1
Əyalət – insanların sadə və qəliblərə
hesablanmış həyatlarını sürdükləri yerdir. Onlar təbii bacarıqları və tələbatlarıyla
gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur,
övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb
səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə
sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha. Sanki nəhəng bir
canlı varlığın ayrı-ayrı hissəcikləri kimi bütöv və tam olaraq, özlərinə bənzəməyən,
onlardan bircə zərrə fərqli olanları yad cisim kimi bu nəhəng orqanizmdən
sıxışdırıb kənara itələyərlər, mübarizələri qızdırmaqla, üşütməklə, zəhərlənməklə
müşaiyət oluna bilər hətta... ta ki sənin onları sevdiyinə inanana qədər! Sənsə
onları tam və bütöv sevməyə vadarsan. Ya da bütün parçalarıyla sənə yad olan bu
nəhəngdən vaxtında qaçıb canını və ruhunu xilas etməlisən, zira sən özün, tək
olaraq bütöv və tamsan ki, o, bunu sənə heç bir zaman bağışlaya bilməyəcək...
Böyük şəhərlərdə doğulub
yaşamağa öyrəşmiş adamlar hərdən-hərdən əyalət kəndlərinə ekzotika axtarıb
tapmaq, ya da macəra yaşamaq həvəsiylə gələrlər. Ən çox yazıçılar, şairlər, rəssamlar
can atarlar belə yerlərə. Bir də izlənilən, axtarılan, bəlkə də haqlarında ölüm
fərmanları verilmiş canilər... kim bilir, olsun ki, hətta qəhrəmanlar...
***
Mənim doğulduğum şəhər böyük bir
çayın okeana axıb birləşdiyi yerdən azca aralıda yerləşirdi.
Günəşlə dostluğum da elə sahildə
başlamışdı.
Hər səhər atamın dalğalarda itən
balaca balıqçı qayığının ardınca qumsallıq boyunca qaçıb-qaçıb, okeanın o
tayından boylanan nəhəng odlu kürənin altındamı, içindəmi itdiyini görüncə dizlərim
üstə çökər, əllərimi hər an daha bir az yuxarı qalxan od topasına sarı uzadar,
“atamı aparma, aparma atamı, qaytar, xahiş edirəm”, - deyər, hər axşam da Günəş
batan kimi qayığın sahilə yan aldığını görüb, bu dəfə də atamı dalğalardan, bəlkə
də oddan, özümü və anamı isə təklikdən xilas edə bildiyimə sevinərdim.
Atam buraların ən yaxşı
balıqçısı idi, uşaqdan böyüyə hamı hörmət edirdi ona. O, şəhərin cavanlarına
yüngül və rahat qayıqların düzəldilməsində, torların hörülməsində, sularda ən
uğurlu ov vaxtının və yerinin müəyyənləşdirilməsində əlindən gələn yardımı əsrirgəmirdi.
Bir-birinə bitişik, bir-birinin
üstünə çıxmış evlərdə həyat balıq qoxuyurdu bir az.
Mən hələ də xatırlayıram anamın
atamla birgə həftədə bir dəfə olan gəzintilərini.
Ailəmizin, bəlkə də anamın
özünün atədinə görə, hər bazar günü biz üçümüz də yaxşıca yuyunub, saçlarımızı
darayıb, ən yaxşı paltarlarımızı geyinərək, küçəyə çıxardıq.
Atam ucaboylu, yaraşıqlı kişi
idi, gəzinti günü üçün xüsusi kostyumu vardı. Anam özü tikmişdi onu mənim
doğulduğum il – liman bazarındakı bir müsəlman tacirindən aldığı tünd qəhvəyi rəngli
yun parçadan. Kostyum – düz dar şalvardan və gödək pencəkdən ibarət idi, pencəyin
ciblərinin və düymə bağlarının köbələri qara qumaşdan biçilmişdi. Pencəyin
altından çıxan naxışlı-tikməli kətan köynəyi və tünd qəhvəyi panaması ilə atam əsl
yaraşıq mücəssəməsi idi.
Anam isə enli və uzun narıncı ətəyi,
ətəyin üstündən bağlayıb belini kip sıxdığı qurama parçalı önlüyü, narıncı
jileti, eynən atamınkına bənzəyən, amma daha zərif görünüşü olan ağ
naxışlı-tikməli köynəyi və mavi-narıncı rənglərin qarışığından toxunuşu olan ipək
yaylığı ilə qalıb yadımda. Bir də, anamın gəzintidən qabaq yanaqlarına,
dodaqlarına kəsilmiş çuğundur tikəsi, qoltuqlarının altına portağal dilimi
sürtməsini xatırlayıram.
Özüm isə... düzü, indi desəm ki,
özümün nə və necə geyindiyimi xatırlamıram, yalan olar.
Mən anamın balaca surəti idim elə
bil.
O, özü üçün tikdiyi hər şeyin
balaca ölçüdə olanını da mütləq mənim üçün tikərdi və biz hər bazar günü evdən
kilsəyə, oradan da liman ətrafı gəzintiyə çıxdığımız zamanlarda bir-birini həm
geyim, həm gözəllik, həm sevgi ilə tamamlayıb addımlayan böyük bir xoşbəxtlik
üçbucağına bənzəyərdik.
- Atanın, Oğulun və
Müqəddəs ruhun naminə... - deyərdi anam, hər birimizin sinəsinə barmaqlarının
ucu ilə xaç çəkərək.
***
Mən tramvay xətti ilə
yeriməyi çox sevirdim. Relsin üstü ilə qollarımı yanlara açaraq, ləngər
vura-vura addımlamağın dadı bir başqa olurdu. Hər an azacıq da olsa sürüşmək və
xəttən çıxmaq ehtimalı hisslərimi, ağlımı, bədənimi idarə etməyimə səbəb
olurdu. Daha diqqətli, daha dəqiq, daha qəti olurdu hər növbəti hərəkətim, hər
növbəti addımım.
Ümumiyyətlə isə, əyalət
və şəhər söhbətinə qayıtsaq, deyərdim ki, şəhərdəki basırıqda, tələskənlikdə
idarə etməyə vadar olduğum hisslərim, ağlım, bədənim sonralar yaşayacağım kənd
həyatında daha sərbəst, daha güclü olmağıma səbəb oldular.
Şəhər dünyası
dardır, insanlar bir-birləri ilə toqquşmamaq, bir-birini zədələməmək üçün mütləq
başını bir tərəfə, ayağını başqa yana çəkməli olurlar, ziqzaq adamlar toplusu
yaranır beləcə, yan-yana yeriyən hər ikisinin arasına yalnız onlardan birinə
başıyla, digərinə ayağıyla uyğun gələn birisi girə bilər.
Kənddə isə adamlar
meşə zolağındakı yabanı ağaclar kimi bitib cücərirlər. Dümdüz olurlar əsasən, hər
ikisinin arasına daha neçəsi istəsə, girə bilər, amma bir şərtlə - dümdüz olmaq
şərtilə yəni.
Şəhərin ziqzaq
adamlarına kəndin düzündə həyat yoxdur.
Necə ki, kökü kənddən
olan birisi üçün də şəhərin dar dünyası sınmaqdan və qırılmaqdan başqa heç nə
verə bilmir.
***
Anamın gözəl əl
qabiliyyəti vardı.
Şəhərin qadınları
onun yanına parçalar gətirir, o da onların ölçülərini götürüb, istədikləri
geyimləri tikir, ailə büdcəmizə pul, qadınlara isə gözəllik və yenilik
qazandırardı.
Kasıb evlərin
uşaqları üçün əlinə keçən, ya da tikdiyi paltarların parçalarından qalmış tikələrdən
köynəklər, papaqlar, önlüklər tikər, bazar günü gəzintiləri vaxtı kilsə xidmətçilərinə
verərdi ki, ehtiyacı olanlara bağışlasınlar.
Atam, hava isti də
olsa, soyuq da olsa, yağış da yağsa, gün də çıxsa, qara nimdaş çətirini götürmədən
evdən çıxmazdı.
Belə günlərdə eynən
bizim kimi ailə adəti olub, bəzənib-düzənərək gəzməyə çıxan ailələrlə
qarşılaşarkən, atam kişilərlə, anam qadınlarla, mən isə uşaqlarla
salamlaşardıq. Bu salamlaşma – atamın və həmin ailənin kişisinin bir-birləri
üçün panamalarını başlarından azca qaldırıb, başlarını tərpətməkdən, anamın həmin
ailənin qadını ilə bircə dəqiqəlik belə olsa hal-əhval soruşub, yeni xəbərləri
paylaşmaqdan, mənim və həmin ailənin uşağı üçün isə bir-birimizə dil çıxarıb
ağız-burun əyməkdən ibarət olurdu adətən.
Daha doğrusu, sonuncu salamlaşma
həmişə cavabsız qalırdı – mən heç kimə dil çıxartmır və heç kim üçün
ağız-burnumu əymirdim.
Ümumiyyətlə, qəribəliklərim,
yaşıdlarımdan fərqli cəhətlərimin olması atamla anamı da narahat olmaq həddinə
çatdırırdı bəzən.
Məsələn, mən bir dəfə
qonşulardan birinin uşaqlarının sobanı özbaşına qurdaladığı zaman döşəməyə
saldığı közdən alışıb yanmağa başlayan həsir palazı gözlərimin və əllərimin köməyi
ilə söndürmüşdüm. Mən indi xatırlamıram, dəqiqliklə necə baş vermişdi hər şey,
çünki, çoxdan olub bu, hardasa doqquz-on yaşımda. Uğaqlar qorxaraq çölə qaçmış,
paltar yuyan analarını evə çağırmış, qadın nəfəsi darala-darala qapıdan içəri
girib tavana bərkidilmiş iri qarmaqdan asılı nənnidə yatmış körpəsini xilas etməyə
tələsmiş, amma məni evin ortasında əllərimi açıb diqqətlə oda baxan yerdə görərək
yerindəcə donmuş, nənninin altına çatmış odun yavaşca sönüb yoxa çıxdığından əmin
olanda isə huşunu itirmişdi.
***
Həmin gün məni kilsəyə
apardılar, yadımdadır.
Xidmətçilər, rahibələr tək-tək,
cüt-cüt məni dindirir, verdiyim cavablardan razı qalmayaraq əsəbləşir, deyinir,
özümü, atamı, anamı cəhənnəm odunda yanacağımızla hədələyir, otaqdakı alovu necə,
nəylə, kimin köməyi ilə söndürdüyümü öyrənmək istəyirdilər.
-
Rozariyaaa!!!- deyə bağırırdı üstümə kilsənin ən qoca rahibəsi, - de
görüm, sən otaqda kimlə idin? Kim vardı yanında? Sən neylədin ki, od çəkilib
söndü? De, bilmək istəyirəm, qız!!!
-
Orda körpə vardı. Orda körpə yatmışdı nənnidə. Mən od gördüm. Sonra
od körpəni aparmaq istədi. Mən odu qucaqladım, dedim, getmə nənninin yanına,
uşağı yandırma, - mən dilim topuq vura-vura artıq neçənci dəfə təkrar-təkrar
deməyə məcbur olduğum cümlələri bir də deyirdim.
-
Bizi axmaq yerinə qoymusan, şeytan qız? Biz sarsağıq səncə? Nə qədər
ki, ananı şalbana bağlayıb yandırmamışıq, danış görək nə baş verdiyini! – qoca
rahibə kipriksiz gözlərini göz bəbəklərimin içinə sıxa-sıxa deyirdi.
-
Mən xahiş elədim oddan, xahiş elədim ki, yandırmasın uşağı... - mən
ağlayırdım, - mənim anamı yandırmayın, xahiş edirəm sizdən!
-
Yandırarıq!
-
Yoox!
-
Bəsdir! – atam məni kənara çəkdi, - dəli olmusuz? Balaca uşaqdan nə
istəyirsiz?
-
O, balaca uşaq deyil, don Almeyda, - qoca rahibə belini dikəltdi, -
onun qəlbinə iblis də girə bilər, biz katolik kilsəsi olaraq, bunu bilməli və
qarşısını almağa çalışmalıyıq, əks halda bütün şəhərin, bəlkə bütün ölkənin
hansı bəla ilə üz-üzə dayandığının fərqində olmamış kimi görünəcəyik Yaradanın
gözünə.
-
Güldürməyin məni, siz Allah! – atam qolumdan tutub bir az da qapıya
sarı getdi, - siz hardan bilə bilərsiz axı, Yaradanın gözündə nə necə görünür,
kim necədir?!
-
İblis artıq sizin də ruhunuza hakim olmaqda, görünür, - qoca rahibə
xaç çevirdi, - mən bu barədə Müqəddəs Ataya şəxsən özüm hesabat verməli olacam.
-
Mənim qızımı bir də narahat etməyin! – atam qapını çırpdı.
***
Mən onun sağ əlinin
şəhadət barmağından möhkəmcə tutub, yanınca addımlayır, kilsədən evimizə qədər
olan yol boyunca düzülüb bizə baxan, pıçıldaşan, başını bulayan, gülümsəyən,
panamasını götürüb salamlayan adamlara baxmamağa çalışaraq, bütün varlığımla bu
yaraşıq mücəssəməsinə sığınmışdım. Bu anlarda o, mənim üçün dünyanın ən güclü
insanı, ən etibarlı dostu, ən sevimli kişisi idi.
Biz evə gəldiyimiz
zaman mənzildə hər şeyin darmadağın olduğunu gördük. Anam otağın bir küncündə büzüşüb
ağlayırdı. Bizi görəndə qalxıb atama sarıldı, bir əli ilə də məni özünə sıxdı,
hönkürməyə başladı.
-
Nə baş verib burda? – atam onu özündən aralayıb soruşdu, - axı nə
olub?
-
Onlar məni döydülər, evi də bu hala gətirdilər, nə axtarırdılar,
bilmirəm, amma nəsə axtardıqları dəqiq idi, - anam gözlərindən dayanmaq bilmədən
axan yaşları ovcunun arxası ilə tez-tələsik silir, özünü ələ alıb azca da olsa
sakitləşməyə çalışsa da bacarmır, yenidən hönkürürdü, - nə olacaq, Almeyda? Biz
neyləyəcəyik indi? Bizi öldürəcəklər?
-
Dəli olma, Mariya! – atam sərt və sakit tərzdə desə də, üzündə təlaş
vardı, - heç nə olmaz, heç nə eləməyəcəklər bizə, eşidirsən?
-
Axı mən sənə deyirdim, qoşulma bunlara, - anam mənim bütün bu olanlar
üçün özümü günahkar bilib xəcalətimdən ölmək istədiyim bir anda dedi və mən
çaşqınlıqla ona, sonra da atama baxdım.
-
Yığış, gecə hamı yatandan sonra çıxırıq şəhərdən, - atam qəti qərarını
verdi.
-
Bu, ən yaxşısıdır, - anam həmən paltarlarımızı yığmağa başladı.
***
Amma biz şəhərdən
çıxa bilmədik.
Axşam düşən kimi
küçədən hay-küy, güllə səsləri, qadın və uşaq qışqırıqları eşidilməyə başladı.
Atam anamın tikiş
maşınının altlığındakı siyirmədən tapança və daha nələrsə götürüb pencəyinin
astarına tikilmiş gizli cibinə basdı və bizə evdən çıxmamağı tapşıraraq,
ikimizi də öpüb getdi.
Anam Müqəddəs
Mariyanın şəkli qarşısında diz çöküb təsbehində “Ave Mariya” təkrarlamağa
başladı.
Hay-küy, güllə səsləri,
qışqırıqlar evimizə hər an daha çox yaxınlaşmağa başladı və az sonra biz
özümüzü hay-küy, güllə, qışqırıq səslərindən ibarət nəhəng dalğaların qoynuna
atılmış, istiqamətini itirmiş, müvazinətini heç cür saxlaya bilməyən balaca,
yelkənsiz, lövbərsiz, avarsız bir qayıqda dünyanın ən tənha adamları kimi hiss
etməyə başladıq.
Anamın
pıçıltılarına hər tərəfdən nəhəng dalğayla sıxışdırılan evimizin pəncərə
layları arasından, dam örtüyündən sızmaqda olan daha bir qəribə səs qoşuldu
sonra.
Bunun yanmaqda
olan divarlarımız olduğunu anlayanda artıq gec idi.
Tavan üstümüzə
çökmüşdü...
***
Mən elə bilmişdim,
evimizi kilsə rahibələri yandırıblar.
Xilas olduğumu
anladığım ilk anlarda dəli kimi ora-bura qaçıb anamı, atamı axtarmağa başladım.
Yanımdan qışqıran,
söyən, bağıran adamlar keçirdi.
Ətrafımda
yaralılar, ölülər uzanmışdı.
Hər tərəfdən güllə
atırdılar, kimin kimlə davasıydı bu, anlaya bilmirdim.
Bildiyim tək o idi
ki, atam da evdən tapança götürüb çıxmışdı və indi hər an mənim özümə də dəyib
öldürəcək bu güllələrdən birisini o da atmış ola bilərdi.
Bəlkə artıq gec
idi?
Bəlkə mən bunları
düşündüyüm anlarda mənim atam bu bir-birinə olduqca yaxın tikilmiş evlərin
arasında can verirdi?!
Bəlkə də artıq
ölmüşdü?!
Bəs anam?
Yanan, tavanı çökən
təkcə bizim evimiz deyildi.
Nəhəng tonqallar
kimi yanmaqda olan başqa evlərin içindən gələn qışqırıq səsləri kəsilmək
bilmirdi.
Mən onları hələ də
eşidirəm.
Hələ də!
***
Tavan üstümüzə çökəndən
həmən sonra çiyinlərimdən tutub məni qaldıran, kənara sürüyüb buraxan adamın
kim olduğunu bilmədim.
Bəlkə də bu, atam
olmuşdu elə.
Amma yox, atam
idisə, mütləq məni heç olmasa bircə dəfə ya çağırar, ya qorxmamağım üçün bir
söz uydurub deyər, ya da ən azından, bircə anlığa da olsa, bağrına basardı.
Mən küçə boyu
ora-bura qaçdığım zaman kimsə sanki məhz məni təqib edib yaxaladı, belimdən
yapışıb həmən öz çiynindən salladaraq dar dalanlarla qaça-qaça harasa aparmağa
başladı. Adam qaçırdı, mən də heç nə anlamayaraq, çuval kimi onun çiynindən
sallanıb qorxudan dilimi udmuş halda susurdum.
