hara qoyum? Baş redaktor getdi axı..seyf bağlı olar.
-
Doğrudan aaa…mənim də cibim yoxdu.
-
Mənim var, amma orda girişdə yoxlayacaqlar. Görsələr, həmən çıxaracaqlar, bir də
verməyəcəklər mənə.
-
Onda sən gəlmə.
-
Onda məni işdən çıxaracaqlar.
-
Həə…ah, ağlıma bax nə gəldi…ver onları, ver, tez, tez…
-
Dayan…özümmm…
Mən süpürgəçimizin ağlına həmişə
etibar eləmişəm. Odur ki, həmən gözlərimi çıxarıb onun ovuclarına basdım.
Xış-xış, pış-pış səs gəldi.
-Neylədin onları? – soruşdum.
- Lifçiyimin içinə qoydum.
Birini o tərəfə, birini bu tərəfə.
- Sən dahisən! – mən onun gündəyməzindən
( ümid edirəm səhv eləmədim) çimdik götürüb kor-koranə ardıncamı, qabağıncamı
getməyə başladım.
- İt hürən tərəfə getməliyik, –
baş redaktorumuzun səsi bu gün gur-gur guruldayırdı.
- Başqa tərəf də var? – hər dəfə
olduğu kimi hamımız xorla soruşduq. Hamımız deyəndə ki, mən, üç müxbirimiz, bir
korrektorumuz, bir fotomüxbirimiz və bir süpürgəçimiz…
- Var – işıq gələn tərəf. Amma
indi o bizə lazım deyil. Onsuz da görmürük.
* * *
- Hav-hav, hav-hav…
Hamı “hav-hav” hürüşünə doğru
gedirdi. Az sonra biz də hürməyə başladıq. Bizdən sonra gələnlər yollarını
azmasınlar deyə…
Birdən qonq səsi gəldi və ətrafa
sükut çökdü. Böyük Gurultunın adətinə görə qonq səsindən diksinənlər həmən
açarlarını salıb itirdilər. Mənim elə ədəbiyyat ocağına ayaq basdığım ilk gündən
bu yana açarım olmayıb deyə indi də üstümdə arvadımın nənəsindən qalma qədimi ərsindən
başqa heç nə yox idi. Üsulluca onu salıb itirdim ki, adətlərə xilaf çıxmadığım
bəyan olsun. Həm də bilmək olmaz, bəlkə milli ədəbiyyatımızda ilk açarını
deyil, ərsinini itirən birisi kimi tarixə də düşəcəyəm…Böyük Gurultudan sonrakı
ilk toplantıdaca bunu baş redaktorumuzun nəzərinə çatdırıb qəzetdə
işıqlandırmasını xahiş edəcəyəm. Əminəm ki, bu məqamdan vaxtında yararlanmasam
plagiatçılar həmən göydə qapacaqlar ideyamı və gələn Gurultularda ərsin itirənlərin
sayı o qədər olacaq ki, mən yada da düşməyəcəm.
ƏRSİNİMİ itirməyimdən məmnun bir halda elə müəlliflik hüquqlarımı
necə qoruyacağımı düşünürdüm ki, qonq ikinci dəfə çalındı və bu Böyük Simanın gəldiyini
bildirirdi deyə hamı alqışlamağa başladı. Hamı deyəndə ki, ədəbiyyat
ocaqlarının baş redaktorları idi, müxbirləri idi, korrektorları idi,
fotomüxbirləri idi, süpürgəçiləri idi və aşpazları təbii…
Gözlərim süpürgəçinin döşlərinə
pərçim olmuşdu. Süd gölündə üzürdüm elə bil. Ağappaq idilər. Yupyumşaq.
İpisti. Hərəsi azından bir kiloyarım olardı ki, bu da redaksiya heyəti
üçün bir iş həftəsi boyunca döyülmüş kotlet bişirməyə bəs edərdi.
Axxx…
Hələ onları duzlasan,
istiotlasan, üstünə şaqqaşaraq yumurrtalar çırpsan…Dəhşət!..
Gözlərimlə yeyirdim onları.
