17 Ağustos 2014 Pazar

Tarladakı qadınlar



Elə bilirdi, gün heç vaxt bitməyəcək.
Günəş başının üstündən çəkilmək bilmirdi, elə bil yaxşı bişməmiş gözlük yumurta idi, yapışıb qalmışdı yağı az düşən allüminium tavanın ortasına, əlinə çəngəl keçsə, Göyün üzünü cızım-cızım edərdi, bu nəhəng gözlüyün ağını sarısına qatardı, bu ucuz tavanı qaşıyardı barmaqları taa yorulub qırılana kimi...

Ağrı



Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.


Apsara



Sərdar

Onlar dörd nəfər idilər.
İki qız və iki oğlan.
Mən yalnız birini tanıyırdım – Cəmili.
Elə dəhlizdəcə yoldaşlarını mənə təqdim etdi:
- Marina, Vüsal, Marinanın əri..bu da Leyla.
- Çox şadam. Xoş gəldiniz, uşaqlar. Mən də Sərdar.
- Sərdar Əzimov, tanınmış rəssam, - Cəmil əlavə etdi.
- Xoş gördük, - Vüsal dedi.
Qızlar yalnız gülümsədilər…


Mən, ailəm və başqa heyvanlar



Bu hekayətin Cerald Darellə heç bir dəxli yoxdur!



Bu gün Cırtdan öldü.
Siz onu tanımırsınız, bilirəm, elə bilirsiniz ki, nənəsindən yağlı əppək alıb dostlarıyla meşəyə odun axtarmağa gedən balaca oğlandan söhbət açmışam. Amma yox... itimdən danışıram - buralarda hamının itindən daha balaca olan, hamının da “çubuş” deyib güldüyü itimdən.

Cırcırama öpüşü


- Get əllərini, ayaqlarını, üzünü yu, başının təpəsinə də su çək, sonra gəl mənə kömək elə.
Nənəsinin dediklərini elədi və gəlib yanında durdu.
- İndi de bismillahirrəhmanirrəhim…
Dilini ağzında itirə-itirə birtəhər bunu da elədi.
- İndi bu isti külçələrə yağ çək.
Bir əlini soyuq nehrə yağına basıb xırdaca barmaqlarının içi ilə külçələri yağlamağa başladı. Külçələr əlini yandırsa da gözlərini oxşayır, ağzını sulandırırdı. Nənəsi də hiss elədi:
- Birdən qoparıb yemə ha! Gərək əvvəl məscidə aparaq, təbərrik eləyək, sonra. Tez-tez bismillahirrəhmanirrəhim de…

Hamilə



Hər şey uyğun gəlir... Hamiləliyin ilkin əlamətlərinin hamısını görürəm özümdə. Artıq neçə gündür səhərlər güclü ürəkbulanması hiss edirəm. Döşlərim şişib, toxunanda ağrayır. Qarnımın aşağısında da küt ağrılar var. Bu, böyüməkdə olan rüşeymə uyğun olaraq uşaqlıq divarlarının dartılıb genişlənməsi deməkdir... 
 

Və...



Belə daha yaxşıdır əslində…
Səhərlər evin balacaları dərsə, böyükləri işə tələsir, o da ertədən qapını öz açarıyla açıb gələn və səhər yeməyini də, uşaqların paltarlarını və çantalarını da, ərinin kostyumunu və ayaqqabılarını da hazırlayan qulluqçu qadına hər gün daha artıq həsəd aparır, hərdən-hərdən ərinin bu qadının bədənində dolaşan baxışlarını tutub özünə çəkmək, bu baxışlara bürünmək, hər gün daha bir az donan ürəyini isitmək istəyir.. 

Co üçün...


Bir az Parisdən danış...
O zərif qadın qırığından...
O uzaq may səhərindən...
Günəşin təbəssümü də ötən günkündən daha istiydi, onun əlləri də.

Folknerin vaxtsız gəlişi



1.sabah...

İş vaxtının bitməsinə yeddi dəqiqə qalmışdı.
Eynəkli oğlan tərs kimi məhz bu vaxt yenə də peyda oldu. Onun qapını bircə dəfə tıqqıldadıb özünün də açmasından tutub istəyəcəyi kitaba qədər hər şey adamın əsəblərini qıcıqlandırırdı və əlbəttə ki, yenə də elə bir kitab istədi ki, vaxtımın beş dəqiqəsi fonda gedib onu tapmağa sərf olundu, qalan iki dəqiqəni də kitabı oğlanın anketinə yazıb qol çəkdirdim.

Bir cümləlik roman və yaxud Böyük Gurultu günündən qısa reportaj



İt kimi yorulmuşam.
İt kimi deyəndə ki,  səhərdən elə it kimi də küçələrdə veyillənirəm. Veyillənirəm deyəndə ki, süpürgəçimizi axtarıram.
Gözlərim onun döşlərində qalıb, qalıb deyəndə ki…qoy elə hər şeyi əvvəldən danışım…

Axı mən səni sevirəm...



…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…

Depressiya



Hərdən
gecələrin soyuğuna
bürünüb də düşünürəm,
görəsən
sən
qadını
necə sevirsən?…

Rozariya

1

Əyalət – insanların sadə və qəliblərə hesablanmış həyatlarını sürdükləri yerdir. Onlar təbii bacarıqları və tələbatlarıyla gündəlik həyatlarını yaşayır, aram bir dalğavari ritmdə doğulur, yaşayır, ailə qurur, övlad dünyaya gətirir, xəstələnir və ölürlər...Seçki günlərində dəstəylə axışıb səs verərlər, hərçənd siyasətin nə olduğundan xəbərləri belə olmaz, dəstəylə sevərlər, dəstəylə nifrət edərlər, dəstəylə inanarlar Allaha. Sanki nəhəng bir canlı varlığın ayrı-ayrı hissəcikləri kimi bütöv və tam olaraq, özlərinə bənzəməyən, onlardan bircə zərrə fərqli olanları yad cisim kimi bu nəhəng orqanizmdən sıxışdırıb kənara itələyərlər, mübarizələri qızdırmaqla, üşütməklə, zəhərlənməklə müşaiyət oluna bilər hətta... ta ki sənin onları sevdiyinə inanana qədər! Sənsə onları tam və bütöv sevməyə vadarsan. Ya da bütün parçalarıyla sənə yad olan bu nəhəngdən vaxtında qaçıb canını və ruhunu xilas etməlisən, zira sən özün, tək olaraq bütöv və tamsan ki, o, bunu sənə heç bir zaman bağışlaya bilməyəcək...

Sərgərdan ruhlar tək

Hardasa küləklər əsir xəfifcə,
Hardasa Gün doğur suların üstdən,
Hardasa kimsə də təkdir bu gecə,
Gözləri yol çəkir yolların üstdən.
Musiqi dinləyir, şeirlər yazır
Yuxusu yox olmuş şairlər yəqin,
Hardasa misralar uçuşur hazır,
Sərgərdan ruhlar tək kimsəsiz, itkin...
Sobada odunlar kül olub, sönüb,
Obada kabuslar dolaşır, gəzir,
Hardasa şairlər misraya dönüb,
Hardasa küləklər, küləklər əsir...

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...