Səs-küyün, güllələrin,
fəryadların bitdiyi yerdəki evlərdən birinin yanında dayandıq.
Bir neçə qadınla və
bir dəstə uşaqla üç-üç bölünüb, qayıqlara oturdulduq və bir azdan mənim
doğulduğum, doqquz-on il yaşadığım şəhər gecənin qaranlıqlarında itməyə
başladı.
***
Mənim olduğum
qayıqda bir qadın, bir kişi, bir də özüm yaşda olacaq qız var idi.
Onları daha əvvəllər
də görmüşdüm.
Joze əmi idi,
arvadı Marta xala və onların qızları Viktoriya.
Viktoriya da hər
bazar gəzintisi vaxtı mənə dilini çıxarıb, ağız-burnunu əyən uşaqlardan idi,
amma indi o, sakitcə anasına qısılmışdı, gözlərini üstümə zilləyərək susurdu.
Anamı istədim.
Üşüdüyümü və
ağladığımı görən Marta xala məni də qucağına sıxdı:
-
Darıxma, - dedi, - səhərə yaxın tamam başqa bir yerdə, rahat evdə
olacağıq, sizə noxud şorbası bişirəcəm, sonrasına baxarıq.
-
Mənim anamı görmədiniz? – mən sakitləşə bilmirdim.
-
Yox, onu görmədik, - Marta xala kədərlə cavab verdi.
-
Axı niyə? Axı o da evdə idi, mənim yanımda oturmuşdu, Mariya Anaya
dua oxuyurdu.
-
Yəqin Mariya Ana onun qeydinə qalar, sən sakitləş, ağlama, səhər, ya
da birisi gün bir xəbər öyrənə bilərik şəhərdə qalanlar barədə.
-
Sakit qalın, danışmayın! – avar çəkən Joze əmi bizə xəbərdarlıq etdi,
- bilmək olmaz, izləyirlər bizi, ya yox.
-
İlahi, qoru və rəhm et... - Marta xala astadan pıçıldayıb köksünü
ötürdü.
Biz susduq...
***
Joze əmi atamla
dost idi. Tez-tez birlikdə səhərə qədər ya bizdə, ya da onlarda oturub portveyn
içərdilər. Belə gecələrdə onlar çox astadan danışar, pəncərələrin taxta
laylarını da bərk-bərk sıxıb bağlayar, pərdələri örtər, lampanın işığını
azaldardılar.
Marta xala isə
anamın yanına gələrdi. Onun kətan üstə əla naxış tikmə bacarığı vardı və anamın
tikdiyi ağ köynəklərin yaxalıqlarını, qollarını, ətəklərini tikmələyərdi. Belə
köynəklər daha baha satılardı və onlar qazandıqları pulu tən ortadan bölüb
yenidən iş başına keçərdilər.
Amma Viktoriya ilə
mənimki heç tutmurdu. Gah anamın hər ikimizə hazırladığı əski gəlinciklərdən mənimkinin
hörüklərini kəsir, gah içdiyim suya duz qatır, gah diliylə islatdığı barmağını
ovulmuş bibərə batırıb ağzıma sürtürdü.
İndi mən bu ailənin
qayığı ilə şəhərdən köçür, bir daha nə evimizi, nə valideynlərimi görməməyə məhkum
olurdum.
Amma, təbii ki, həmin
gecə bunları düşünmürdüm, əksinə, elə bilirdim, sahilə yan alacağımız zaman
atam, ya anam, ya da bəlkə elə hər ikisi gəlib qarşılayacaq, məni onlardan təhvil
alıb rahat yaşaya biləcəyimiz bir evə aparacaqlar.
***
Amma bizi İlya
dayı adlı bir rus qarşıladı.
İlya dayı başı
daz, azca dolubədənli, gömgöy gözləri və at arabası olan ortayaşlı bir kişi
idi.
Joze əmi dedi ki,
biz indi ondan ayrılıb İlya dayıgilə getməliyik, sonra hər şey yaxşılıqla bitərsə,
o və çox yəqin ki, mənim atam da buralara gəlib bizi tapacaqlar, hələlik isə
xoş gələcək naminə savaşmaq vaxtıdır, daldalanmaq yox.
-
Bəs anam? Bəs mənim anam necə olacaq? – soruşdum.
-
Qızım, - Joze əmi məni qucaqladı, deyəsən gözləri də doldu, - anan
Mariya bizi tərk elədi, indi o, göylərdən sənə baxır və İlahiyə dualar oxuyur
ki, xoşbəxt yaşayasan.
-
Axı o mənim yanımda idi, - mən Joze əminin nə dediyini anlasam da
özümü bu sözlərdən heç nə başa düşməyən kimi göstərirdim, istəmirdim mənə həqiqəti
bu cür desinlər birdən-birə və istəmirdim həqiqəti məhz həqiqət olduğu üçün qəbul
etmək, mənə onun “anan da gələcək, amma sən bir az da böyüyəndən sonra”
kimi həqiqət olmayan sözləri daha çox
lazım idi indi, axı mən onsuz da artıq dumanlı da olsa xatırlayırdım pəncərə
taxtaları arasından, dam örtüyündən içəri sızan alovun anamın “Ave Mariya”
pıçıltılarına qarışmış səsini, sonra tavanın üstümüzə çökməsini, anamın mənə
uzalı əlindən asılı qalmış təsbehin muncuqlarını...
-
Söz ver ki, yaxşı qız olacaqsan, anana, atana layiq, vətənimizə
layiq, yaxşı, Rozariya? – Joze əmi məni bir də bağrına basdı və mənə elə gəldi
ki, bu dəfə o, bunu mən onun ağlamaq həddində olduğunu görməyim deyə etdi.
-
Söz verirəm, - onun boynuna sarıldım və deyəsən mən də istəmədim o,
ağlamağımı görsün, dodağımı möhkəmcə dişlədim.
Ayrılanda o, mənə
bəzi muncuqları azca yanıb qaralmış bir təsbeh verdi, kimin olduğunu demədi, mənə
nə üçün verdiyini də.
Amma mən anladım.
Bu, anamın təsbehi
idi.
2
İlya dayının evi
iki otaqdan və bir balaca mətbəxdən ibarət birmərtəbəli alçaq tikili idi.
Onun məndən və
Viktoriyadan üç ya dörd il böyük iki oğlu, balacaboy, qarayanız portuqal arvadı
vardı. Onlar kənd adamları üçün evlərin içində rus sobaları hazırlamaqla
dolanırdılar, bir də at arabasıyla kəndliləri bazara, bazardan qayıdanları isə
kəndlərə daşımaqla. İlya dayı öz vətənində asılmağa məhkum edilmişdi və edamına
bir gün qalmış bir neçə yoldaşı ilə həbsxana gözətçilərini öldürüb aradan
çıxmış, bir müddət əvvəlki silahdaşlarının köməyi ilə müxtəlif yerlərdə gizlənmiş,
sonra ilk fürsətdəcə bizim ölkəmizə gəlmişdi. O vaxtdan da burada yaşamışdı.
Arvadı Elena Marta
xalaya tez-tez xəbərdarlıq edirdi ki, İlya dayının şərab içib sərxoş olduğu
zamanlarda onunla təklikdə qalmasın, çünki o, inqilabçı və yaxud da əksinqilabçı
( Elena ərinin kim olduğunu bilmirdi və bilmək marağında da deyildi) olmasından
əlavə həm də dəhşətli dərəcədə şorgözdür, imkanı olsa, itlə də yatar.
İtlə yatmağın nə
demək olduğunu o zamanlar anlamırdım və İlya dayının sərxoş olduğu zamanlarda
itlə yatmaq azarından Viktoriya ilə öz aramızda söhbətləşib o ki var,
gülmüşdük. Hətta bir dəfə onların Alexandro və Kolya adlı oğlanları növbəti dəfə
bizə su səpib cırnadanda üzlərinə beləcə də bağırıb gülmüşdük:
-
Ayıb olsun sizə, ayıb olsun! Sizin atanız sərxoş olanda itlə yatır,
ayıb olsuuuunnnn!
Onlar bizim
anlamadan dediyimiz sözlərdən heç nə başa düşməyərək, analarının yanına
qaçmışdılar. Az sonra isə Marta xala həyətə çıxıb məni də, Viktoriyanı da möhkəmcə
kötəkləmişdi.
Biz həmin axşam
şorba yeməkdən məhrum olaraq, çardaqda yatmalı olduq.
***
İki aydan sonra isə
Marta xala özünü asdı.
Onun öldüyü
axşamdan bir gün qabaq İlya dayı səhər sübhdən çıxıb bazara adamlar aparmış,
axşam qaranlıq düşəndə isə sərxoş halda evə dönmüşdü.
Oğlanları həmən mətbəxin
bir küncünə qısılıb analarının səssizcə verdiyi kökələri və turşumuş südü
içmiş, elə oradaca yatmışdılar.
Mən və Viktoriya
yenə çardağa çıxarılmışdıq.
Gecənin bir aləmində
üfunət qoxuyan bir ağızın dodaqlarımı heyvan kimi çeynəməsinə ayıldım. Nə baş
verdiyini anlamır, gözlərimi nə qədər böyük açsam da, qaranlıqda heç nə görmür,
var-gücümlə çırpınır, ayaqlarımı bir-birindən aralamağa çalışan nəhəng əlin
barmaqlarına müqavimət göstərə bilmirdim. Bu barmaqlardan bütün varlığıma
yayılan ağrı dözülməz idi. Başımın hərləndiyini, hələ də üfunətli ağızın içində
çeynənməkdə olan dodaqlarımla, ağladığıma görə dolmuş burnumla nəfəs ala bilmədiyim
üçün boğulduğumu hiss elədim. Bədənim halsızlaşanda dodaqlarımı azad edən ağız
qulağımın içinə fısıldadı:
-
Əlini ver buraa, səsini çıxartma, əlini verrr, bu da nədi belə
sıxmısan? Bu nə muncuqdu? Lənətə gələsən! – təsbehimin çardağın bir küncünə
çırpıldığını eşitdim, özümün də artıq yerini bilmədiyim əlimin tərli bir ovucda
sıxılıb, yapışqan yaxılmış kimi kirli bir bədəndə dəli kimi gəzdirildiyini
anladım, - kimsəyə desən, başını kəsərəm...
-
Get, get burdan, get, - aramsız pıçıldadım, yanımda yatan
Viktoriyanın oyanıb qışqıracağından, İlya əminin başlarımızı kəsəcəyindən elə
qorxurdum ki!
***
Amma Viktoriya
yerində qurcalanan andaca o, yerə çökdü və demək olar ki, sürünə-sürünə
çardaqdan çıxıb getdi.
Mən sümüklərinin
içindən suyu çəkilib çıxarılmış kimi boş və heysiz olan ayaqlarımı bir yerə
yığaraq, qalxmaq istəyəndə belimin, qarnımın, sinəmin ağrısına əyilib yenidən
üzüqoylu yatağımın içinə düşdüm. İçi quru samanla dolu döşəyi, yastığı didib
parçalamaq, dağıtmaq istəyirdim, artıq oyanıb oturmuş Viktoriyanın dünyadan xəbərsiz,
qayğısız nəfəsi kürəyimə toxunduqca sakitləşməyə başladım. İndi bu evdən
qaçmaqdan başqa heç nə haqda düşünmək vaxtı deyildi və mən Viktoriyanın da bir
gün mənim bir az əvvəlki halıma düşəcəyini ağlımdan ani də olsa keçirəndə bütün
bədənimi soyuq tər basdı.
-
Nə olub? Niyə qurdalanırsan? - əsnəyə-əsnəyə soruşdu.
-
Heç nə olmayıb, - səsim titrəyirdi.
-
Mən yuxuda sənin ananı gördüm. O, təsbeh çevirirdi, balaca ağ buludun
üstündə dayanmışdı, Müqəddəs Mariyaya oxşayırdı lap. Amma onun kimi mərhəmətli
deyildi, İlya dayını göstərib ağlayırdı, o ağladıqca da İlya dayı yanırdı, elə
bil ona yağ sürtüb od vurmuşdular, - Viktoriya bunları da əsnəyə-əsnəyə dedi və
yastığa çökdü.
Mən bütün
ağrılarımı unudub, çardağın bayaq təsbehimin çırpıldığını eşitdiyim tərəfinə
süründüm, əllərimi döşəmədə gəzdirməyə başladım, bir azdan isə qaranlıqda heç nə
görməsəm də, barmaqlarımın soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı
qoxuyan ayaqlara toxunduğunu hiss elədim, nəfəsimi içimə çəkib başımı
qaldırdım, saçlarımı arxaya tumarlayan əldən boynuma sürüşən təsbehi hiss elədim,
bir də... anlayan olsa, deyərdim ki, alnımın tən ortasıyla eşitdiyim pıçıltını:
-
Yat...hər şey yaxşı olacaq...mən səninləyəm!
***
Marta xala özünü
asdı.
İlya dayını həbs
etdilər.
Elena evə yığışan
kəndlilərə ağlaya-ağlaya deyirdi ki, İlya bu gecə çox sərxoş imiş, Martayla
yatıbmış, elə-belə də yatmayıbmış, Martanı qorxudaraq, bıçaqla yaralayaraq
yatıbmış, Elena onların hənirtisinə gələndə isə Martadan qopub, onu it kimi
döyübmüş, səsə oyanan oğlanlarını da təpikləyibmiş.
Alexandronun sağ
qolu sınmışdı.
Kolya dayanmadan
ağlayırdı.
Marta xala hələ də
ağacdan asılı qalmışdı.
Viktoriya
qışqırır, hönkürür, hamıya məni göstərirdi:
-
O, ifritədir! O asıb mənim anamı! O, öz anasını da öldürmüşdü! Hamını
öldürəcək o! Hamını! Hamını yandıracaq, baxarsız!
Mən həyətdən
çıxdım...
***
İnsan özünü
tapmadığı yerlərdə qərib olur, özünü itirdiyi yerlərdə məğlub.
Mən ilk dəfə nənnidə
yatan bir körpənin alovda yanmasını istəmədiyim üçün itirməli oldum özümü.
İnsan özü üçün istədiklərinin əvəzində də istədiyinin dəyərində nədənsə keçməyi
qabaqcadan gözünə almağı bacarmalıdır, çünki, istədiyini sənə verməyə razı olan
qüvvə ya tez, ya gec, ya birdəfəlik, ya hissə-hissə, mütləq əvəzini alacaq səndən.
Mən ilk dəfə başqa
bir insanın oddan qurtulmasını istəmişdim, bunu o qədər ürəkdən istəmişdim ki, əvəzində
od anamı aparanda belə heç bir şey anlamadan sadəcə ağlamışdım. Anamı itirməyimi
dərd kimi qəbul etmişdim, halbuki onun odda yanmaq qismətini mən özüm satın
almışdım taledən – odun aparmalı olduğu başqa bir insan həyatının yerinə...
Demək, buna görə gərək
imiş dualar, ibadətlər, qurban mərasimləri...
İnsanlar
tapındıqları qüvvədən arzularının həyata keçməsini, düşdükləri müşkül vəziyyətdən
ən azından itkisiz qurtulmağı, yaxınları, doğmaları üçün nəyi isə istədikləri
zamanlarda buna görə səcdəgahlara üz tuturmuşlar!
İstəyinin
müqabilində ruhunu verməlisən, ruhunu verməsən, cismindən, varidatından,
sevdiklərindən alıb aparacaq tale dediyin, başqa variant yoxdur...
***
-
Rozariya! – çağıran səsə döndüm, Marta
xalanın hələ də cəsədi ağacdan asılı qalmış həyətə yığışan kənd adamlarının
içindən çıxıb ardımca qaçan qarayanız, hündürboylu oğlanı ilk dəfəydi görürdüm
deyə ani olaraq yerimdə dayansam da, ondan daha arxada qalmış dəstənin
hay-küyündən qaçmaq istəyim bu tanımadığım oğlanın məni öz adımla rahatca
çağırmasından yaranmış marağıma üstün gəldi və mən harasınadək gedəcəyimi bilmədiyim
yolla daha artıq sürətlə qaçmaqla davam etdim.
-
Rozariya! Dayan, Rozariya, qaçma! – oğlan
israrla çağırmağa başladı, dönüb baxdığım zaman onun mənə hər an daha bir az
yaxınlaşmaqda olduğunu gördüm, hay-küylü adam dəstəsi təpənin ardında görünməz
olmuşdu indi, kəndin daxmaları da arxada qalmışdı, irəlidə meşə başlayırdı, kəndin
bitdiyi, meşənin başladığı yerdəsə Padre Xulionun evi yerləşirdi. O, bir müddət
əvvəl, daha doğrusu, elə bizim də Portudan qaçıb buralara sığındığımız
vaxtlarda oğlu, ya da oğulluğu ilə bura gəlib respublikaçıların təqibindən gizlənmiş,
əsasən iezuitlərdən ibarət olan kənd adamların arasında Allahın mərhəmətinə
ümidlə yaşamağa başlamışdı.
-
Rozariya! – oğlan bir də lap yaxınlığımda,
demək olar ki, qulağımın dibində bağıranda mən Padrenin qapısını iki əlimin
yumruqlarıyla döyəcləyirdim:
-
Padre! Padre Xulio! Açın! Açın, Allah
xatirinə!
-
Niyə qışqırırsan? – oğlan böyrü üstə
yıxılmış ikicə kəsik kötükdən ibarət pilləkənin birincisinə çöküb təngnəfəs halda
soruşdu, - niyə qaçırdın və indi niyə qışqırırsan?
-
Paadree! – mən ona əhəmiyyət verməyib qapını
yumruqlamağa və qışqırmağa davam etdim, - açın qapını!
-
Yaaxşı! – oğlan bir əlini sinəsinə sıxmış
halda boğazını arıtladı və qapının cəftəsini çəkib açdı, - açdım, buyur, indi
gir içəri və de, görüm bura niyə qaçırdın.
-
Sən Padrenin evinə özbaşına niyə girirsən?
–mən artıq astanadan içəri adlayıb məni də ardınca çağıran oğlana mat-mat
baxdım.
-
Bura həm də mənim evimdir, mən də burda
yaşayıram.
