17 Ağustos 2014 Pazar

Və...



Belə daha yaxşıdır əslində…
Səhərlər evin balacaları dərsə, böyükləri işə tələsir, o da ertədən qapını öz açarıyla açıb gələn və səhər yeməyini də, uşaqların paltarlarını və çantalarını da, ərinin kostyumunu və ayaqqabılarını da hazırlayan qulluqçu qadına hər gün daha artıq həsəd aparır, hərdən-hərdən ərinin bu qadının bədənində dolaşan baxışlarını tutub özünə çəkmək, bu baxışlara bürünmək, hər gün daha bir az donan ürəyini isitmək istəyir.. 

Qaynı və baldızı demək olar ki bu evdə yaşamırlar. Onlar səhər tezdən özləri hazırlaşıb işə yollanır, axşamadək haralardasa günlərini keçirir və bura yalnız yatmağa gəlirlər.
Və bir azdan uşaqların səsi, ərinin addımları otaqdan eyvana, eyvandan həyətə, həyətdən küçəyə keçərək uzaqlaşır, itir…
Qulluqçu qadın yanından ora-bura keçdikcə üstünə səpdiyi ucuz ətirin turşumuş kəsif qoxusu başını dumanlandırır…
O, süfrəni yığışdırır, qabları yuyur və nahara nə bişiriləcəyini bilmək istəyir.
- Düyü və öz yağında vamda bişmiş ət, göyərti və limon turşusuyla amma..
-Yaxşı, amma mən tez gedəcəyəm bir az..axşam toya getməliyəm..mənə qara donunuzu verəcəkdiniz..
-Hə..götür şkafdan..yerini bilirsən..
-Ay, çox sağ olun, -deyir və şkafa cumur..bir azdan əlində onun qara sevimli donu və dikdaban ayaqqabılarıyla qarşısına gəlir, – bu ayaqqabıları da olar ? Onsuz da atmısız qalıb orda..
- Yoox! – bağırır..-yox dedimm! Onlara dəymə! Ayaqqabılarımın heç birinə əlini belə vurma! Eşidirsən? Toz bassa da əl vurma onlara!
-Yaxşı..yaxşı, dəymərəm..bağışlayın, siz Allah..qaytarıram yerinə..
O, ayaqqabıları otağa aparır və sonra sakitcə mətbəxə sarı gedir..
Aman allah…bu qulluqçu əməlli-başlı axsayırmış ki..necə olub indiyədək fikir verməyib..Diqqətlə baxanda sol ayağını azca da olsa dalınca sürüdüyü aydınca görünür…buna bir bax..belə əyri və tay-keş ayaqlarıyla ayaqqabılarıma da göz dikib deyə ürəyində deyinir..və dizlərinin üstündəki tünd göy rəngdə yun adyalı hər iki tərəfdən belinə sıxıb pəncərəyə yaxşınlaşır..Tül pərdənin arxasından tərləmiş pəncərə şüşələri ağlayır..çöldəmi yağır yağış, evin içindəmi, aydınlaşdıra bilmir..pərdəni kənara çəkib küçəyə baxır..Adamlar qış geyimində..qara-əlvan çətirlər..kirli-təmiz çəkmələr..iti-yavaş addımlar…Bir anlıq özünü nəhəng bir maşının sükanı arxasında hiss edir..Adamlar iki-bir, üç-bir gəlib ona baxır və onun nəhəng maşınına çırpılıb yoxa çıxırlar…
Mətbəxdən qab-qacaq səsi gəlir…
Osa kompüterin qarşısına keçir..Mobil telefonunu masanın üzərinə qoyub gözlərini monitora zilləyir..
Bax, burdadır hər şey..Onun əsl həyatı bu evin divarlarında yox, bu pəncərənin ağlayan şüşələrində yox, bu küçənin sarsaq və ölümlü adamlarında yox, burda, virtual dünyadadır..Burdakı dünyasını o özü yaradır, özü qurur, özü dəyişir, özü qarışdırır…Dostları, tanışları..və sevgisi..hə, indi hər gün daha çox hiss edir, hər gün daha çox inanır bunun sevgi olmasına..Və hər səhər “səni sevirəm” sözləriylə başlayır..və hər gecə “səni sevirəm” pıçıltılarıyla bitir..və hər gələn yeni gün o, inanır, inanır ki, bir gün bu evin divarlarından, bu pəncərədən, bu küçədəki adamlardan nə az, nə çox, düz bir addım uzaqlaşar..Nə az, nə çox, düz bir addım…bircə addım..”gələcəyəm..mən səninlə sahil boyu qaçmağa, dəniz boyu gəzməyə, dəli-dəli dalğalar boyu rəqs etməyə gələcəyəm..”
Və ağlayır soyuq yağış..ya bu evin çölündəmi, ya bu evin içindəmi …
Və qısılır bu dünyanın ən dəhşətli maşınının meşin söykənəcəyinə gözlərini pəncərəyə dikərək…
Və mətbəxdən qulluqçunun səsi gəlir, getdikcə yaxınlaşır və qarşısında dayanır..bir addımlığında..:
- Yağ almışam, işlərimi qurtarım, gəlib sürtəcəyəm təkərlərinə..deyirdiniz cırıldayır axı…mənə qalsa deyərdim ki, dəyişdirəsiz bunu, indi təzələri çıxıb, daha rahatdılar..
- Hə, bilirəm. eşitmişəm…bax..götürərsən ayaqqabılarımı..hamısını götürərsən..bircə cütünü də saxlamayasan…eşidirsən nə deyirəm..?
- Yaxşı..-qadın sakitcə çönüb mətbəxə doğru gedir..
Yoox, deyəsən daha axsamır axı..sol ayağını çəkmir daha…
Soyuqdur…
Və…
Belə daha yaxşıdır əslində…

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...