- Bəlkə də AYBbölməsində görüşməliydik...
Bu fikri hər üçü deyir.
Sonra Lənkəranın mərkəzindəki
ailəvi restoranların birinin pilləkənləri ilə yuxarı qalxırlar.
*** ***
***
Söhbət Qardaşxan
Əzizxanlı və Mehman Qaraxanoğlu ilə görüşdən gedir.
Bu görüşü hələ yanvar
ayından bəri bir neçə dəfə təyin edib, sonra təxirə salmışıq. Səbəblər müxtəlif
olub – ya mənim, ya Mehman
Qaraxanoğlunun məşğul olması, bizim boş vaxtımız olanda isə Qardaşxan
Əzizxanlının Bakıda olması.
-
Axır ki sizi
bir-birinizlə tanış edə bildim, - deyə sevinir Qardaşxan müəllim.
Şad olduğumuzu bildiririk
və Mehman Qaraxanoğlu mənə özünün yeni çap olunmuş “Mən konteksti düşünürəm”
adlı kitabını hədiyyə edir. Mən qarşılığında kitab hədiyyə edə bilmədiyim üçün
bir qədər sıxılıram, özümü bir anlıq “Dədə Qorqud” filminin əvvəlində qara
çadıra göndərilən Alp Aruz kimi hiss edirəm. Tərslikdən bu an ofisiant qız əlindəki
nəhəng qara-qalın vərəqi qarşımda masaya qoyur. Gözlərim menyunun hərflərindən
çox, fondakı qara rəngə zillənir və mən qara nəhəng vərəqi qıza qaytararaq, sadəcə
itburnu çayı istədiyimi deyirəm. Qız bizdən uzaqlaşanda dalınca baxıram. Omu
çox çəlimsizdir, yoxsa qara menyu vərəqimi çox nəhəngdir, deyə fikrimdə bu gənc
qızın belibükük halda yerişinin səbəbini analiz edib anlamağa çalışıram.
Məni fikirdən Mehman müəllimin
səsi ayırır.
-
Sizin serial
bitdimi?
-
Bəli, tam
bitdi, - deyirəm.
-
Nə yaxşı, -
deyir Qardaşxan müəllim, - o serial ssenaristliyi sizi ədəbiyyatdan tam
uzaqlaşdırmışdı. Şükür ki, bitib.
-
Elədir, -
deyirəm, - çox yoruldum. İndi sadəcə dincəlmək və ədəbiyyata qapılmaq istəyirəm.
Sonra biz ölkədə ədəbiyyat
gündəmindən, yeni kitablardan, jurnal və qəzetlərdən, saytlardan bəhs edirik.
İnternetin yaratdığı imkanlardan danışırıq və bölgələrdə yaşayan yazarların bu
imkanlardan mümkün qədər çox yararlanmalı olduqlarını vurğulayırıq.
Yanımızda görmək istədiyimiz
yerli yazarları xatırlayırıq. Ağaddin Babazadənin, Tərlan Əbilovun, Elşad Səfərlinin,
Qafar Cəfərovun, Ağamir Cavadın, Nurəddin Şayanın da burada olmaqlarını
arzulayırıq.
Dünyasını vaxtsız dəyişmiş, Mehman
Qaraxanoğlunun “Cənubun Yesenini” adlandırdığı Anar Həbiboğlunun xatirəsini yad
edirik.
Mən bölgəmizin xanım
yazarlarını bir arada görmək istədiyimi deyirəm. Xatirə Xatunun, Ziba Xəlilin,
Səbirənin şeirlərindən söz açıram.
Gənclərdən də danışırıq.
İstedadı olub, amma tanınmaq üçün imkan tapmayanları, hara, kimə, necə üz
tutacağını belə bilməyənləri tapıb onlarla görüşlər təşkil etməyin vacibliyini
önə çəkirik.
-
Lənkəran hər
zaman mədəniyyətə, ədəbiyyata açıq olub, burada ölkənin ən çətin vaxtlarında
belə insanlar kitab oxuyublar, mədəniyyət sarayındakı tədbirlərə axışıblar,
teatra gediblər. Hal-hazırda buradakı universitet və kolleclərdəki tələbələrin
içində kim bilir nə qədər ədəbiyyatsevər var,
mən hələ orta məktəblərdəki müəllimləri, şagirdləri demirəm. Axı onların
hər biri ədəbiyyat adına olacaq istənilən bir işə sevinəcək, iştirakçısı olmağa
tələsəcək, yerli yazarlarla, elə bir-birləri ilə də tanış olmaq imkanları
yaranacaq.
Ad və soyadlarında “Xan”
kəlməsi olan bəylər razılıqla gülümsəyirlər.
Mehman Qaraxanoğlu etiraf
edir ki, məni yaxından gördüyü və tanıdığı üçün şaddır, eyni etirafı mən də
edirəm, qarşımda qiymətli söz yükü olan bir ədəbiyyat adamı gördüyümə görə
sevindiyimi bildirirəm. Bir daha ədəbiyyat
adına görüşlərin, rəsmi toplantılara səlahiyətimiz çatmasa belə, bu cür səmimi,
çay süfrəli, kitab hədiyyəli yığıncaqların vacib olmasını qeyd edirik.
Sonra çaylarımızı içib saatlarımıza
baxırıq. Bir saat çəkəcəyini düşündüyümüz görüşün artıq iki saat yarımını
arxada qoyduğumuzu görürük.
Mehman müəllim Astaraya
getməli olduğunu xatırlayır, mən evdə məni gözləyən kitabın redaktəsini bu gün
bitirməli olduğumu yadıma salıram, Qardaşxan Əzizxanlıya isə zənglər gəlir, deyəsən
evdən çağırırlar və biz ədəbiyyatın eyforiyasından məişətin soyuq qolları
arasına düşürük.
Durub restorandan
çıxırıq, xiyabanın sonuna qədər birlikdə addımlayırıq.
Bu vaxt mən Lənkəran Dövlət
Dram Teatrının yaxınlığında yerləşən, şəhərimizin yeni nəsil gənclərinin açdığı
Book Cafeni göstərirəm və biz həmin məkana baş çəkirik.
Gənclərdir, çay və
şirniyyat xidməti olan kafedir, rəflərdə kitablardır, bir də biz. Gənclər deyirlər
ki, bu məkanda yazarları görməyə şad olardılar, kitab təqdimatları üçün,
oxucularla görüş və seminarlar üçün şərait yaratmağa hər zaman hazırdırlar.
Bizə sevinmək və gələn dəfə
bu məkanda görüşmək barədə qərar vermək qalır.
*** ***
***
Beləcə görüşümüz başa
çatır.
Hərəmiz bir səmtə üz
tutub gedirik.
Hərəmiz özü ilə digərlərindən
bir parça ədəbiyyat aparır – qərib yerdə doğmasına rast gələn adamların
bir-birlərinə bağışladığı bir ovuc vətən torpağı kimi.
*** ***
***
Sonra mən taksiyə otururam
və bir az gedəndən sonra, işıqforda yol növbəmizi gözləyən vaxt Mehman
Qaraxanoğlunun mənə bağışladığı kitabı çantamdan çıxarıb açıram, ilk gözümə dəyən
isə bu sözlər olur: “Ədəbiyyat naminə heç nə etmə! Səni aldadıblar!!!”
Gülümsəyib başımı yırğalayıram,
kitabı çantama qaytarıb maşının pəncərəsindən çölə baxıram.
Elə bu an işıqforun yaşıl
işığı yanır və biz yola davam edirik...
Hiç yorum yok:
Yorum Gönder