-
Sən Padre Xulionun oğlusan? – onu
başdan-ayağadək heyrətlə və diqqətlə nəzərdən keçirdim.
-
Oğlu da deyə bilərsən, onsuz da hamı belə
deyir, - o, otağın ortasındakı masanın üzərindən dolçadan dəmir fincana su
töküb bir-iki qurtum içdi, qalanını mənə uzatdı, - iç, sən də yorulmusan.
-
Sağ ol, - mən fincanı boşaldıb masanın üstünə
qaytardım, - bəs məni hardan tanıyırsan sən?
-
Səni kim tanımır ki, Atəş qız? – o, güldü, -
buralarda hamı ancaq elə səndən danışır, Portudan gələn balaca ifritə!
-
Sarsaqlama! – mən dönüb getmək istəsəm də,
gözümə dəyən balaca səcdəgahdan keçə bilməyərək qarşısında dayandım.
-
Müqəddəs Mariyadır, - oğlan da yanıma gəldi,
- deyirlər, sənin anan ona çox bənzəyirmiş, adı da Mariya imiş, düzdü?
-
Hə, eləydi adı, - mən əllərimi sinəmdə cütləşdirib
səcdəgahdakı qadın fiquruna təzim etdim və xaç çevirdim.
-
Demək, sən də Ona bənzəyəcəksən, çünki,
ananın surəti olduğunu da deyirlər sənin.
-
Sən nə çox bilirsən mənim barəmdə?! – mən səcdəgahdan
aralanıb qapıya doğru getdim, - mənsə heç sənin adını da bilmirəm.
-
Pako, - dedi, - getmə, Padre də gələcək
axşama, axı hara gedəcəksən ki? Evin yox burda, ailən yox...
-
Viktoriya...
-
O qız səni diri-diri yandıracaq bir gün, -
Pako ucadan güldü, - hamı da inanır ki, sən odla oynayan ifritəsən, adamlara bəla
gətirirsən, heç kəs istəməz səninlə yaşamaq... yəni, heç kim istəmir...
-
Nə bilirsən axı? – qapıya doğru daha bir
addım atdım, o, qarşımı kəsib gözlərimin içinə baxaraq qətiyyətlə dedi:
-
Padre deyib mənə. Padre hər şeyi bilir,
Padre Xulio səni heç yerə buraxmayacaq, Rozariya, çünki, səni heç yerdə
yaşamağa qoymayacaqlar.
-
Mənim atam var, mənim atam gələcək bir gün,
ya da mən gedəcəyəm Portuya, tapacağam onu, - göz yaşlarımı ovuclarımın içiylə
silməyə çalışaraq dedim.
-
Padre gəlsin, sonra, sonra, Rozariya, sonra
danışarıq, indi mənə kömək elə, buraları silək, süpürək, şorba hazırlayaq...
***
On yaşlı bir qızcığaz özündən üç ya dörd il
böyük bir oğlana ev işlərində nə dərəcədə yardımçı ola bilərdisə, mən də Pakoya
o qədər kömək edə bildim və axşam Padre Xulio adlı uzun, arıq portuqal qapını açıb
içəri girdiyi zaman məni görüb, bu dünyada ən dərdli insanın əlinə qəfil xoşbəxtlik
düşdüyü üçün necə sevinib gülümsəyə bilərdisə, o cür gülümsədi:
-
Áve, María, grátia pléna! – deyib qarşımda dayandı, diqqətlə üzümə,
gözlərimə baxmağa başladı.
-
Salam, - mən özüm öz səsimi zorla eşidəcək qədər astadan dedim.
-
Salam, Rozariya! – ucadan dedi, - xoş gəldin!
-
Pako deyir ki, mən burda qalmalıyam, Pako deyir ki, bunu Siz belə istəmisiz.
-
Pako haqlıdır, - o, oğlanın uzatdığı dəmir fincandakı suyu başına çəkdi,
- sən burda qalmalısan... daha doğrusu, həm burda, həm də Mişel ananın yanında,
o, çox da uzaqda yaşamır, Pako səni istədiyin zaman onun yanından bura, burdan
da ora aparıb-gətirəcək.
-
Bəs mənim atam? Atam gələcəksə, İlya dayıgildən məni soruşacaqsa,
onlar da yerimi bilməyəcəklərsə, onda bəs necə olacaq hər şey? – səsim titrədi.
-
Narahat olma, Rozariya, - o, dəmir fincanı masanın üstünə qoyub mənim
başımı tumarladı, - mən sənin atanı tanıyıram, Almeyda ilə Joze birgə mənə
yardımçı oldular Portudan qaçmaqda, bura gəlməyimi də elə onlar məsləhət gördülər,
səndən canım çıxana qədər muğayat olacağıma söz verdim.
-
Siz mənim atamı tanıyırsız? – az qala diz çökəcəkdim qarşısında, -
hardadır o? Padre, Allah xatirinə, deyin, hardadır mənim atam?
-
İndi bilmirəm, Rozariya, - o, köksünü ötürdü, - oralarda indi nələr
baş verdiyini də bilmirəm dəqiqliyi ilə. Bildiyim tək odur ki, sənin yaşına görə
olmayan söhbətlərdi bunlar və mən sənə Portuda respublikaçılarla katoliklər
arasında gedən mübarizədən nə danışım ki?
-
Biz artıq Respublika vətəndaşlarıyıq! – Pako gözləmədiyim bir qürurla
dedi, - mənim də valideynlərim respublikaçıdırlar.
-
Hə, amma onlar həm də gözəl insanlar, yaxşı dostlardırlar, - Padre
Pakoya pərt nəzər saldı, - bizi siyasət və din ayırsa da, insanlıq və bəşəri
duyğular daha da yaxınlaşdırmış oldu, mən təqibdə olan katolik kimi həyatımı həmin
bu respublikaçı dostlarıma etibar etdim, onlarsa, öz balalarını mənə
tapşırdılar, bilə-bilə ki, başqa katoliklər üçün bu uşaqlar ən qatı düşmənlərin
övladlarından başqa bir şey deyillər.
-
Mişel ana kimdir, Padre? – mən bayaqdan adı bircə dəfə çəkilib
unudulan qadını soruşdum.
-
Əslən fransızdır, katolikdir, o da Portu ilə Vatikan arasında bütün
bağlar qırılandan sonra başını götürüb ucqarlara pənah gətirənlərdəndir,
etibarlı adamdır, onun yanında atan səni gəlib aparana qədər qala bilərsən.
-
Mən də gələcəyəm tez-tez, - Pako dedi.
-
... – mən susdum...
***
Padre mənə və Pakoya əsl ata
mehribanlığı ilə qayğı göstərirdi, bizsə təsərrüfat işlərində ona yardım
edirdik.
Adamlar tez-tez artırmanın
yanınadək yığışıb paytaxtda baş verən hadisələri müzakirə edir, Padrenin sakit
və təmkinli çıxışından sonra isə hamılıqla dua edib evlərinə dağılışırdılar.
Belə günlərin birində Elena
xala Viktoriya ilə birlikdə gəlib məni evə aparmaq istədilərsə də, Padre razı
olmadı, heç mən özüm də bir daha ora qayıtmaq istəmirdim. Amma Viktoriya üçün
darıxdığımı hiss edirdim, məni hər zaman qıcıqlandırıb özümdən çıxarsa da, mənim
barəmdə bütün kənd uşaqlarına “odla oynayan ifritə” nağılı danışsa da, anasının
özünü asdığı gün məni onun ölümündə təqsirli bilib üstümə bağırsa da, mənim
atalı-analı illərimin, xoşbəxt və qayğısız həyatımın tək və yeganə şahidi olan
bu qızı çox istəyirdim.
Pako Alexandro və Kolya ilə həmyaşıd
idi deyə, onlar da bir çox başqa yeniyetmələr kimi demək olar ki, hər gün
Padrenin evinə gəlirdilər.
Padre onlar üçün İisus Xristos
və Mariya barədə danışır, dualar öyrədir, kilsənin dövlət üçün vacibliyindən
söhbət açır, ölkənin gələcəyinin məhz bu yeniyetmələrin həyatı necə dərk edib
yaşayacaqlarından asılı olmasını deyirdi:
-
Yepiskopun
istəyi – kilsənin azad söz hüququ idi, amma buna görə onu devirdilər, kilsənin
başqa yüksəkçinli simaları da sürgün həyatına məhkum oldular, artıq məktəblərdə
dini dərslər də keçirilmir, kilsəyə ianə və qurbanlar qəbul etmək qadağan
edilib, açıq şəkildə dualar oxumaq, dini geyimdə gəzmək mümkün deyil, hökümət
idarəçiliyin əsas sütunlarından biri olan dindən imtina etməklə dövləti də, əhalini
də çətin duruma salmaqda davam edir, adamlar başlarını itirmiş bir vəziyyətdə sanki
nə edəcəklərini belə bilmədən yaşamağa vadar ediliblər, mən bəxti gətirən minlərdən
biriyəm ki, hələ də İisus və Mariya adıyla sizlər üçün dualar oxuya bilirəm, nə
qədər çəkəcək bu, bilmirəm, çünki hər an sizlərdən ayrılmaq qismətini qəbul etmək
məcburiyyəti yarana bilər...
Padre evdə olmayanda isə Pako
öz dostlarını yenicə qurulmuş respublikanın yaşaması naminə mübarizəyə, savaşa
hər zaman hazır olmağa, kilsənin dövlətdən ayrı olması üçün qanından-canından
keçən insanların əməyini dəyərləndirməyə çağırırdı:
-
Kral ölkədən qaçandan sonra yaranmış
qarışıqlıqda bizim atalarımız, analarımız rahat, azad Portuqaliya uğrunda
savaşa qalxdılar, biz isə dağlara, meşəliklərə səpələndik, evlərimizdən,
doğmalarımızdan uzaq düşdük, heç birimiz əminliklə deyə bilmərik ki, hər şey
bitəndən sonra bizim həyatımızın qopub qırılan parçaları yenidən qurulub
qayğısız və xoşbəxt uşaqlıq illərimizdəki kimi rahatlıq gətirəcək. Amma biz
atalarımızın, analarımızın bizim üçün, bizim xoşbəxt yaşamağımız üçün
başladıqları işdə onların yardımçıları və ardıcılları olsaq, o zaman həqiqətən
də Padrenin dediyi kimi, ölkənin gələcəyi bizim onu necə görmək istəməyimizdən
asılı olacaq. O gələcəyi biz özümüz qurmasaq, o ölkəni özümüz yaratmasaq, bizə
onu heç kim heç vaxt heç bir halda hədiyyə olaraq verməyəcək. Azad
Portuqaliyanı biz yaratmalıyıq, biz, yalnız biz!
3
Mən – kişisi respublikaçı, qadını katolik
olan ailədə doğulmuşdum. Anamın duaları hər zaman atamın inqilabçı şüarlarıyla
yanaşı səslənmişdi iki yanımda və mən atamın dostları üçün bir üsyançının
katolik qadından doğulmuş qızı idimsə, anamın rəfiqələri üçün də bir katolik
qadının kilsəyə qarşı dayanmış bir kişidən aldığı inqilab zərrəsiydim az qala.
İndi, anamı itirdiyim, atamdan ayrı düşdüyüm
bu aylar, illər boyunca Padrenin evində, Mişelin komasında mən bütün həyat tərzimlə
əsl rahibə məktəbinin davamçısı kimi görünsəm də, içimdə qaynar bir dünya
daşıdığımın da fərqindəydim.
Pako!
Mən onu sevirdim...
Mən onun üsyançı ruhuna məsumca aşiq
olmuşdum.
O, mənə atamın dünyasını xatırladırdı, mən hərdən-hərdən
onun sinəsinə qısılıb anamı düşünmək, onun atamı necə sevdiyini anlamaq, onun
atama hiss etdiklərini duymaq, onun atamla birgə yaşadıqlarını yaşamaq istəyirdim.
Pakonun olmaq!
Bu, mümkün idimi?
Bu, mümkün deyildimi?
Bir rahibənin bir inqilabçıya vurulması, ona
ərə getməsi, ondan uşaq dünyaya gətirməsi nə verə bilərdi ki dünyaya?
Bunu daha əvvəl atamla anam yaşamışdı.
Bunu bundan sonra mən Pako ilə yaşamaq istəyirdim.
Dodaqlarımdakı dualar dodaqlarındakı
şüarlara qarışacaqdı, içimdəki həlimlik içindəki üsyankarlıqla qovuşacaqdı,
balaca pakolar, balaca rozariyalar doğulacaqdı sonra, onlar, ola bilsin ki,
dinin və siyasətin insanları bir-birindən ayıra bilməyəcəyi Portuqaliyada
yaşayacaqdılar, o Portuqaliyanı isə bir yaradacaqdıq, biz, yalnız biz!
Pakoya vurulmaq!
Bu, könüllü olaraq özünü ayrılıqlara, məhrumiyyətlərə,
həyatın bütün çətinliklərinə məhkum etmək demək idi.
Yer üzünün harasında, hansı bir qadın hansı
bir üsyançıya aşiq oldu da bunları yaşamadı ki?
Sənin hədiyyən – ətir və qızılgül dəstəsi
yox, sevgilinin zindan divarlarından edam qabağı yazıb ötürdüyü kirli məktub
olacaq bəlkə.
Sənin görüşün – silah önündə dar ağacına
aparılan yol boyu üzünə belə baxmayan əsgərlərin mundirlərinə toxuna-toxuna
addımladığın dəqiqələrdən ibarət olacaq bəlkə.
Sənin öpüşlərin – bumbuz, gömgöy, nəfəssiz,
səssiz, sözsüz dodaqlara qismət olacaq bəlkə.
Amma sən bütün bunlara hər an hazırsan, hər
an!
Pakonu sevmək!
Odu baxışlarımla, alovu ovuclarımın içi ilə
tutub saxlamaq, sındırmaq, söndürmək bundan min dəfə, milyon dəfə,
saysız-hesabsız dəfələrlə dəfə asan idi mənim üçün.
Mən dünyanın ən zəif qadınının ən ağır yükü
çəkmək qismətini seçmişdim.
Mənim seçimim – mənim həyatımın bütün mənası
idi.
Mən yaşayırdım...
Odun içindəydim artıq, alova bürünmüşdüm,
üstüm-başım, içim-çölüm dilim-dilim atəş idi, yanırdı, Günəş ruhuma köçmüşdü mənim,
Günəş ruhuma köçmüşdü...
Pakoda nə vardı?
Od vardı onda!
Od çəkmişdi məni, od aşiq etmişdi məni bu dəli-dolu,
ucaboy, qarayanız, qaynar gözlü oğlana.
Ona vurulan bütün Fatima qızları, qadınları
arasında sevgisinə qarşılıq ala biləcək o tək və o yeganə birisi kim olacaqdı,
kimsə bilmirdi.
Hərçənd, heç bir qızın, heç bir qadının
Portuqaliyanın bircə zərrəsi qədər də ümidi yox idi onun sevgisinə...
Pakodan uzaq qalmaq!
Bu, dünyanın ən dəhşətli əzabı, ən müsibətli
işgəncəsi idi.
Amma mən buna məcbur idim.
Mən – sadəcə ilk gənclik illərini yaşamağa
başlayan və ilk dəfə bir oğlana vurulan bir qız idim.
O isə...
***
- Mən
Portuqaliyanın xilas mələyiyəm! – deyirdi Pako, - sən də xilas mələyisən, o da
xilas mələyidir, biz hamımız Portuqaliyanın xilas mələkləriyik, içimizdə sevgi,
ruhumuzda üsyan, ürəyimizdə ədalət daşımağa borcluyuq, belə olmasaq, belə birləşməsək,
ölkəmizin yüz il sonrakı taleyi üçün indidən oturub ağlamaqdan başqa heç bir
yolumuz qalmayacaq!
***
-
O da tərki-dünyadır əslində, - dedi bir dəfə Mişel, - gəncliyini, yaraşığını, sağlamlığını
insanlar üçün sülh naminə xərcləmək də Dünyadan, onun məkr və yalanlarından
uzaq dayanmaqdır.
-
Yox, Mişel ana, - mən etiraz etdim, - insanlar
üçün sülh naminə savaşa girmək tərki-dünyalıq ola bilməz axı, bu – özünü qurban
verməkdir, bu – intihar etməkdir başqalarının yaşaması uğrunda.
-
Özünü qurban edən bircə O olub – İisus,
eşidirsənmi, Rozariya? Sənin üçün, mənim üçün, bütün bəşəriyyət üçün ölən
yalnız O olub, Ondan başqa kimsə yox!
-
Mənim anam da ölüb, Mişel ana, mənim anam da
sənin üçün, mənim üçün, bütün bəşəriyyət üçün ölüb, mən də elə öləcəyəm, sən də,
Padre Xulio da, Pako da, hamı, hamı, hətta mənim atam da!
-
Sənin ürəyinə şeytanmı girib, qız? – Mişel
gözlərimin içinə diqqətlə baxdı, - nə danışdığının fərqindəsənmi?
-
Hərdən mənə elə gəlir ki, bu dünyanı tərk eləyən
hər bir adam çıxıb getməsi ilə özündən sonra qalanlara xidmət göstərmiş olur.
Biz bizdən gedənlərin arxasınca nə qədər ağlasaq belə, bu gediş bizim və həmin
adamların bir-birlərindən qurtulmasından başqa bir şey deyil, ağlamaq isə
qalanların öz günlərinə yanıb-tökülməsidir, ağlayan gedənin torpaq altında
çürüməsinin dərdindən ağlamır, getməsi ilə qurtulandan hələ nə qədər müddət
sonra özünün qurtulacağını bilmədiyi, özünün qurtulma məqamı gəlib çatanadək hələ
nə qədər Dünya sınağına və zülmünə tab gətirməli olmasını bildiyi üçün ağlayır,
hərçənd bütün bunları ürəyinin dərinliklərində də olsa bildiyini o heç özü də
bilmir...
-
Mən Padre ilə danışmalı olacağam sənin barəndə,
- Mişel ana həyəcan və təlaşla xaç çəkdi, - İisus səni xilas eləsin və sənə rəhm
eləsin!
-
Mişel ana...