Zingildəyirdi süpürgəçimiz ləzzətdən. İnildəmək olmazdı, mentalitetə zidd idi
deyə ictimai qınağa tuş gələrdi. Həm də belə mötəbər bir soxasoxda.
Soxasox deyəndə ki, ədəbiyyat
tariximizin artıq sürüşhasürüş dövrü çoxdan başlayıbdır deyə kimsənin ruhu da
incimirdi artıq. O əvvəllər idi, bakirələr çox idi ədəbiyyatda, belə mühüm əhəmiyyət
kəsb edən ədəbi soxasoxlarda zarıltı, bağırtı əlindən qulaq tutulardı. Amma
zaman keçdikcə “rezbalar” yeyildi, kanallar genişləndi, indi də budur, kimsə
kimsədə duruş gətirə bilmir. Elə buna görə də hər dəfə daha çox adam cəlb
olunur soxasoxa. Axı basabas olmayan yerdə hansı keyfiyyətli soxasoxdan söhbət
gedə bilərdi ki?!.
Mənim başım bu fikirlərlə məşğul
ikən qonq üçüncü dəfə çalındı və Böyük Sima öz əbədi-əzəli çıxışını söyləməyə
başladı:
-
Daha bir Böyük Gurultu gününü sizlərlə üz-üzə dayana bildiyim üçün məmnunam.
Gözləriniz üstünüzdə olmasa belə əminəm ki bu anlarda mənim üzümdəki sevinc
ifadəsini duymamış deyilsiniz. Öncə ilk dəfə Gurultuda iştirak edən çaş-baş gənc
ədəbi simalar üçün bir açıqlama verməyi lazım bilirəm. Gözlərinizi ona görə
çıxarmağı tələb edirik ki, onları belə soxasoxlarda korlamayasınız, itirməyəsiniz.
Onları qoruyun. Onlar bizim ədəbiyyatımızın parlaq gələcəyini görə bilməkdən
ötrü qorunmalıdırlar. Hər ötəri işığa aldanmayın, hər mənasız közərtiyə baxıb
onları qamaşdırmayın. Biz gurultu və soxasoxlarını qulaqlarsız, əllərsiz,
ayaqlarsız, başlarsız, simalarsız keçirib birtəhər yola verən digər ədəbiyyat
ocaqlarından məhz bununla fərqlənirik. Ədəbiyyatımızın parlaq gələcəyini yalnız
biz görə bilərik. Bunun üçün isə gözlərimizi möhkəm-möhkəm qorumaqdan daha ali
bir missiyamız olmamalıdır!
-
Ay Allah! Bizim gözlərimizi çıxart, onun gözlərinə cala! – deyə qoca bir ədəbiyyat
xədimi səsləndi.
Həmən uğultu, bağırtı, çığırtı
səsləri bir-birinə qarışdı. Bir dəstə adam qoca ədəbiyyat xədimini əlləri üstə
qaldırıb “hop-hop” deyə atıb-tutmağa başladı. Kim daha ürəkdən atıb-tutacaq deyə
kameralar qarşısında basabas düşüncə də qoca ədəbiyyat xədimi əllər üstündən
sürüşüb ayaqlar altına düşdü və mənim səhərki ağzım kimi şapp eləyib yerə
yapışdı. Səhərki ağzım deyəndə ki, redaksiyanın, tfu, ədəbiyyat ocağının
kandarında döyülmüş mal ətindən olan bişməmiş kotlet kimi şapp eləyib yerə
yapışan ağzımı deyirəm…
Basabas daha da artdı.
Bu, Böyük Simanın hamıya əl edərək
getməsi demək idi.
Belə məqamların şövqündən
ekstaza düşüb ulayanların səsindən tük istəyirəm ki, biz durmasın…
Aləm qarışdı bir-birinə.
Aman Allahım!..
APARDI!…
Apardı mənim gözlərimi güngörməmişin
qızı güngörməmiş!
Süpürgəçimizi deyirəme…
İt-bat oldu soxasoxun axırında,
lifçiyinin içində apardı onları…hərəsi bir tərəfdəydi, biri sol, biri sağ…
Gözlərimi deyirəme…
Hiç yorum yok:
Yorum Gönder