-
Bəsdi! – o, sözümü kəsdi, - bundan artıq
bircə kəlmə də eşitmək istəmirəm səndən! Mən sənə əsl rahibə məktəbi keçmişəm,
səninsə ürəyin Tanrıdadırmı, kimdədirmi, bilmirəm, Rozariya, bu barədə mütləq
Padre ilə danışmalı olacağam.
***
Əslində o zaman mən sadəcə on beş yaşımın
içindəydim və həyatın hələ demək olar ki, başlanğıcında dayanan bir qız üçün həyatın
ən son məqamı olan ölüm barədə danışmaq, düşünmək Mişel kimi rahibəyə qəribə, hətta
bəlkə doğrudan da bir qədər şeytani görünə bilərdi.
Amma düşüncələrimizi bizmi idarə edirik?
Mənə kim və nə zaman öyrətmişdi ki, səhərlər
yuxudan oyanan kimi ilk olaraq Günəşə gülümsəyib salam pıçıldamağı? Mənə kim
demişdi ki, meyvəsini dərdiyin ağacların, çiçəyini qopardığın çəmənliyin,
daşını-kəsəyini yerindən oynatdığın yolun, cığırın da ruhu var, inciyə bilər,
canı var, ağrıya bilər? Mənə kim nə zaman göstərmişdi ki, yanmasını istəmədiyin
həyatın xətrinə odu baxışların, alovu ovucların içi ilə dayandırmaq mümkündü?
Heç kim!
Heç zaman!
Mən sadəcə elədiklərimi bütün ruhumla istəmişdim
hər dəfə.
Mən sadəcə bütün ruhumla istədiyimi
etmişdim...
Hərdən elə bilirdim, gözlərimi bərk-bərk
yumub-sıxıb bütün ruhumla da ətrafımdakı canlı-cansız hər kəsin, hər şeyin hərarətindən
bircə zərrəni özümə çəksəm, bircə anın içərisindəcə özüm boyda od parçasına
dönüb həmən də kül ola bilərəm.
Ölüm barədə düşünmək, ölüm barədə danışmaq nə
idi ki bacardığımın, amma hələ ki istəmədiyimin yanında?
***
Mişel bilmirdi, bilə də bilməzdi ki, mən ən
azından ayda bir dəfə də olsa, anamın ruhu ilə görüşə bilirəm.
İlk dəfə mənim on yaşımda İlyanın çardağında
gecə vaxtı hiss etmişdim onun varlığını, sonralar isə hər ayın ortaları üçün gəldi,
hər ayın.
Əvvəlcə soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu
duyardım havada, sonra isə səsini eşidərdim, “Bizim Ata” duasını pıçıldayardı,
mən həmən ona qoşulub ardınca “Ave Mariya” pıçıldamağa başlayardım.
Dilimin ucundaydı bu sözlər...
pıçıltılarımla dodaqlarımdan bircə-bircə qopub yayılardı otağa,sığal
çəkirdi divarlara, tavana, pəncərə şüşələrinə...
Gözlərimi yumub dua etdiyim zaman içimə
qapılardım tamamən, pıçıldadığım adlardan ətrafıma gözlərlə görünməz bir örtük,
bir pərdə çəkilərdi, təsbehin hər yeni dövrəsində yeni bir pərdə duyardım, ilıq
bir nəfəsdən tərpənərdi bu pərdələr, dalğa-dalğa üzümə, boynuma,
saçlarıma, yumulu gözlərimə toxunardı... dodaqlarım qaçardı azca, bapbalaca bir
təbəssümlə davam edərdim zikrə... həmən başlayardı bu pərdələr dalğa-dalğa,
dövrə-dövrə azalmağa, itməyə... az sonra o doğmaca, o xəfifcə ilıq nəfəslə
baş-başa dayanardım... üzümə, boynuma, saçlarıma, yumulu gözlərimə sığal çəkərdi
barmaqlarım arasından ötürdüyüm hər bir təsbeh dənəsində... uçunardı ruhum bu
ilahi həzzdən, ürəyim köksümü parçalayar kimi çırpınardı, nəfəs nəfəsimə
qarışardı, pıçıltılarıma sarılardı, səsimi unudardım tamam... içimdə doğmaca, xəfifcə
bir başqa səsin pıçıltısını duyardım... öncə mənimlə birgə, sonra mənsiz... tək...
...ağlayardım səssizcə...
***
-
Rəqs gecəsi var! – Viktoriya uzun qızılı hörüyünün ucunu didə-didə həyəcanla
deyib qapıdan içəri belə keçmədən geriyə qayıtmaq istədi.
-
Gəl içəri, - təsbeh zikrimdən ayrılıb ayağa qalxdım, - niyə belə təngnəfəssən?
-
Yoox, tələsirəm, qızlara çatdırmaq lazımdı xəbəri, Pako meşənin içindəki
talaya çağırıb hamını, kəndin bütün qızlarını, oğlanlarını, hamı orda olacaq,
başa düşürsənmi, bu nə deməkdi, Rozariya? – mənə elə gəldi ki, Viktoriyanın həyəcandan
hətta gözləri də doldu, - Pako özü dəvət edib hamını, mənə şəxsən özü deyib
bunu, hamıya xəbər eləməyimi tapşırıb... Rozariya, dəli oluram, Rozariya!
-
Nə olub axı? – onun təlaşını anlamadan soruşdum, - niyə dəli olursan?
Nəyə görə axı?
-
Bilmirəm, bilmirəm, heç nə bilmirəm... - o, pilləkənə çöküb qaldı, -
mən də ona aşiqmi olmuşam? Hamı kimi mən də onamı görə dəli oluram? Bəs
Alexandro? Mən axı onun adaxlısıyam?!
-
Viktoriya, belə şeylər düşünmə, yaxşı? – mənim səsim titrədi deyəsən,
- bax, ağlına belə gətirmə, axı sən Alexandronu sevdiyin üçün ona ərə getməyə
razılıq vermisən, bunu hamı bilir axı?!
-
Hə, əlbəttə, mən nəfəs alıram Alexandro ilə, mən onu dünyada heç bir
kişiyə, heç bir oğlana dəyişmərəm... amma Pako, Rozariya! Mən bilmirəm bu nə
hissdir, onu düşünürəm hər an az qala, Alexandro yanımda olanda da, olmayanda
da, anlamıram nə baş verir.
-
Bəs o? Pako özü səninlə necə davranır? Səni özünə çəkmək üçün nəsə
edirmi? – səsim daha bir az artıq titrədi deyəsən.
-
Yox, Rozariya, yox! – Viktoriya halsızca divardan yapışıb ayağa
qalxdı, - o, heç kimi heç vaxt sevməyib, bilirsən, kəndin bütün qadınları,
bütün qızları ərlərini, adaxlılarını buraxıb onun ardınca hara desə, getməyə
hazırdırlar, inan, bu dəqiqə savaşa belə çağırsa, bircə an belə düşünmədən hər
kəs ardınca gedəcək, hətta sən də, Rozariya, sən də! – o, birdən ayılmış kimi
gözlərini gözlərimdə donduraraq susdu, sonra səsi batmış bir halda, az qala
boğula-boğlula soruşdu, - bəlkə o, səni sevir, hə? Axı sən onunla demək olar ki
bir evdə yaşadın, bir damın altında böyüdün...
-
Yox, nə danışırsan? – mən gözlərimi qaçırtdım, - mən rahibəyəm,
bilirsən, o isə Padrenin övladlığı belə olsa, qanındakı üsyanın yolunu seçib,
adi bir oğlan kimi yaşamağı yox, hətta Padre də onu özünə, öz yoluna çəkə
bilmir, mən kiməm ki?
-
Bilmirəm... - Viktoriyanın gözləri yol çəkdi, - adamlar deyirlər, sən
qəribəsən, rahibələr kimi deyilsən, əzbər bildiyimiz dualara özündən sözlər əlavə
edirsən, Günəşə sitayiş eləyirsən, ruhlarla danışırsan, kabus kimi dolaşa
bilirsən ayın bədirləndiyi gecələrdə kəndin üstündə uça-uça...
-
Dəli olmusan? – mən nə edəcəyimi bilmədən çaşıb qaldım, - bu nə sərsəmləmələrdir?
Kim uydurub bunları?
-
Mən nə bilim? Heç nə bilmirəm, kim görüb, kim eşidib, kim danışıb...
amma əmin ol ki, hamı kimi olmadığını hamı bilir burda, - Viktoriya nəhayət ki,
azca da olsa gülümsündü, - yaxşı, mən qaçım, talada görüşənədək!
***
Viktoriya
haqlıydı, mən İlyanın evindən qaçdığım gündən bu yana bütün bu illər ərzində
Pakoyla birgə yaşamışdım.
O, Padrenin evində
də demək olar ki, hər gün mənim yanımda olmuşdu, Mişelin evinə gedən və Mişelin
evindən gələn yol boyu da yanımca addımlamışdı, təkcə Mişellə qaldığım
zamanlarda bir damın altında gecələməli olmamışdıq, amma hətta belə zamanlarda
da hər gün gəlib su daşımaqda, odun doğramaqda, bazarlıq etməkdə yardımçımız
olmuşdu.
Onun gəldiyini həmişə
dodaq qarmonunda çaldığı melodiyadan bilərdim.
Ürəyim bircə anlıq
dayanardı, sonra dəli kimi çırpınardı ruhum ürəyimin dörd divarı içərisinə
sığmayıb, həmən qaçardım qarşılamağa, həmən atardım əlimdəki işi, həmən
unudardım yanımdakı canlı-cansız hər kəsi və hər şeyi...
Bir dəfə belə bir
söhbətimiz olmuşdu onunla.
-
Sən yaxşı qızsan, - demişdi sakitcə, - amma heyf ki, rahibəsən, heyf
ki, nə mahnı oxuyursan, nə də rəqs edirsən, sən heç üsyançı da deyilsən, heyf,
heyf, heyf...
-
Üsyan insanın içində olmalıdır, insan hər kəsdən əvvəl özünə, öz
dünya istəklərinə üsyan etməyi bacarmalıdır, özünə qalib gəlməyən biri heç
vaxt, heç yerdə, heç kimə, heç bir şeydə, heç cür qalib gələ bilməz.
-
Ah, bağışlayın, bacı, bağışlayın, müqəddəs ana, - o, gülmüşdü, - üzr
istəyirəm ki, xalqımız üçün, ölkəmiz üçün gözəl günlər uğrunda savaş
yolundayam, başımı kilsə astanasına qoyub mütiliyin gilyotin kimi boynumu
vurmasını gözləmək üçün kifayət qədər səbr və mərhəmət yoxdu ürəyimdə.
-
Pako, belə danışma, ən böyük səbr və ən səbəbsiz mərhəmət Tanrıya məxsusdur,
sənsə bu cəhətləri qəbul eləmirsən.
-
Aha, qəbul eləmirəm, çünki, insanlar anlamazlar nə səbrimi, nə mərhəmətimi,
çünki onlar heç Tanrının da səbrini və mərhəmətini anlamadılar, çünki onlar Onun
oğlunu çarmıxa çəkdilər, Onu bir oğrudan daha çox layiq bildilər rüsvayçı və əzablı
ölümə.
-
Bəs sənin içindəki üsyanın bir səbəbi də ürəyindəki mərhəmət hissinə
görə deyilmi? Gözəl gün istədiyin Portuqaliyanın hər bir sakini üçün deyilmi
üsyanın? Səbrin – o gözəl günün gələcəyinə inamından doğmurmu? Səni bu iki
hiss, bu iki cəhət saxlamırmı seçdiyin yolda?
-
Elə bilirsən mən allahsız birisiyəm? Elə bilirsən mən Padrenin
dediyi, danışdığı, öyrətdiyi ruhani saflığın əleyhinəyəm? Qətiyyən! – o, əsəbi
halda otaqda var-gəl etməyə başladı, - Mən sadəcə Tanrıya gedən yolun da Sevgi
kimi tək və hər kəs üçün onun öz ürəyinin tutumu qədər olduğuna inananlardanam
və bütün varlığımla əminəm ki, Padre Xulionun özü də ürəyində tamamilə mənim
kimi düşünür, üzdə olanlar, üzdə nümayiş etdirilənlər yalnız və yalnız kütlə
üçündür, sürü üçündür, təklər, fərdlər üçün deyil, necə ki, sənin üçün deyil,
Rozariya və necə ki, mənim üçün də deyil...
-
Bəs sənin üsyanın? Bəs sənin savaşın?
-
Mənim savaşım da təklərin kütlə üçün nümayişindən başqa bir şey deyil
əslində, - o, köksünü ötürdü, - mən də sadəcə nümunəyəm, məktəbəm, hardasa da
qurbanam və demək hardasa da Tanrı mənim də çarmıxa çəkilməyimə, eyni səbrlə və
eyni mərhəmətlə sadəcə susacaq...
-
Niyə?
-
Çünki, O da nümunədir, çünki O da məktəbdir, O da Təkdir çünki, Təkdir
və bütün təklər kimi O da hər zaman Özünü hər bir şeydə, hər bir halda haqlı
hesab edir.
-
Padre bilir belə düşündüyünü?
-
Padre hər şeyi bilir. Hətta sənin kim olduğunu da, - o, gözləri yol çəkə-çəkə
gülümsədi.
-
Mən kiməm ki? İfritə? Odla oynayan ifritə, hə, Pako? – onun üstünə
yeridim, - Hə? Sən də belə düşünürsən? Padre da belə düşünür? De!
-
Rozariya! – o, əllərimi tutub gözlərimin içinə baxdı, mən baxışlarımı
qaçırdım, üzümün allandığını, köksümün köynəyimin altından hiss olunacaq dərəcədə
çırpındığını hiss elədim, - Sən ifritə deyilsən...
-
Nəyi bilir Padre, nəyi? – mən əllərimi çəkib otaqdakı səcdəgaha sarı
getdim, Müqəddəs Mariyaya sığındım, - niyə demirsən, Pako?
-
Deyirəm, - kədərlə gülümsəyib qapıya tərəf getdi, dəstəyi çəkib
astanadan adlayanda bir daha geri boylandı, - Padre bilir ki... Sən ifritə
deyilsən...
***
Bəs mən kim idim?
İçimdə bir dünya
ağrı daşıyırdım, bir dünya intizar, bir dünya da sevgi.
Anamın ölümü,
atamın xəbərsiz itməsi, Pakoya duyduqlarım...
-
Atanın, Oğulun və Müqəddəs Ruhun naminə... – pıçıldayıb qapını
taybatay açdım, yayın ilıq küləyi üzümü, gözlərimi öpüb baş örtüyümü arxaya çəkdi,
əllərimi küləyin öpüşlərinin üstündən sürüşdürüb baş örtüyümü də, ardınca üst
köynəyimi də soyundum, rahibə paltarlarımı Padrenin astanasında buraxıb
saçlarımı Günəşin, küləyin ixtiyarına verdim, dizlərimədək qalxan otların, çiçəklərin
arasında böcəklərə, kəpənəklərə qarışdım, qollarımı açıb ruhumun oxuduğu
mahnını dinlədim, bircə sözdən ibarət idi bu mahnı, bircə kəlmə idi təkrar-təkrar
səslənən, bircə ad idi oxunan...
-
Pakooooo!!! – çağırdım, - Pako!
Bir anda ətrafımda
canlı-cansız hər şey də, hər kəs də mənə qoşulub onu çağırdı.
***
-
Rozariya! – qadın səsinə döndüm, Mişel idi, Pakoyla birgə Padrenin
evinə gəlmişdi yenə, məni bu halda görüb ayaq üstəcə ölmüşdü, üzü, dodaqları
ağappaq idi, Pako isə çaşqın halda mənə baxır, gözləri sevincdən parıldayırdı,
üzünə işıq səpmişdilər elə bil, - Rozariya, geri dön!
-
Dönəcəyəm, Mişel ana, axşam evə qayıdaram mütləq, söz verirəm, - mən əllərimlə
ətrafımda uçuşan kəpənəkləri o tərəfə-bu tərəfə ötürə-ötürə dedim, - bir az gəzmək
istəyirəm indi.
-
Rozariya, danışmalıyıq! – Mişel mənə sarı gəlməyə başladı, - sən, mən,
Padre, mütləq danışmalıyıq! Eşidirsən?
-
Hə, eşidirəm, amma indi yox, bu gün yox, bu axşam yooox, - mən ona
baxa-baxa arxaya addımlamağa, yana açılmış qollarımla kəpənəkləri uçura-uçura
getməyə başladım.
-
Pako, saxla bu qızı! – Mişel nə edəcəyini bilməyərək təşviş içində
çabalayırdı, - saxla onu, dayandır, Tanrı xətrinə!
-
O, bilir neynir, Mişel ana, ona görə narahat olmayın, gəlin evdə sizə
su verim, için, sonra dua eləyin, - Pako gülə-gülə, gözlərini məndən çəkməyərək
dedi, - onu isə rahat buraxın, qoy getsin.
-
Mən ifritə deyiləm, düzdü, Pako? – mən yerimdə bir dövrə fırlanıb
hoppandım, - düzdüüüü???
-
Düzdü, Rozariya, düzdü! – arxaya atdığım hər addımımda məndən daha
bir az uzaqlaşan Pako qışqırdı.
Mişel dizləri üstə
yerə çökdü...
4
Gitara və dodaq
qarmonu, səs-səsə verib oxuyan kənd oğlanları və qızları, gah aram, gah dəlisov
rəqslər, ayaqların yupyumşaq tala çəmənliyindən belə qopara bildiyi ürək
çırpındıran ritmik tappıltı, əllərin bir-birinə çalınmasından uçuşan gecə
quşlarının qanad səsləri, mən, Pako, sevgi, sevgi, Pako, mən, mən, Pako, sevgi,
sevgi...
-
Sən mələksən, - pıçıldayır qulağıma.
-
Özünsən, - gülürəm, yanağımı dodaqlarından qaçıraraq.
-
Mən Portuqaliyanın, sən mənim, - o da gülür, gülüşü dodaqlarımı od
kimi qarsıb keçir.
-
Hamı deyir, sən heç kimi sevmirsən, - deyirəm.
-
Hamı bilir ki, səndən başqa, - o yenə qulağıma pıçıldayır.
-
Hamı deyir, sənin bircə sevgilin var – Portuqaliya.
-
Hamı bilir ki, sən mənim Portuqaliyamsan, Portuqaliya isə mənim
Rozariyamdır.
-
Sən dəlisən, gülürəm.
-
Sənsə bu dəlinin mələyi, - gülüşü dodaqlarımı qapayır...
***
Biz kəndə gecədən
xeyli keçəndən sonra qayıdırıq.
Yorğunuq hamımız,
qızlar oğlanların qoluna girib, başlarını çiyinlərinə qoyublar, Kolya hələ də
gitarada aram və sakit bir melodiyanı çalır, Pakonun dodaq qarmonu məndədir,
Kolyanın çaldığı melodiyaya köklənmişəm, əynimdə keçən il Viktoriya üçün
tikdiyim, amma ona yaraşmadığı üçün mənə bağışladığı, o vaxtdan da geyinmədiyim
uzun, qara zərif don var, addımlarımı atdıqca bayaq taladakı tikanlı kollardan
birinə ilişib çırılan ətəyindən yalın ayağım görünüb-itir, qarşımda üzü mənə,
arxaya addımlaya-addımlaya gülümsəyən Pako, üstümüzdə səma, səmada topa-topa
keçən qapqara buludlar, hərdən-hərdən onların arasından görünüb-itən Ay, sevgi,
mən, Pako...
-
Səni sevirəm, mənim gözəl Portuqaliyam! – Pako arxaya daha bir addım
atıb qışqırır, qollarını yana açıb, biz hamımız onun qucağına gedirmişik kimi
astaca, yorğunca, xoşbəxtcə addımlayırıq...
Hə, biz hamımız
xoşbəxtik!
***
-
Müharibə başlayıb! – Padrenin astanadaca bizə dediyi bu iki kəlmə
sözlə hər şey bitir amma, hər şey dağılır, hər şey bir andaca ölür...
***
O, getdi...
Mən meşənin içi ilə
qaçıb kəndin çoxdan bitdiyi yerdən keçən kələ-kötür yolda dayandım, o,
Kolyanın, Alexandronun və daha üç nəfərin oturduğu at arabasıyla paytaxta doğru
gedirdi. Kəndin bütün cavan kişiləri beləcə kiçik dəstələrlə at arabalarına
doluşub paytaxta, müharibəyə yollanmaq üçün könüllü olaraq orduya yazılmağa
gedirdilər.
Araba ikicə
addımlığımda dayandı.
O, yoldaşlarından
ayrılıb yanıma gəldi, bircə anlıq gözlərimə baxıb məni qucaqladı, bütün
varlığımla sevdiyim insanın köksünə qısıldım, üzümü sinəsinə sıxdım, özümü nə qədər
saxlamağa çalışsam da, ağlamaya bilmədim...
- Getmə, - dedim.
Saçlarımı oxşadı, əllərinin
titrədiyini hiss edirdim, öpüşdüyümüz zaman gözlərindən dodaqlarıma hopan duzlu
damlalar ürəyimə axdı, ruhum min yerdən gizildəyib yandı.
-
Getmə, Pako, - bir də dedim.
Dodaqlarımı ikicə
sözlə qapadı:
-
Səni sevirəm...
Susdum...
***
-
Dua edək ki, övladlarımız sağ və qalib bitirsinlər savaşı, - Padre
evin qarşısına yığışan adamlara səsləndi, - biz ölkədaxili və ölkəxarici siyasi
gərginliyin müharibə ilə nəticələnəcəyini
daha qabaqcadan da başa düşürdük, amma bu müharibənin özü nəylə, nə vaxt, necə
nəticələnəcək? Kimsə deyə bilərmi?
-
Doğrudur, hələ keçən ilin axırında Anqola ilə Mozambik üçün təhlükənin
yarandığı məlum idi. Almanların Portuqaliya ərazisinə hücumu Almaniya- İngiltərə
sazişinə hücum deməkdir, - adamlardan biri dedi,
-
Aydındır ki, Almaniya Portuqaliyaya birbaşa müharibə də elan edəcək,
- daha birisi söhbətə qoşuldu, - bizim müdafiə dəstələrimiz Anqolaya da,
Mozambikə də getməyə hazırdırlar, mən dünən Portuda könüllülərin necə qətiyyət
və cəsarətlə döyüş meydanına getmək istədiklərini özüm gördüm.
-
Amma Portuda aclıq başlamasa yaxşıdır, adamlar müharibəyə yalnız ruhən
hazırdırlar elə bil, - Portuda dünən olduğunu bildirənin yanında dayanan adam
dedi.
-
Adamlar müharibəyə heç vaxt hazır olmurlar, adamlar müharibədən həmişə
qorxublar, savaşa hər zaman yalnız ordu hazır olub, adamlarsa bütün müharibələrdə
ağrı, qan, itki, aclıq, səfalət, xəstəliklə üz-üzə dayanmağa məcbur olublar, -
Padre söylədi, - və bütün bunların əvəzinə O əzab çəkib, sizin, bizim, hamının
günahının qarşılığında O çəkib ağrını. Bu dünyada səbrin və mərhəmətin tək mücəssəməsi
olan O – İisus! O qədər səbrli olub ki, Onu anlamayıb çarmıxa çəkənlərin də əvəzinə
ağrı çəkməyə tab gətirib. O qədər mərhəmətli olub ki, Onu çarmıxa çəkənlərin
günahından keçməsi üçün o boyda ağrının içində də Tanrıya yalvarıb duasıyla: “
Ata, onları bağışla, çünki, onlar neylədiklərini bilmirlər...” İnsanlar savaşa,
qana heç vaxt hazır olmurlar, amma çox təəssüf ki, onlar bunu yaratmağa hər
zaman meylli olurlar. Hər kəsə hər zaman elə gəlir ki, bu dünyanın bütün
qanı-qadası ondan yan ötəcək, heç kim yanında savaşan iki nəfərdən hansınınsa təsadüfi
də olsa zərbəsini alacağını düşünmür. Onlar həmişə etdikləri günah üçün bir
başqasının əzab çəkəcəyinə arxayındırlar sanki. Kim çəkməlidir başqasının günah
əzabını? Hansı ata sevimli oğlu cani oldu deyə, onun əvəzinə asıldı ki dar
ağacından? Hansı ana hansı məhkəmənin edam qərarını dəyişə bildi ki, övladına kəsilən
haqlı cəza üçün? Hər kəs öz içindəki şeytaniliklə savaşsa, nə ailədaxili
davalar baş verər, nə ölkələrarası müharibələr, inanın. İnanın və ürəyinizi
Tanrıya bağışlayın, Tanrıya bağışlanmayan ürək bir gün mütləq İblis sığınacağına
dönür və hər ürəkdəki İblis də ən azından bircə ruhu da olsa aparır özüylə - Məhşər
günündəki ən böyük savaş üçün öz əsgəri edərək...
***
-
Padre, siz Tanrıya bağışlanmayan ürəkdən danışırdınız, - mən şam yeməyindən
sonra onunla danışmağa cəhd etdim.
-
Sənin buna şübhən var? – o, gülümsədi.
-
Şübhə deməzdim, amma özümün də bu haqda bir qədər başqa cür
düşündüyümü bölüşmək istərdim.
-
Yəni?
-
Mən düşünürəm ki, insan ürəyini Tanrıya bağışlamırsa, həmin ürəkdə
sadəcə qaranlıq bir boşluq ola bilər, İblisin sığınacağı isə ürək ola bilməz.
-
... - Padre sadəcə gözlərimin içinə diqqət kəsilib susdu, daha
doğrusu, sözümün ardını dinləməyə hazır olduğunu bildirdi.
-
İblis insanın ürəyini deyil, beynini zəbt etməyə cəhd edər həmişə.
-
Maraqlıdır...
-
Sevgimiz ürəyimizdə, ağlımız beynimizdə olduğu üçün belə düşünürəm.
İblis sevgi məkanında sığınacaq istəməz, sevgi yalnız Tanrıya gərəkdir – bizim
ürəyimiz kimi. İblis yalnız və yalnız ağlımıza hakim ola bilər, o da əgər ürəyimiz
qaranlıq və boşdursa.
-
Demək...
-
Demək əsl savaş doğrudan da ilk olaraq insanın öz içində gedir.
Ağlımız və ürəyimiz arasında, Padre. Hətta bir insanı sevdiyimiz zaman belə
ağlımızla ürəyimiz iki yolun arasında saxlayır bizi, gah Tanrının, gah İblisin
istəyinə köklənirik, gah sevgimiz, gah ağlımız diqtə edir nə etməli olduğumuzu,
hansını dinləsək, hansının hökmüylə davransaq, ondan asılı olacaq sevdiyimiz
insanla münasibətlərimizin sonrası da.
-
Aşiq olmuş rahibəylə danışıram? – Padre güldü.
-
Siz Məhşər günü olacaq böyük savaşdan danışırdınız, amma bizim hər
birimizin içində hər an Məhşər savaşı gedir, hər an Tanrının və ya İblisin tərəfinə
keçmək üçün sınaqlarla üz-üzə qalmış oluruq və gah məğlub, gah qalib halımızla ətrafımızdakı
insanları da həmin məqamda olduğumuz tərəfin ordusuna çəkmiş oluruq. Bu, bizdən
asılı olmayan bir şeydir əslində. Çünki, biz tam mahiyyətimizlə sadəcə və sadəcə
Tanrının və İblisin savaş meydanıyıq. Bütün Kainatda baş verənlərsə bu iki
bir-birinə əks qüvvənin yüz milyardlarla bu cür
meydanlarda savaşlarından doğur.
-
Yəni?
-
Bizim ruhumuz – üçüncü qüvvədir və bu ikisindən hansının daha güclü
olması məhz bizim ruhumuzun onlardan hansının tərəfində olmasından asılıdır.
Amma biz hansının tərəfindəyik? Hər kəsin ürəyində və beynində olandan asılıdır
bu da. Yəni hər kəsin sevgisindən və ağlından.
-
Mişel mənə demişdi, sənin ürəyinə İblis girib, mənsə indi görürəm ki,
sən İblisin sənin beynində oturub ağlını almasından danışırsan, - Padre yenə
güldü.
-
Mənim beynimdəki İblis hal-hazırda mənim ürəyimdəki Tanrıya aşiq bir
vəziyyətdədir, Padre, aşiq olan İblis isə özü də öz ürəyini Tanrıya bağışlayıb
demək, - mən də güldüm.
***
Müharibə kabusu
ölkənin üstünü alandan sonra Padre adamlarla yalnız bir kilsə nümayəndəsi kimi
davranmırdı, evinə gələn hər kəsə qarşı ən yaxın adamı kimi daha artıq qayğı ilə
yanaşır, daha çox mehribanlıq göstərirdi. Yanına gələ bilməyən xəstələrə,
qocalara özü qonaq gedir, səbr və mərhəmət aşılamağa çalışır, əlində heç nəyi
olmayanda belə ümid, inam, sevgi bağışlayırdı. Hətta onun kəndin balaca
uşaqları ilə qaçdı-tutdu oynadığını da görmüşdüm neçə dəfə.
Padre ətrafındakı
insanların indi Tanrının ümid, sevgi, inam bəxş edə bilən təbəssümünə
ehtiyacları olduğunu deyirdi, indi bu adamlar qadağalardan, tabulardan, ciddi
dini ehkamlardan daha çox Yaradanının səmimi və təmənnasız dostluğuna möhtac
idilər, onun fikrincə və bu Dost onların ən çətin günlərində sadəcə bir təbəssümüylə
də olsa, dərdlərini yüngülləşdirəcək qədər doğma olmalıydı.
Padre Tanrının onu
yaşamağa yolladığı yerdəki insanların dostu-doğması olmuşdu artıq.
Mişel isə Padrenin
əksinə olaraq, əvvəlkindən daha artıq özünə qapılmış, daha qaraqabaq, daha
ciddi olmuş, hər kəsə küsmüş kimi bir əhvalda səssiz-sözsüz dolaşmağa
başlamışdı. Bütün boş vaxtlarını səcdəgahın qarşısında çöküb dua oxumaqla
keçirirdi.
Bir gün o, xəstələndi,
yatağa düşdü, mən və artıq hamilə olan Viktoriya düz iki həftə gecə-gündüz onun
qulluğunda dayandıq.
Gecələrin birində
isə od kimi yanan əli ilə əlimi sinəsinə sıxıb, onu tanıdığım bütün bu illər ərzində
ilk dəfə olaraq gördüyüm təbəssümlə:
-
Axı deyirdilər, sən odu qova bilırsən, - dedi, - bax, yanıram, qova
bilərsənmi odu məndən?
-
Mişel ana, - səsim titrədi, - sizi anam kimi sevmişəm, bilirsiz...
-
Mən ölürəm, Rozariya! – o, əlimi daha bərk sıxdı sinəsinə, - od məni
aparır.
-
Belə danışmayın, - mən onun yatağının baş tərəfindən üstünə axmaqda
olan süd rəngli işığı görüb dondum.
-
Rozariya, söz ver ki, hər gün dua oxuyacaqsan, sənin dua oxumağın çox
vacibdir, - işıq onun başının üstündən ikiyə ayrılıb çiyinləri bərabəriylə
yatağının hər iki tərəfiylə iki əl içi boyda zolaq şəklində çəkilməyə başladı.
-
Bəlkə qalxasınız, sizi təmiz havaya çıxarım bir az, - özümdə deyildim
artıq.
-
Yox, halım yoxdur, elə bil Ölüm mələyi başımın üstündədir bu an, elə
bil əllərindən bumbuz nəsə axır iki yanımdan... su ver mənə, Rozariya,
dodaqlarım quruyur... yox, Padreni çağır... çağır Padreni, teez...
-
Yaxşı... - mən əlimi çəkib ayağa qalxdığım andaca qoşa işıq zolağı
onun sinəsi bərabərinə gəlib çatdı, özümü astanaya atıb, bir gözüm Mişelin
yatağının hər iki tərəfindən axaraq ayaqlarına yaxınlaşmaqda olan süd rəngli
qoşa işıq zolaqlarında, həyətdə iki
kişiylə söhbət edən Padreni çağırdım, - Padre! Padre Xulio!
Padre evə girib, rəfdən
“İncil”i götürüb oxumağa başlayanda işıq zolaqları Mişelin topuqlarının
yanındaydı və mən bu zolaqların onun ayaqlarına çatdığı anda ruhunun bədənindən
çıxacağını anlayırdım artıq.
Mişel gülümsəyirdi...
***
Padre ilə tək
qaldıq.
Mən yenə rahibə
paltarlarımı geyinirdim, hər gün həyətdə, evdə nəfəs belə almadan bütün işləri
təkbaşıma görməyə çalışırdım. İstəyirdim, boş keçəcək bircə dəqiqəm də olmasın.
Belə dəqiqələr mənə yer üzündə tək-tənha qaldığımı, sevdiyim insanları
bir-birinin ardınca itirməyimi, bir gün Padre də olmayacaqsa, taleyin məni daha
hansı sınaqlarla üz-üzə saxlayacağını bilmədiyim üçün qorxduğumu, qorxduğum
üçün də ümidimi itirə biləcəyimi xatırladırdı. Ümid sonuncu ölmür, yalan deyirlər,
insan qorxduğu anda ilk ölən elə ümid olur, daha sonra inam, sonra da sevgi...
Qorxmaq olmazdı,
qorxmağa haqqım yox idi.
Buna görə də
düşünməyə, olanları və ola biləcəkləri fikirləşməyə bircə boş dəqiqə də
saxlamamalıydım, işdən və ibadətdən yalnız tamamilə halsızlaşıb, başımı yastığa
qoyan kimi yuxuya gedə biləcəyimi anladığım anda əl çəkirdim.
***
-
Atandan xəbər var, - dedi bir axşam Padre, - Rusiyadakı yoldaşlarının
yanına gedibmiş, orda iki silahdaşı ilə birlikdə həbs olunublar, iki ildir ki,
həbsxanadadır.
-
Kim dedi? – indicə yuyub yaxaladığım boşqab əlimdən batıq qablar olan
ləyənə düşdü.
-
Bir adam, - Padre ovcunda sıxdığı bükülü kağızı mənə uzatdı, - həbsdən
qurtulub qaça bilən birisi. Bu məktub da sənə çatacaq.
-
Mən o adamı görə bilərəm? – kağız bükülünü ondan aldım.
-
Yox, Rozariya, o, bura gizli gəlmişdi, gecəylə, məktubu mənə verib həmən
də getdi, özü dediyinə görə, iki ay olar artıq Rusiyadan qaçdığı, yəni, bu məktubu
atan iki ay bundan əvvəl yazıb.
Mən daha heç bir
şey deməyib-soruşmayıb otağıma çəkildim.
Ovcumun içində od
kimi yanırdı atamın məktubu və bu, sadəcə məktub deyildi, atamın ürəyi idi - əlimdə
çırpınırdı...
***
“Əziz Rozariya!
Son iki ildə sənin barəndə heç bir məlumatım olmasa
da, yenə də əvvəlki kimi Padre Xulionun evində yaşadığına ümid edirəm. Əvvəllər
gecələr də olsa, gizlicə o kəndə gəlib səni, Viktoriyanı soruşardıq. Mən və
Joze dayı. Yaxınlaşmaq, görüşmək sizin üçün təhlükəli ola bilərdi. Yəqin ki, məni
başa düşər və bağışlayarsan, qızım. Bizim Rusiyadakı yerlərimizi və
adamlarımızı İlya satdı, özü həbsdə olarkən, işgəncələrə dözməmişdi.
Qızım, mən çox istərdim ki, sənin necə böyüməyini,
ailə qurmağını görüm, o zaman ananın da ruhu bizimlə birgə rahat və xoşbəxt
olardı. Amma həyat elə gətirib ki, mən tamam yad bir ölkədə, həbsxana divarları
arasında oturub sənə məkrub yazıram və cəmi bir faiz ümid edirəm ki, bu məktubu
verəcəyim adam buradan sağ çıxıb sənin olduğun yerə kimi gəlib çıxa bilər. İnan
ki, indi bu anlarda hətta mən - sənin ateist və inqilabçı atan belə dua edirəm,
Rozariya!
Səndən ötrü çox nigaranam, müharibənin gəlib
başının üstünü aldığı bir vaxtda mən sənin üçün döyüş meydanında olmaqdansa, bu
zindandayam, bunu özümə bağışlaya bilmirəm.
Viktoriyaya demə sənə məktub yazdığımı, qoy atasını
soruşmasın. Joze dayı biz tutulan vaxt həlak oldu.
Qızım, səni bağrıma basıram, arzu edirəm ki,
inqilablara ehtiyacın, müharibələrin olmadığı bir gündə görüşək, səni Moskvaya
gətirim, buradakı həyatla, insanlarla tanış olasan.
Öpürəm.
Atan Almeyda.
3 fevral, 1915-cil il.”
***
Məktubu neçə dəfə
təkrar-təkrar oxudum, bilmirəm.
Səhər Günəşin ilk
şüaları pəncərədən yastığıma düşəndə qalxıb pərdəni çəkdim və bütün gecə
boyunca ağladığım, ovuşdurduğum üçün göynəyən gözlərimi nəhayət ki yumub
yatdım.
Yuxuda Pakonu
gördüm.
Gördüm ki, atamdan
mənə məktub gətirən adam o imiş, mənsə bütün halımla ona bildirməyə çalışıram
ki, incimişəm.
-
Niyə gülümsəmirsən? Niyə danışmırsan, Rozariya? – soruşur.
-
Səndən küsmüşəm.
-
Axı niyə?
-
Mənə indiyə kimi heç bir xəbər yollamamısan, bircə kəlməlik məktub da
yazmamısan, - deyirəm.
-
Ehh, - gülür, sonra birdən üzü ciddiləşir, - sən pərdəni nahaq
bağladın, aç pəncərəni, qaç meşəyə sarı, orda səni gözləyəcəm, tez ol, tez ol,
deyirəm sənə!
Oyanıram.
Padrenin otağından
səs-küy, süpürüşmə eşidirəm.
Kimisə döyürlər, nələrisə
aşırır, dağıdırlar, tanımadığım kişi səsləri nəyinsəmi, kiminsəmi yerini
soruşur təkrar-təkrar.
Mən yuxulu və
çaşqın halda nə edəcəyimi bilmədən otağın ortasında durmuşam.
Bu anlarda qonşu
otaqda nə baş verdiyini bilməsəm də, təhlükə və qorxu hiss edirəm, bir anlıq nəfəsim
çatmır sanki və mən qeyri-ixtiyari olaraq pərdəsi də kip bağlanmış pəncərəyə
baxdığım zaman Pakonun səsini bir də eşidirəm: “... aç pəncərəni, qaç meşəyə
sarı, orda səni gözləyəcəm, tez ol, tez ol, deyirəm sənə!”
Həmən pəncərəni
açıb həyətə tullanıram, meşəyə sarı qaçmağa başlayıram, hərdən geriyə boylansam
da, arxamca kimsənin gəldiyini görmürəm, bir azdan Padrenin evi tərəfdən güllə səsi
eşidirəm, qorxudan ürəyim dayanmaq istəyir, amma özümü ələ alıb gəldiyim yolu
bir daha geri dönürəm, ağacların, kolların arxasında gizlənib, həyatımın beş
ilini yaşadığım, azca bundan qabaq da pəncərəsindən tullanıb qaçdığım evin alov
içində yandığını görürəm.
Yerə çöküb çarəsizcə
ağlayıram.
Daha mənim
buralarda kimsəm qalmadı, deyə düşünürəm.
Buralara çox bənzəyən,
buraları çox xatırladan bir başqa yerdə yaşamaq istədiyimi anlayıram. Elə bir
yerdə ki, orada nə üsyanlar olsun, nə inqilablar, nə din insanları sıxa bilsin,
nə siyasət, nə müharibə olsun, nə qəhrəmanlıqlar, bunların hamısı olsa belə, mənim
indi yaşadığım ölkədəki kimi ağır, məşəqqətli, insanın ümidini, inamını,
sevgisini öldürəcək qədər dəhşətli olmasın...
Pako mənim yuxuma
niyə gəlmişdi?
Niyə?
Niyə axı?
Yumruqlarımı gah
torpağa, gah dizlərimə çırpa-çırpa, ürəyimin içində həyatımın bütün mənasının
necə yanıb külə döndüyünü hiss edə-edə ağladığımın da səbəbini anlayıram.
Mənim Pakom artıq
həyata yoxdur...
Yoxdur!
Yoxdur ki, yanıma
yalnız bu cür gələ bilib, yalnız bu cür...
İlahi!
Mən niyə hələ də
sağ idim ki?!
5
Bunları
xatırlamaq, bunları unuda bilməmək asan deyil.
Amma mən yüz min dəfə
təzədən ölüb, yüz milyon dəfə təzədən doğulsam da, yalnız on yeddi il yaşadığım
Portuqaliya həyatımın yer üzünün bütün həyatlarından daha gözəl olduğunu düşünəcəyəm.
Yaşayacağım heç
bir həyatda Pako olmayacaq çünki, mən də olmayacam, sevgi də...
***
Mən Mişelin meşənin
dərinliyindəki gizli komasında yaşamağa başladım.
Burada tək
yaşayacaq bir adam üçün bəlkə üç ilə bəs edəcək qədər azuqə vardı – arpa,
lobya, qurudulmuş yeməli otlar, meyvələr... Yaxınlıqdakı bulağın suyu isə məndən
sonrakı min illik nəslə də bəs edərdi.
Arada bir dəfə
axşam qaranlığı düşməyə başlayanda kəndə sarı yollandım, zülmət çökən kimi
Viktoriyagilin qapısını döyməyə başladım.
Məni özü
qarşıladı, qarnı çox böyük idi artıq.
-
Oğlum olsa, adını Alexandro qoyacam, - deyirdi, - qız olsa, Marta.
-
Qoy oğlun olsun, - dedim.
-
Alexandro da onunla birgə olub, - dedi, - onları mühasirəyə alıblar,
məğlub olduqlarını anlayanda, əsir düşdükləri məqamdaca bir-birlərini vurublar.
-
Ağlama, uşağa ziyandır, - desəm də, özüm də onu qucaqlayıb hönkürdüm.
-
Sənə olmaz kənddə görünmək, gərək gizli yaşayasan. Bilmirəm haçana qədər,
amma belə lazımdır, - o, ayağa qalxıb pəncərə pərdələrini kip örtdü.
-
Niyə axı?
-
Hamı sənin öldüyünü düşünür, elə bilirlər, o vaxt Padre ilə birlikdə
səni də güllələyib sonra yandırıblar, ya da səni görməsələr belə, evi
yandırdıqları vaxt yatıbmışsan deyə xilas ola bilməmisən.
-
Nə danışırsan?!
-
Hə! Hamı belə bilir. Hətta sonradan səni soruşanlar, axtaranlar oldu,
nə yaxşı ki, kənddə sağ olduğunu bilən yox idi, yoxsa bəzi satqınlar mütləq
yerini deyəcəkdilər.
-
Məni kim axtarırdı ki?
-
Bilmirəm, amma paytaxtdan gəlmişdilər deyəsən, Elena xala deyirdi,
kilsə adamlarıdı.
-
Qəribədir...
-
Qəribə heç nə yoxdu... Padreni respublikaçılara kömək etdiyinə görə
öldürdülər, o, dostlarını himayə edirmiş, gizli tapşırıqlarını lazım olan yerlərə,
adamlara çatdırırmış, yəni, katolik kilsəsinə qarşı işlərdə təqsirliymiş. Sənisə
yəqin yenə də oda, ruhlara-filana görə axtarıblar, özünü başqa cür aparan rahibəni
cəzalandırmaq üçün bəlkə...
-
Padre gözəl insan idi.
-
Bunu hamı bilir, amma o, artıq yoxdur. Adamlar gecə-gündüz dua edirlər,
İisusdan, Müqəddəs Mariyadan möcüzə istəyirlər, Tanrının onları unutduğunu
düşünməməkləri üçün, ürəklərindən ümid, inam, sevgi itməsin deyə gecə-gündüz
yalvarırlar Ona.
-
Bu dəhşətdir, Viktoriya!
-
Hə, amma deyirlər, almanlar birbaşa bizə müharibə elan eləsələr, daha
dəhşətli olacaq hər şey, - onun rəngi ağappaq idi dediklərinin qorxusundan, bir
anda boynuma sarıldı, - getmə, Rozariya, yalvarıram sənə, hələlik qal burda, mən
səni gizli saxlayaram, heç Elena xala da xəbər tutmaz, amma mən uşağı dünyaya gətirənə
qədər getmə, yaxşı? Yaxşı, Rozariya? Mənə söz verirsən?
-
Yaxşı, söz verirəm, - onu bərk-bərk qucaqladım.
***
Viktoriya
Alexandronu, ya da anası Martanı yenidən dünyaya gətirmək kimi bir arzuya kökləmişdi
özünü.
Oğlu olsa, adını
Alexandro qoyacaqdı, qızı olsa, Marta.
Nə gözəl bir ümid!
Məndə heç vaxt
olmayacaq, mənim heç vaxt taledən almayacağım, qoynuna qısılıb ovunaraq
yaşamayacağım bir ümid...
Nə qədər oğlan
uşaqları doğulacaq görəsən yer üzündə, nə qədərinin adı Pako olacaq, bu
pakoların neçəsi üsyançı, inqilabçı, savaşçı olacaq görəsən?
Mənim Pakom kimi
bircəsi olacaqmı, olacaqmı, olacaqmı?
***
Viktoriyanın bütün
cəhdlərinə baxmayaraq Elena xala məni gördü.
Qadın əvvəl
qorxdu, kabus görürmüş kimi rəngi ağardı, sonra xaç çevirdi, salamımı eşitdikdə
isə özünü üstümə atıb qucaqlayaraq ağlamağa başladı:
-
Nələr oldu, Rozariya?! Bax bir nələr gəldi başımıza! Mənim zavallı
balam, çarəsiz qızcığazım...
Sonra o da
Viktoriya kimi mənə kənddə görünməməyi, bəzi satqın adamların güdazına gedə biləcəyimdən
mümkün qədər ehtiyatla dolaşmağımı tapşırdı dönə-dönə, bir müddət, daha
doğrusu, müddəti bilinməyən bir dövr boyunca gizli yaşasam yaxşı olarmış.
Daha sonra isə kəndin
bitdiyi, meşənin başladığı ətrafda, yəni Padrenin indi artıq olmayan evinin
yaxınlıqdakı ərazıdə kənd uşaqlarının gözlərinə görünən kabusdan söhbət açdı.
Uşaqlar başı, qolları görünməyən, sanki dğşəkağına bükülmüş adam formasında ağ
süd rəngli buludabənzər nəsə görmüşdülər və kimi bunun Padrenin narahat ruhu
olduğunu deyir, kimi başımızın üstünü almış müharibə kabusu hesab edir, kimsə də
müqəddəslərdən biri kimi qəbul edirmiş.
-
Kənddə adamlarla Tanrı arasında bağ qalmayıb, Mişel bacı öldü,
Padreni vurdular, sən də bu vəziyyətdəsən. Kim yol göstərəcək uşaqlarımıza? Kim
yönəldəcək kəndi Tanrıya? Adamlar inanırlar ki, bu kabusun görünməsi heç də
yaxşı hal deyil, uşaqlarını təsbehsiz evdən buraxmırlar, çöldə-talada olduqları
vaxt bircə dəqiqəni də duasız qalmamağı tapşırırlar.
-
Hamıya görünüb kabus? Bəlkə sadəcə qorxublar uşaqlar?!
-
Düzünü yalnız Tanrı bilir, - o, xaç çevirdi.
***
Viktoriyanın yanında
qaldığım müddətdə ev işlərində ona və Elena xalaya əlimdən gələcək qədər kömək
etməyə çalışırdım, Viktoriyanın indi əyninə olmayan paltarlarından körpə üçün
papaqlar, köynəklər tikirdim. Hətta balaca bir yataq dəsti də hazırlamışdım:
döşəkçə, yastıq, yorğan. Çox yaxın bir zamanda xırdaca bir oğlanmı, ya qızmı bu
balaca yastığa üzünü söykəyəcək, bu yorğanın altında şirin-şirin yatacaqdı.
Viktoriyaya
baxırdım, hər gün bir az daha ağırlaşan bu gənc qadın içində hələ bu dünyanın
necə bir yer olduğunu bilməyən tam yeni, tam başqa bir insanı daşıyır, qanı ilə,
canı ilə bəsləyir, böyüdür, bətnindən həyata ötürəcəyi zaman çəkəcəyi ağrılara
bütün varlığıyla qorxa-qorxa, həm də sevinə-sevinə hazırlaşırdı.
Bu, möcüzəydi mənim
üçün. İçində başqa bir insanı daşıyan maraqlı, güclü, böyük, saf, hətta müqəddəs
bir qadın idi nəzərimdə Viktoriya.
Yəqin mənim anam
da məni beləcə daşımışdı içində aylar boyunca, o da beləcə ayağa qalxanda
qeyri-ixtiyari əllərini ağrıyan belinə aparıb gövdəsini qabağa əyərək inildəmişdi
yəqin astaca, sonra yaxınlıqdakı stulamı, masayamı, çarpayı başlığınamı,
divaramı bir əliylə söykənib qəddini düzəltmişdi... Onun da yəqin ki, burnunun
yuxarısında, yanaqlarında açıq-qəhvəyi xırdaca çillər yaranmışdı, o da bütün
halıyla bu dünyanın ən köməksiz varlığı kimi görünmüşdü yəqin. Yer üzündə hamilə
qadından daha tək birisi varmı görəsən? O, uşağa qaldığı andan onu dünyaya təhvil
verəcəyi ana qədər ilk olaraq özünün könüllü çəkəcəyi ağrılara, əzablara, hətta
ölümə də imza atmış olur və uşağı bətnində daşıdığı anların hər birində ölüm
yanaşı addımlayır onunla, içində həyat, yanında ölüm gəzdirdiyi müddətdə isə bu
dünyada kimsə ona yardımçı ola bilmir, kimsə...
Budur, gecələrin
birində o, birdən durub yatağında dik oturur:
-
İçimdə nəsə qırıldı elə bil... elə bil qarnımın içində hansısa bir
ipi birdəncə qayçıyla kəsdilər, - deyir qorxa-qorxa, anlamır çünki bətnində bu
an nə baş verdiyini, özünü belə düşünməyi unudaraq yalnız körpəsinə pis bir şey
ola biləcəyi üçün qorxur, yavaşca ayağa qalxdığında isə birdəncə də ayaqları
boyunca yerə dağılan suya görə dəli olur, indicə bəlkə uşağı da çıxıb döşəməyə
düşəcək deyə bütün varlığıyla titrəyə-titrəyə bir əliylə qarnının aşağısını
tutub saxlamağa çalışır, bir əliylə yatağına söykənir, birtəhər böyrü üstə
uzanır, qorxudan və ağrıdan tər içində olan bədəninin bütün ixtiyarının özündə
olmadığını anlaya-anlaya inildəyir, - mənə kömək edin... uşaq doğulur...
***
-
Pako! Onun adı Pako olsun! – Viktoriya Elena xalanın yuyundurub bələdiyi
balaca oğlanı məndən alıb alnından öpdü, - qoy o da Portuqaliyanın xilas mələyi
olsun.
-
Biz hamımız Portuqaliyanın xilas mələyi olmalıyıq, - dedim gözlərim
dola-dola.
-
Hə, Pako belə deyirdi, belə istəyirdi, - Viktoriya da ağlamsındı.
-
Xoş gəldin, Pako! – Elena xala da gözlərini sildi.
***
Mən Viktoriyanın
ad seçiminin çox qəfil dəyişdiyi anda qorxdum ki, Elena xala oğlu Alexandronun
deyil, Pakonun adı seçilib deyə inciyəcək, bəlkə etiraz da edəcək. Amma belə
olmadı və mən Pakonun, mənim Pakomun yalnız mənim üçün deyil, doğrudan da
buralarda hamı üçün sevimli, arzulanan olduğunu bir də anladım. Adamlar onu
kimi oğlu tək, kimi dostu tək, kimi sevgilisi tək xatırlayır və sevirdilər.
***
Uşaq evə əsl həyatı
gətirmişdi yenidən.
Bizim günümüzün və
gecəmizin çox hissəsini özünə götürən bu balaca varlığın xətrinə ən xoş hadisələrdən
söhbət edir, ən yaxşı adamları xatırlayır, ən gözəl gələcək haqqında
danışırdıq.
Balaca Pako
atasına oxşayırdı, dərisi ağ, saçları sarı, gözləri maviydi.
Elena xala onu
qucağına alıb əzizləyəndə “Pako-Alexandro” çağırırdı. İndi bu qadının gülməyə,
sevinməyə, zarafat etməyə bapbalaca, şipşirin bəhanəsi vardı.
Elə mənim və
Viktoriyanın da.
Biz saatlar
boyunca körpəni top kimi bir-birimizə ötürür, atır-tutur, oynadır, yedirir, əynini
dəyişir, yatmağına doymadan tamaşa edir, üzünü, boynunu qoxlamaqdan doymurduq.
Viktoriyaya uduzduğum tək məqam – onun uşağı əmizdirməsi vaxtları olurdu, belə
vaxtlarda mən oturub sakitcə Tanrının mənim həyatımın ən ağır çağında gözlərim
üçün ayırdığı bu məsum xoşbəxtliyə baxır, bütün acılarımı unudub gülümsəyirdim.
Ürəkdən güldüyüm məqamlar
isə Viktoriyanın uşağı soyunduranda balaca əllərinə, ayaqlarına baxa-baxa
dedikləri olurdu:
- Tanrıya and
olsun ki, baxanda özümü saxlaya bilmirəm, onun əllərini, ayaqlarını şorba
boşqabında görürəm az qala, yanında kartof, göyərti... ağzımın suyu axır yemək
istəməkdən...
***
Beləcə günləri həftələrə,
həftələri aylara ötürə-ötürə yaşayırdıq.
Mən onların evində
çox az olmağa çalışsam da, oradakı qaynar və saf həyat məni çəkib aparırdı gecələrin
qaranlıqlarında meşədən kəndə hər dəfə.
Meşədəki komada
keçirdiyim gecələrdə də, kəndə gəldiyim gizli yol boyu da gah anamı, gah Pakonu
yanımda hiss edirdim.
Mənim indi bu
dünyadan köçənlərlə bu dünyada yaşayanlar arasında özümün olan gizli bir həyatım
yaranmışdı və onu yaşamağa qərar vermişdim.
Amma bir gün, daha
doğrusu, balaca Pakonun bir yaşına az qalmış, onun ilk dəfə ayağa qalxıb ikicə
xırda addım atdığı gündə almanlar ölkəmizə müharibə elan etdilər və xəbəri eşidəndə
Elena xalanın da, Viktoriyanın da, mənim də təbəssümümüz üzümüzdə dondu, nə edəcəyimizi
bilmədən qəfil xəbərdən karıxıb, pəncərənin o üzündə kənd evlərinin arasıyla
qaça-qaça həyəcanla xəbəri yayan uşağı çağıraraq bu haqda nəsə soruşmağı belə
düşünmədik, bir-birimizə və indicə həyatda atdığı ilk iki addımından sonra birdən
yerə oturan körpənin üz-gözünü büzüb sonra birdən də gülməsinə, qollarını
uzadıb bizdən birimizin onu yerdən qaldırmasını istəməyinə baxa-baxa qaldıq.
Pəncərədən o tərəfdə
isə artıq bütün kənd evlərdən küçələrə axışmışdı.
Səs-küydən qulaq
tutulurdu.
Adamlar dəhşətli
bir panika içində nə edəcəklərini bilməyərək vurnuxurdular.
Elena xalanın bir
dəfə dediyi sözləri xatırladım:” Kənddə adamlarla Tanrı arasında bağ qalmayıb,
Mişel bacı öldü, Padreni vurdular, sən də bu vəziyyətdəsən. Kim yol göstərəcək
uşaqlarımıza? Kim yönəldəcək kəndi Tanrıya?”
Görünür, bunları
deməkdə o, haqlıydı.
Kəndi xilas etməyin,
adamları həyata çağırmağın, onların ürəklərində yenidən ümidi, inamı, sevgini
cücərtməyin tək çarəsi möcüzə ola bilərdi. Elə bir möcüzə ki, insanlar yorğun
ruhlarıyla ona söykənib ağrılarını, dərdlərini hərdən də olsa unuda bilsinlər,
həyatın bitmədiyinə, müharibənin başlamasının hələ Tanrının onları unutması demək
olmadığına inansınlar.
-
Atanın, Oğulun və Müqəddəs Ruhun naminə! – Elena xala nəhayət bizdən
daha tez ayıldı və körpəyə baxmağımızı tapşırıb, küçəyə çıxdı.
Qapının
açılıb-örtülməsiylə çölün səs-küyü bütün ağırlığı, dəhşəti, ümidsizliyi ilə evə
girib üstümüzə çökdü.
Pako ağladı.
Biz hələ də onun
qollarını açıb yerdən qalxmaq istəyərək bizdən kömək istəməsini unutmuşduq...
***
Müharibə
insanların iç üzünü açıb çölə tökmüşdü, bütün ağır sınaqlar kimi o da insan
ruhunun ən gizli cəhətlərini üzə çıxartmış, hər kəsi nəinki yanındakılara, özünə
belə tanıtmışdı.
Kübarlığı, alicənablığı
ilə tanınanlar bazar adamı səviyyəsinə düşür, tərbiyyəsizlikdə, xuliqanlıqda ad
çıxaranlar xalqın qorxmaz, cəsur qəhrəmanlarına çevrilirdilər.
İnsanlar
ruhlarının müvazinətini itirmiş bir hala düşürdülər.
Bəziləri kənddən
köçüb başqa yerlərdə yaşayan yaxınlarının yanlarına gedirdilər. Bəzi evlərə isə
tanımadığımız adamlar gəlirdi yaşamağa başqa-başqa şəhərlərdən, kəndlərdən.
Adamlar ən son bir
ümidin dalınca düşüb şəhər-şəhər, kənd-kənd dolaşmaqdaydılar, onlara elə gəlirdi
ki, rahatlıq hardasa daha bir azca yaxındadır və mütləq o bir azca yaxına da
köçüb onu yaşamaq lazımdır.
Portudan yeni-yeni
tətillərin, mitinqlərin xəbərləri gəlirdi, indi bu tətil və mitinqlərin
partlayışlarla, böyük yanğınlarla müşaiyət olunduğunu da deyirdilər.
Portuqaliyanın
müharibədə iştirak etmək qərarıyla razılaşmayan hər kəs küçələrdə idi.
Həbslər, izləmələr
bəs etmədi, ölkədə ən ağır cəza hesab olunan ölüm hökmü yenidən bərpa olundu.
Amma müharibəyə
qatılmağa qərar vermiş bir ölkə onsuz da özünün hər bir sakininin ölüm hökmünü
qabaqcadan vermiş olmurmu?
***
-
Səni görüblər! – Elena xala həyəcanla evə girib təkrar-təkrar xaç
çevirə-çevirə dedi və qapını kilidlədi.
-
Kim? – mən də, Pakonu əmizdirən Viktoriya da eyni anda soruşduq.
-
Uşaqlar. Balaca uşaqlar. Yadınıza gəlir, bir ara kənddə söz düşdü ki,
onlar Padrenin evi ətrafında kabus görürdülər? Bax, həmin uşaqlar meşəyə
girdiyin yerdə görüblər səni. Yaşca böyük olan qız tanıyıb ki, Rozariyasanmış.
Anasına danışıb, anası da hamıya. İndi kənddə hər kəs sənin meşə yaxınlığında
dolaşan ruhundan danışır.
-
Necə yəni? – biz yenə demək olar ki eyni anda soruşduq.
-
Axı səni ölmüş bilirlər?! – Elena xala stula çöküb köksünü ötürdü, -
axı hamı elə bilir ki, sən hələ o vaxt, Padre ilə birlikdə yandırılmısan?! İndi
isə varsansa, görünürsənsə, demək ruhsan, kabussan. Hələ üstəlik, bilsələr ki,
bu qədər vaxtı sağ olmusan və biz də bunu bilmişik, üstəlik də səni evimizdə
gizlətmişik... İlahi!
-
Narahat olmayın, Elena xala, bu qədər qorxmağa dəyməz məncə, o
uşaqlar əvvəllər də kabus gördüklərini danışardılar. Məncə adamlar elə də ciddi
yanaşmayacaqlar, - qadını sakitləşdirib qorxusunu qovmaq üçün nə edəcəyimi
bilmirdim.
-
Adamlar artıq Padrenin evi ətrafında az qala pusqu qurublar, - o,
ümidsiz halda mənə baxdı, - sən aşa düşürsənmi bu qədər vaxtı itib, ölmüş sayılıb,
indi kabus kimi görünməyin sənə nəyə başa gələ bilər?
-
Bəs... - artıq yuxulamış Pakonu yatağa qoyub üstünü örtən Viktoriya
yanıma gəlib qoluma girdi, həyəcandanmı, qorxudanmı əsdiyini hiss etdim, - bəs
Rozariya neyləyəcək? Neyləyəcəksən, Rozariya?
-
Elə bu axşam burdan çıxıb yenə meşəyə qapanacağam, başqa nə edə bilərəm
ki?
-
Biz də köçməliyik kənddən, - Elena xala dedi, - mən də, Viktoriya da,
Pako-Alexandro da. Bir müddət Alqarvedə qalacağıq – mənim qardaşımın ailəsinin
yanında, sonra sən də istəsən, gələrsən yanımıza, Rozariya... təəssüf edirəm...
***
O, haqlıydı.
Mən onlarla birgə
çıxa bilməzdim kənddən, bizim birgə görünməyimiz onlar üçün olduqca təhlükəli
ola bilərdi və mən sevdiyim, doğmalarım bildiyim bu insanların mənə görə əzab çəkmələrinə
yol verə bilməzdim.
Hələ Pako...
Balaca, şirin, dəyərli
Pakonu düşünməliydik hamımız...
Odur ki, elə həmin
günün axşamındaca mən onların hər birisini bağrıma basıb ayrılaraq meşəyə,
Mişelin komasına yollandım.
Bu dünyada artıq
heç bir insanla heç bir halda əlaqəm və ünsiyyətim olmayacaqdı.
Mənim yanımda yenə
də anamın ruhu olacaqdı, bir də Pako...
***
Əvvəlcə soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu
duydum havada, sonra isə səsini eşitdim, “Bizim Ata” duasını pıçıldayırdı, mən
həmən ona qoşulub ardınca “Ave Mariya” pıçıldamağa başladım.
Dilimin ucundaydı bu sözlər...
pıçıltılarımla dodaqlarımdan bircə-bircə qopub yayıldı meşəyə, sığal
çəkdi ağaclara, səmaya...
...ağladım...
6
-
Salam, Günəş! – deyərdim hər səhər gündoğana
baxıb, - sabahın xeyir, Dünya, sabahınız xeyir, insanlar, hamınıza sevgi, səadət
arzulayıram. Xoşbəxt olun!
-
Salam! – deyərdi yarpaqlar, külək, quşlar...
Gülümsəyərdim gözlərimi yumub tərtəmiz səhər
havasını ciyərlərimə çəkərək.
Elə bilirdim, buradakı otların, çiçəklərin,
yarpaqların hər birisi tanıyır, hər birisini hiss etdiyim kimi, hər birisi də
hiss edir məni.
Tək qalmaq, insanlardan uzağa çəkilmək əvvəlki
kimi sıxmırdı məni artıq.
Bəlkə də əvvəllər buradan çıxıb gizli və hərdən
də olsa Viktoriyanı, Elena xalanı, balaca Pakonu görə biləcəyim ümidi vardı deyə,
sıxılırmışam. İndi bu ümid yerli-dibli yox idi deyə, mən bütün varlığımla meşədəki
tənhalığıma qapılmışdım və ətrafımdakı canlı-cansız hər şeyin ruhunu duya
bilirdim.
Bu halım mənə vaxtilə Padrenin öyrətdiklərini
xatırladırdı:”Bircə ay duzsuz və şəkərsiz qidalanmaq bəs edər ki, indiyədək
yediyin ərzaqların hər birisinin əslində özünün tam başqa bir dadı olduğunu
anlaya biləsən.”
Duzsuz və şəkərsiz bircə ay yetirmiş yediklərinin
əsl dadını-tamını bilməyə.
İndi mən insanlarsız idim...
***
İndi daha tez-tez düşürdü yadıma Portuda keçən
uşaqlıq illərim.
Mən azacıq balıq qoxusu verən məhəlləmizi,
evimizi, küçəmizi xatırlayırdım.
Hərdən gözlərimi yumub pəncələrim üstündə
qalxaraq, özümü uşaqkən relsləri üstündə yeridiyim tramvay xəttində hiss edərdim.
Atamın gur və doğma səsi, anamın şən və
şirin gülüşü, bizim həftəsonu gəzintilərimiz...
Sonra bir daxmada tavandan asılı nənniyə
sarı sürünən alov dilimləri gəlirdi gözlərim önünə, ovuclarımın içiylə odu
saxlamağım, arxamda dayanan qadının qışqırığı, adamların heyrəti, qorxusu, kilsə
xidmətçilərinin məni dindirmələri, odu saxlamağımın sirrini deməsəm, anamı
yandıracaqları ilə hədələmələri, atamın məni onlardan alıb evə aparması, anamın
duaları, təsbehi, evimizin yanması, üstümüzə çökən tavan... Bir də bir gecə
İlyanın evinin çardağında duyduğum soyuq, zərif, yamyaşıl təzə ot və səhər yağışı qoxusu,
sonra isə o pıçıltı:” ...hər şey yaxşı olacaq... mən səninləyəm!”
Burada bitirdi uşaqlıq xatirlələrim, burada
qapanırdı qayğısız, atamla, anamla keçən illərimin kitabı... və buradan
başlayırdı hər anı təhlükə, çarəsizlik, ölüm olan həyatım.
Amma bu təhlükənin, çarəsizliyin, ölümün
içində də mən tapıb dada bilmişdim əsl xoşbəxtliyi – bu, mənim ümidim, inamım,
sevgim idi – Pako!
***
Meşənin dərinliyindəki talaya gedirdim
tez-tez.
Burada saatlarla gəzişir, oturub dua edir,
ya da eləcə Günəşlə, ağaclarla, quşlarla, otlarla, böcəklərlə, küləklə
danışırdım.
Hərdən darıxmağım o həddə çatırdı ki, ətrafıma
boylanıb eləcə deyirdim:
-
Bilirəm ki, yanımda var kimsə. Bilirəm ki, tək
deyiləm. İndicə də dörd tərəfimdə görmədiyim o qədər varlıq var ki! Nolar,
biriniz danışın, bircəciyiniz nəsə deyin! Axı məndən daha çox gətirib bəxtiniz,
sizi kimsə görə bilmir, hara istəsəniz, gedə bilirsiniz rahatca, heç nədən, heç
kimdən çəkinmədən dolaşırsınız dünyanı, mənsə... mənsə dustaq olunmuşam bu meşədə,
buradan çıxmağa, qurtulmağa, xilas olmağa heç bir şansım yoxdur! Çünki, mən hələ
sizin kimi deyiləm, çünki mən hələ də insan gözünə görünə bilən halımdayam, məni
görsələr, məni tapsalar, həmən ağrıdacaqlar, həmən qanımı içəcəklər... yox,
qorxmuram ölümdən! Qətiyyən qorxmuram! Məni qorxudan – öldüyüm, indiki halımı dəyişməyə
məcbur olacağım zaman yaddaşımı, xatirələrimi, özümün indiki kimliyimi, ən dəhşətlisi
isə, Pakonu unutmaq və demək, tamamilə itirmək dərdidir.
Külək əsib saçlarımı üzümə-gözümə dağıdırdı,
gülümsəyirdim qeyri-iradi, düşünürdüm, yanımda dolaşan saysız-hesabsız
ruhlardan birisidir, toxunur...
-
Əslində, ürəyimdə balaca da olsa, bir ümid
var ki, bəlkə mən də sizin kimi olsam, bəıkə mən də sizin halınıza düşsəm, o
zaman Pakomu görə bilərəm, ona toxunaram, onunla evlənərik hətta, - qoluma
ağappaq bir kəpənək qonub,həmən də uçur və mən daha ürəkdən gülümsəyirəm, - hə,
bunda nə var ki? Bir rahibə ailə qura bilməzmi? Axı, yadımdadır ki, Mişel ana
da bir vaxtlar Fransadan buraya məhz bunun üçün gəlmişdi – gözəl, yaraşıqlı və
müdrik bir katolik gənclə ailə qurmaq üçün. Amma Padre ilə söhbətlərindən sonra
qadın həm ona aşiq olmuşdu, həm də Padreyə ömrünün sonuna qədər xidmətçilik
edib, heç vaxt ərə getməyib, özünü yalnız o əbədi və əzəli sevgili – İisus üçün
qorumağa qərar vermişdi... elə deyilmi, Mişel ana? Burdasanmı, nolar, de...
Ayaqlarımın yanındakı otlar, çiçəklər
donumun ətəklərinə sürtünür, topuğum qıdıqlanır. Gülürəm:
-
Ah, Mişel ana, ah! Əminəm ki, sən də məni
unutmusan artıq. Yoxsa, haqqında belə şeylər danışdığıma görə indi məni lənətləyərdin
bəlkə, ya da Padreyə şikayətə qaçardın həmən...
Susuram sonra.
Köksümü ötürüb gözlərimi uzaqlara, uzaqlara
dikirəm, hər yanı ağaclar, kollarla divarlanmış bu talada uzaqlar nə gəzir
amma...
-
Uzaqlar yalnız bircə an əvvələ qədər
yaşadığın həyatın xatirələrinə qədər gedə bildiyin yoldur. Bu yol isə sənin ürəyindən
ağlına qədərdir sadəcə, yaxud da əksinə - ağlından ürəyinə qədər. Kim amma
haradan başlayır yolunu və haraya qədər gedir yaşaya-yaşaya, bunu yalnız özü
bilə bilir, o da yalnız son mənzilinin astanasına çatan anda... hə, məhz o
sonuncu anda başa düşür insan ürəyindənmi yol aldı ağlına sarı, ya ağlındanmı
ürəyinə...
Donumun ətəyindən yol alıb üstümə gələn
parabüzənə gülümsəyirəm yenə:
-
Sən də kimsən görəsən?! Sən də niyə bu
haldasan, bilə bilərsənmi? Ehh... hardan biləsən?! - əlimlə qarşısını kəsirəm,
barmaqlarımın üstünə keçib dırnağımda dayanır, Günəşə sarı qaldırıram onu, Günəşlə
gözlərimin arasından qanadlanıb uçur, - hər şeyi bilmək olmur, olmur, mənim əzizlərim...
baxın, hətta İisus da demişdi bunu, çarmıxda olarkən üzünü Tanrıya tutub
demişdi:” Ata, onları bağışla, çünki onlar neylədiklərini bilmirlər...”
***
-
Kabus! Kaabuuus! – qışqırdı kimsə.
Səs gələn tərəfə döndüm, balaca bir qız idi,
lap mənim ilk dəfə buralara gəldiyim yaşımdakı kimi. Yanında da başqa iki uşaq
vardı.
Yerimdən qalxıb hara qaçacağımı, necə gizlənəcəyimi
bilmədən dörd bir yanıma baxdım, bir anda mənə elə gəldi ki, ətrafımdakı
canlı-cansız hər şey və hamı başını aşağı saldı, xəcalət çəkdi, utandı məni
gizlədə bilmədiyinə görə, bir anda ruhumu sıxmağa başlayan pərtlik halına, hətta
Günəşin belə az qala bir bulud tikəsi tapıb üzünə çəkmək istəyinə dözmədim
amma:
-
Mən kabus deyiləm! – dedim.
-
Kabussan! – ilk qışqıran qız dedi, - Sən
Padrenin evində yanan qızın ruhusan, biz bilirik!
-
Yox!
-
Hə! Hamı belə deyir! Bizi aldadıb
oğurlayacaqsan, eləmi? Səni tutsalar, kəndin ortasında ağaca bağlayıb bir də yandıracaqlar
ki, yoxa çıxasan.
-
Nə danışırsız? Dəli olmusuz? Sizi niyə
oğurlayım axı? Məni niyə yandıracaqlar ki? Mən heç kimə pislik eləməmişəm...
kabus da deyiləm.
-
Bəs sən kimsən? İfritə? Düzdür ki, od səni
yandırmır?
-
Mən... mən... - hiss elədim ki, başım hərləndi.
Uşaqlar onsuz da bir ayaqlarını qaçaraq
qoymuşdular, üzlərində qorxu vardı, mənim susmağım onları üzlərini çevirib
qaçmağa məcbur etdi, gözlərimin qabağına kəndin tanıdığım köhnə və tanımadığım
təzə sakinləri gəldi. Onların müharibədə itirdikləri hər kəsin və hər şeyin
ağrısı, itən heç nə qayıtmayacaqsa, ölən kimsə dirilməyəcəksə, yaşamağa davam
etməyin mənasızlığına qapılıb ümidlərini öldürmələri, başlarının üstündə uçuşan
müharibə kabusunun hər an onları ağuşuna alıb aparacağını düşünməkdən doğan
qorxuları... və mən – odu ram edə bilən, odda yanan, amma odun da öldürə bilmədiyi
mən! Onlar heç düşünmədən məni ağaca bağlayıb yandıracaqdılar ki, bu dünyanın
üzündən bir ifritənin yoxa çıxmasına inansınlar, saçlarım, üzüm, əllərim,
ayaqlarım, ürəyim, xatirələrim onların gözlərinin qarşısında yanıb töküldükcə əmin
olsunlar ki, bu dünyada pis olan, pislik doğa biləcək, pislik yaradacaq
birisini külə döndərə bildilər.
Mənim yanmağım – Tanrı naminə edə biləcəkləri
son xidmət idi onlar üçün.
Onlar bu xidmətin müqabilində Tanrıdan nələr
və nələr istəyəcəkdilər!
Onlar hətta müharibənin belə dayana biləcəyinə
inanardılar bəlkə...
Mən onların son ümidi idim indi.
Onlar məni mütləq öldürməli idilər.
Çünki... çünki onlar nə etdiklərini
bilmirdilər...
***
-
Dayanın! Nolar, dayanın! – onların dalınca
qaçıb çığırdım, - yalvarıram sizə! Tanrı xatirinə, qaçmayın məndən, nolar,
qaçmayın... Atanın, Oğulun, Müqəddəs Ruhun naminə, qayıdın...
Onlar dayandılar.
Mən də.
Qız yanıma gəldi.
Üzümə, gözlərimə, əllərimə, titrəyən barmaqlarımın
arasında sıxdığım təsbehimə diqqətlə baxdı, sonra yoldaşlarını da yaxına
çağırdı:
-
Gəlin, qorxmayın, o, düz deyir, kabus deyil
o.
-
Hə, kabus deyiləm.
-
Bəs kimsən?
-
Günahsız birisi. Tək və günahsız... - deyə
bildim.
Qızın gözlərinə heyrət doldu, arxasında
dayanan özündən azca kiçik görünən qıza və oğlana sarı çöndü:
-
O deyir ki...
-
Bəkə o, müqəddəsdir?! – oğlan qorxa-qorxa
soruşdu.
-
Mən sizə pislik eləmərəm, uşaqlar, and içirəm
ki, kabus deyiləm, ifritə də deyiıləm!
-
Hamı belə deyir, kabusların hamısı! – qız
dilləndi, - səndən qabaq gördüyümüz oğlan da belə deyirdi: “Mən kabus deyiləm,
mən xilas mələyiyəm, Portuqaliyanın mələyi”. O, hətta bizi də mələk olmağa
çağırırdı, deyirdi: “ Siz hamınız Portuqaliyanın xilas mələyi olmalısınız, sən
də, o da, hamı da...”
-
Onu haçan görmüşdünüz? Harda? De! – mən az
qaldım, diz üstə çökəm.
-
Keçən yazda gördük bir dəfə, sonra yayda da,
bu il də görmüşük, mən yox, kəndin bütün balaca uşaqları görüblər, o, bizi özü
çağılrırdı, hər dəfə Ay bədirləndiyi vaxt, bir yekə palıd ağacı var, onun
altına yığırdı bizi, danışırdı elə, sonra isə çıxıb gedirdi.
-
Necə gedirdi o? Necə gedirdi axı? Eləcə
addımlayırdı?
-
Yoox, addımlamırdı, havada itirdi, bizim
başımızı mütləq bir başqa tərəfdə nə iləsə qatıb, yayıyndırıb gedirdi. Mən onun
necə getməsini görmüşəm, havada ağappaq buluda girirdi elə bil, sonra bulud da
itirdi, o da.
-
O, necə görünürdü bəs? Mənim kimi?
-
Yox, sənin kimi görünmürdü, - qız birdən
ayılmış kimi daha diqqətlə məni başdan-ayağadək nəzərdən keçirtdi, - sən adam
kimisən, o amma belə deyildi, bir az şəffaf idi demək olar ki...
Ayaqlarım saxlaya bilmədi məni daha, yerə
çöküb hönkür-hönkür ağlamağa başladım,Pakonun öləndən sonra da Portuqaliya üçün
yeni-yeni xilas mələkləri hazırlamaq istəyi sıxdı ruhumu, demək, o, məni də
unutmamışdı hələ, demək, məni də xatırlayırdı, məni sevdiyini və mənim onu
sevdiyimi də...
-
Ağlama, - qız halıma acıyırmış kimi göründü,
- ağlama, biz heç kimə demərik ki, səni görmüşük, and içirik ki, demərik.
-
And içirik, - o biri qız da dilləndi.
-
Sən kabus deyilsən, - oğlan qorxa-qorxa
gülümsədi, - mən sənin şəklini görmüşəm, tanıyıram səni.
-
Harda? – qızlarla mən demək olar ki, eyni
vaxtda soruşduq.
-
Kilsədə qoymuşdular, anam da görüb, əvvəlki
kəndimizdə hamı görüb.
-
Sən çox balacasan hələ, qarışma belə söhbətlərə,
- qız onu ərklə çəkib apardı, o biri qız da onların dalınca düşüb getdi.
-
Bura yenə gələrsiz? – bu dünyada ən əziz
adamlarından ayrılırammış kimi ağrayıb soruşdum.
-
Sən burda olarsan? – qız da məndən soruşdu.
-
Bilmirəm... getməyim lazımdır əslində.
-
Bəs getməsən? Bir də nə vaxt olarsan?
-
Ay bədirlənəndə yəqin ki...
***
Ay bədirlənəndə...
Yəni, Pakonun ruhunu da olsa, görmək imkanım
yaranacağı bir vaxt...o vaxta isə hələ bir ayadək zaman vardı...
Və...
***
- Sən
mənə əmr etmişdin ki, gəlim bura və mənə sözünü deyəsən, - ilk dəfə gördüyüm
qız gözləmədiyim halda deyib səcdə etdi.
Heç nə anlamadım, heyrət və həyəcan içində
onun dua arasına salıb mənə çatdırmağa çalışdığı:” Adamlar burda!” –
pıçıltısından diksinərək, ağacların arxasında düzülən kəndlilərə baxdım. Dizlərim
əsdi. Məni indicə hay-küylə qamarlayıb yandırmağa aparacaq bir kənd adamın
qarşısında özümü bu dünyanın ən sonuncu qurbanı kimi hiss edərək dayandım.
-
Domine Jesu,Dimitte nobis debita nostra,Salva
nos ab igne inferiori,Perduc in caelum omnes animas,Praesertim eas, quae
misericordiae tuae maxime idigent. Amen. -
qız başını köksündə cütləşdirdiyi əllərinə əyərək, ucadan söylədi və həmən
ardınca pıçıldadı, - sən də dua oxu…
-
O mi Jesu, dimitte nobis peccata
nostra;libera nos ab igne inferni;perduc omnes animas in caelum,praesertim
maxime indigentes.Amen. - üzümü adamlara
tutaraq, ucadan dedim, qız, ehtiyatla mənə bircə anlıq baxıb dodaqlarını
qaçırtdı, mən onun təbəssümündə elə bir ümid işartısı gördüm ki, qorxum həmən
yoxa çıxdı, gözlərimi yumdum, burnuma yamyaşıl təzə ot qoxusu gəldi, yağış
damcılarının səsini duydum dörd yanımda, ürəyimin içindən eşitdim bu dünyada mənə
ən doğma olan qadının səsini: “…səninləyəm…”, səsimi azca da qaldırıb, artıq
bir-birinin ardınca yerə çöküb səcdə eləməyə başlayan adamlara baxdım, - qoy mərhəmətli
İisus günahlarımızı bağışlasın, bizi cəhənnəm odundan xilas etsin, ruhlarımızı
səmaya aparsın, xüsusən də, Ona ən çox ehtiyacı olanları…Amin!
-
Amin! –
adamlar dedilər…
***
-
Sən niyə
belə elədin? – mən, mənim doğrudan da xilas mələyimə çevrilən qızdan soruşdum
sonra, - adamlara nə demişdin? Həm də, axı and içmişdiniz…
-
Mən heç
nə eləmədim, - o, köksünü ötürdü, - o balaca oğlan vardı o gün, yadındamı,
bizimlə gəlmişdi?! Bax, o oğlan demişdi anasına ki, səni görüb, evdəki səcdəgahda
Müqəddəs Mariyanın ikonasını göstərmişdi, qızdırması qalxmışdı həm də,
sayıqlayırdı, sonra məni çağırdılar, mən boynuma almadım, o biri qız da heç nə
demədi, and içmişdik axı?!
-
Bəs gətirdiyin
adamlar? Oxuduğun dua?
-
Məndən
bunu o mələk istədi.
-
Hansı mələk?
– qaşlarımı çatdım.
-
Portuqaliyanın
xilas mələyi.
-
Axı… -
donub qaldım.
-
Ay bədirlənməmiş
gəlmişdi bu dəfə, mən tək idim yolun kənarında, quzularımı otarırdım, birdən
onun gəldiyini gördüm. O dedi ki, vaxtı çox azdı, daha gələ bilməyəcək, dedi
ki, onu başqa yerə göndərirlər, - qız üzümə baxdı, - o, əsgər idi, hə? Bəlkə
orduyla gedəcəkdi?!
-
Bilmirəm…-
ürəyim sıxıldı, - amma daha mən də buralarda qalmaq istəmirəm.
-
O, dedi
ki, pis adamlar yalan uydurublar, sən ifritə deyilsən, əksinə, müqəddəssən və
adamlara da bunu mütləq demək lazımdır, yoxsa onlar Tanrını unudacaqlar, nəticədə
isə cəhənnəm odunda yanmalı olacaqlar, - qız qorxa-qorxa birdən soruşdu, - sən
cəhənnəmi görmüsən?
-
Mən cəhənnəmin
necə olduğunu bilirəm, - dedim köksümü ötürərək.
-
Orda
hamı yanır? – qız daha dəhşətlə doruşdu.
-
Bu,
sanki bir nəhəng okeandır, - dedim gözlərim yol çəkə-çəkə, - oddan olan okean…
sahili yox, adası yox, elə bil ki, qapalı bir yerdədir, bəlkə də üstündə
dayandığımız torpaqların altında… orda bu dünyanı alova-ölümə bələyən iblislər,
iblis kimi insanlar qıpqırmızı közlər kimi yanırlar, odun içində balıqlar kimi
üzürlər, alov dalğaları qaldırır onları bu okeanın üst qatlarına, sonra yenə
dibinə çökürlər, ağrıları duyulmaz, fəryadları eşidilməz…
-
Mən
qorxuram! – qız sinəmə qısıldı, onu qucaqlayıb, saçlarını tumarladım.
-
Qorxma…
səninləyəm mən, - dedim gülümsəyərək, - Tanrı üçün yaratdığı bütün varlıqlar
müqəddəs və dəyərlidir, unutma, hətta ən günahlı birisi də. Əgər belə
olmasaydı, O, onları cəhənnəmin odundan xilas etmək üçün hər dəfə yeni bir
ümid, yeni bir inam, yeni bir sevgi göndərməzdi. Bu dünyada hər kəsin oddan
qurtulmaq şansı var, mütləq var… Bax, müharibə də bitəcək, adamların qorxusu
da. Amma onlar Tanrını unutsalar, yenidən cəzalanmalı olacaqlar odla. Bu isə
yenidən bir başqa müharibə və onun gətirəcəyi aclıq, səfalət, xəstəliklər deməkdir…
Mənim atam indi Rusiya adlı bir ölkədədir. Həbsdədir. Kim bilir, bəlkə də sağ deyil
artıq. Amma mən bir gün mütləq həmin ölkəyə getmək istərdim. Atamın ya
özünü, ya ruhunu oddan xilas etmək üçün! Və əgər buna görə bütün Rusiyanın
özünü xilas etmək lazım gələrsə, ona da gedərdim...
-
Sən möcüzə göstərə bilərsən demək!
– o, yenə üzümə baxdı, - o, dedi axı, sən müqəddəssən!
-
Mən sadəcə Rozariyayam, - dedim,
- buralara gələndə sən yaşdaydım, sonra illər keçdi və hər şey elə dolaşıq
düşdü ki...
-
Hamı sənə səcdə edir, nəinki bu
kəndin, indi başqa kənlərin və hətta uzaq şəhərlərin adamları da gəlirlər səni
görmək üçün, səndən mərhəmət istəmək üçün. Adamlar danışırlar ki, səninlə
görüşlərdən sonra onların həyatında mütləq nəsə dəyişməyə başlayır, həm də
yaxşılığa doğru. Kimsə sağalır hansısa xəstəlikdən, kimsə pul tapır, kiminsə
uşağı doğulur...
-
Yay bitdi, - gözlərim yol çəkdi,
- mən onu bircə dəfə də olsa görüm deyə, neçə dəfələrlə dəfə gəldim talaya, neçə
dəfələrlə dəfə üzə çıxdım gizləndiyim yerdən... o isə gəlmədi heç, görünmədi mənə.
Daha qalmaq istəmirəm burda. Deyəsən, doğrudan da çıxıb getməli olacağam ölkədən.
-
Rusiyaya?
-
Yəqin ki! Atam ordadı. Eşitdiyimə
görə isə, indi oralarda inqilab olmalıdır, kim bilir, bəlkə də həbsdən qurtula
bilib atam, qurtula bilməyibsə də, inqilab olarsa, demək, mütləq xilas
olacaq.Amma lap əgər ölsə də, tapacağam onu.
-
Amma adamlar yenə gələcəklər
sabah, həm də çox adam gələcək bu dəfə, deyirlər, lap çox.
-
Olsun!. Sabah axırıncı dəfə
görünərəm. Sonra gecəylə çıxaram meşədən yola, sadə kənd qadını paltarı geyinərəm,
Tanrı da qoruyar, ümid edim ki...
***
-
Padre bu dünyanın ən yaxşı
insanlarından biri idi, - dedim üzümü adamlara tutaraq, - o, Tanrının ordusunun
əsgərlərindən idi, ruhlarımızın xilası naminə vuruşurdu odla, dualarıyla
qoruyurdu bizi. Onun kimi nə qədər Tanrı əsgəri qurban getdi, nə qədəri gedəcək
hələ, bilmirik. Biz ruhlarımızı xilas etmək üçün özümüz də savaşa qalxmalıyıq
ürəyimizlə ağlımızın arasındakı dar və qarışıq yolun dolanbaclarında... Mən
Padrenin ruhunun hələ də ağrı və təəssüf içində günahları təmizlənmədən ölənlərin
ruhu üçün dualar oxuduğunu, Tanrıdan onların xilası naminə mərhəmət dilədiyini
bilirəm. O, hələ də rahatlıq tapa bilmir. Çünki, Portuqaliya azad və rahat
deyil hələ də. Çünki, Pakonun ruhu da rahatlıq tapa bilməyib hələ. Çünki,
birisi ruhumuzun, birisi bədənimizin uğrunda qurban getmiş bu iki insanın
savaşı bitməmişdi, onların işini davam etməli olanları isə savaşa atılıb
mübarizə aparmaqdan çox, Tanrının yollayacağı möcüzələr çəkir, onlar, içində
yandıqları odu düşünməyib, görmədikləri, nə olduğunu anlamadıqları cəhənnəm
haqqında söhbətlər maraqlandırır... Tövbə edin, ürəyinizdə, ürəkdən tövbə edin
ki, Tanrı sizi eşitsin, yardımçınız olsun!
-
O, burdadır! – qız qışqırdı, -
onu görürəm! Sənin solunda dayanıb, əlində oddan qılınc görürəm...
-
Tövbə edin! – eşitdim və... ürəyim
dayandı az qala...
-
Pako! – çağırdım səsinə tərəf
dönərək.
-
Səni sevirəm, mənim gözəl
Portuqaliyam! – dedi və gülümsədi.
-
Pako... getmə, Pako! – onun hər
an bir az arxaya çəkildiyini anlayıb yalvardım.
-
Səni sevirəm... - pıçıldayıb
gözlərimin qabağındaca hər an daha bir az şəffaflaşaraq yoxa çıxdı...
Susdum...
Amma qarşımdakı insan kütləsi
uğuldamağa başlamışdı.
İnsanlara möcüzə lazım idi,
onları arxasınca çəkib başlarını qatacaq müqəddəslərə ehtiyacları vardı, onlar,
varlığının səbəbini anlamadıqları insanları ya kabus sayıb cəzalandırmalı, ya
da müqəddəs bilib cəzalarının verilməsini gözləyirdilər – bu dünyanın hər
yerində və hər zamanında olduğu kimi...
Başımı qaldırıb səmanın tam
ortasında dayanmış Günəşə baxdım.
Odunu gözlərimə yığdım, eləcə
gözlərim Günəşlə dolmuş bir halda qarşımdakı insan okeanına baxdım...
Bir anda baxışlarımı onların
üstünə sıxıb hər birisini son zərrəsinə qədər külə döndərə biləcəyimi hiss
etdim.
Amma eləmədim bunu, Padrenin
ruhu, Pakonun varlığı uğrunda qurban getdikləri bu kütləni sevdiyimi anladım...
Amma mənim buralarda qalmaq üçün
heç bir səbəbim, heç bir bəhanəm yox idi daha.
Mən Pakonu son dəfə gördüyüm bu
anlardan sonra nəfəs belə almaq istəmirdim artıq.
Gözlərimi yumdum...
Günəş içimə doldu.
Bir azdan mənim bu torpaqda bircə
ovuc külüm qalmışdı.
Qəfil tutulan hava, çaxan şimşək,
guruldayan ildırım, yağan yağış onu da yuyub apardı...
Hiç yorum yok:
Yorum Gönder