Bir də sağ əllərimizi sol çiynimizdən bir qarışaşağı sıxıb ürəyimizə and içək ki, həqiqəti deyəcəyik və həqiqətdən başqa birşey deməyəcəyik.
Tanıyaq düşmənlərimizi.
Birinci düşmən – tamahdır.
Qonorara, vəzifəyə, ada, şöhrətə, kabinetə,
mükafatlara, təqaüdlərə və s.
Tamah – çox zəngin bir mənəvi yoxsulluğun təzahürüdür
və yazarın ilk dəfə bu sehrli sözləri ürəyindən dilinə gətirməsindən sonra üzə
çıxır: “Mənim nəyim əksikdir ki?”
Və yazar tamah adlı bu ilk düşməninin qoluna ən
yaxın dostu kimi girərək, özünü onun ixtiyarına buraxır. İlk dəfə əlinə qələm
alıb yazdığı mətnlərin saflığını, qonorar, şöhrət, vəzifə düşünməyərək
yaratdığı dünyasının işığını itirdiyini ağlına belə gətirməyərək, gözlərini ürəyindən
çəkib barmaqlarına zilləyir.
Və barmaqlar bir də ədəbiyyat yaza bilmir, başları
saymağa qarışır çünki – pulları, kitab çaplarını, təqdimatları, məşhur yazarlarla
görüşləri, qarşı cinsi təmsil edən adamların diqqət dərəcələrini və s.
Tamah yazara narahatlıq gətirir. Yazar tamahın gətirdiyi
həyəcanlara görə o qədər narahat olur ki, yazını unudur.
Gecə-gündüz yazsa belə, ortalığa çıxartdığı mətnlər
hər hansı bir bazar piştaxtasına çıxarılan hər hansı bir gündəlik tələbat
malından fərqlənmir.
Ədəbiyyat bazar, yazıçılıq alver, yazı isə satlıq
mal deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır – sönməsiylə.
Beləliklə, tamah istedadın keyfiyyətini zədələyir.
İkinci düşmən – hərislikdir.
Hərislik – məmnunluğa gətirib çıxarmayan tamahdan
doğur.
Yazar hərisliyin diqtəsi ilə tamahın ona göstərdiyi
bütün maddi parıltılara can atmağa başlayır. İstedadı sönüb öləzidikcə, yazar
üçün ən dəyərli cəhət olan daxili kübarlığını itirir və ədəbi məkanda həyasızcasına
var-gəl eləyən bir tip ortalığa çıxmış olur.
Hərislik gözlərini qapayanda yazar aynada belə
özünü deyil, başqalarını görür – nailiyyətləri olan həmkarlarını yəni.
Və hərisliyin sehrli kəlmələri möhür kimi qapayır
beynini: “Mən də istəyirəm!”
Yazar hərisliyin gətirdiyi narahatlığa görə o qədər
çabalayır ki, özünü unudur.
Gecə-gündüz özünü Baron Münhauzen kimi parikindən
tutub batdığı girdabdan qaldırmağa can atsa belə, fəaliyyətinin bütün mahiyyəti
yarış atlarının finişə can atmasından fərqlənmir.
Ədəbiyyat kazino, yazıçılıq oyun, yazı isə qumar zəri
atmaq deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır – tükənməsiylə.
Beləliklə, hərislik istedadı öldürür.
Üçüncü düşmən – qəzəbdir.
Qəzəb – nailiyyətlərə gətirib çıxarmayan hərislikdən
doğur.
Yazar qəzəbin təsiri ilə bütün həmkarlarına qarşı
aqressiya hiss edir. Qəbul olunmadığı və qəbul olunmağa ümidini itirdiyi çevrələrə
qarşı açıq-aşkar şəkldə düşmən mövqeyi tutur, söz deyə bilmək fürsəti əlinə düşən
kimi mütləq hansısa yazarları tənqid, bəzən hətta təhqir edir, özü kimi qəzəbli
çevrədaşlarını da dayandığı mövqedən çıxış etməyə, sanki oxuduğu mahnının nəqarət
hissəsini xorla və təkrar-təkrar söyləməyə çağırır.
Acınacaqlı haldır.
Qəzəb yazarı o qədər qapayır ki, yazar artıq ədəbiyyatdan
bir dünya uzaq düşdüyünün fərqində olmur. O, verdiyi müsahibələrdə belə özündən
yox, başqalarından bəhs edir. Sehrli sözlər belə olur adətən: “Heç nə yaza
bilmirlər!”
Yazar qəzəbin gətirdiyi çabalamalardan o qədər
yorulur ki, sözünü unudur.
Gecə-gündüz danışsa belə, nə danışdığını nə özü
anlayır, nə də başqaları.
Ədəbiyyat məhəllə hasarının dibi, yazıçılıq deyingənlik
marazmı, yazı isə dedi-qodu demək deyil deyə, istedad özüylə rəftarı bağışlamır
və cəzalandırır – unudulmasıyla.
Beləliklə, qəzəb istedadı unutdurur.
Dördüncü düşmən ilğımdır.
Bəli, bəli, məhz ilğım.
İlğım – həmkarlara qarşı olan aşkar və gizli qəzəbin
tərs üzüdür, biz ona özünəvurğunluq illüziyası da deyə bilərik.
Səhrada susayan sərgərdanların gözlərini aldadıb
arxasınca aparan ilğımı düşünün.
Və bir də ədəbiyyat aləmində öz istedadını
tamahıyla zədələyən, hərisliyi ilə öldürən, qəzəbi ilə unudan yazar tipinin
gözlərini düşünün.
Nə var o gözlərdə? Paranoikal, manyakal ehtiras.
Sehrli sözlər isə belədir: “Mən hamıdan yaxşıyam!”
İlğım yazarı özünütənqid hissindən tamamilə
uzaqlaşdırır və onun özünü görə biləcəyi bütün aynaları qırıb tökür. Sonra isə
dəcəl uşaq kimi bu qırıntıları Günəşin şüaları ilə yükləyib yazarın gözlərini
qamaşdırmağa başlayır.
Yazar gözlərini qıyıb, baxmağa belə halı olmadığı
aynalarda özünün əksini gördüyünü düşünür. Elə bilir, parıldayan odur, aynadan
belə ziyası öz gözünə düşür, yandırır.
Yazar ilğımın gətirdiyi illüziyaya o qədər aldanır
ki, üzünü unudur.
Gecə-gündüz özünü ziyalı kimi hiss etsə belə, kimsə
onun işığını görmür.
Ədəbiyyat sirk, yazıçılıq klounada, yazı
yanqlyorluq deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır –
gülüncləşməsiylə.
Beləliklə, ilğım istedadı dəyərsizləşdirir.
Beşinci düşmən həsəddir.
Həsəd – ilğımın yoxa çıxmasından doğan ən dəhşətli
düşməndir.
Özünəvurğunluq illüziyizası bitəndə yazarın
daxilində onun bütün varlığını sarsıdan qəfil bir silkələnmə prosesi baş verir
ki, bu da onun gözlərinin açılması ilə nəticələnir.
Gözlər açılır, açılır, bütün parıltıların ilğımdan
başqa bir şey olmadığından əmin olanda dəhşətdən bərəlib qalır.
Yazar özünü itirir.
Paltarını qəfil itirmiş adam kimi, bədənini qəfil tərk
eləməyə vadar olmuş ruh kimi sarsılır və nə edəcəyini bilmir. Ortalıqdakı mənəvi
örtüksüzlüyünü ört-basdır etmək üçün dərhal kiməsə yan alır və arxasında
daldalanır. Elə ilk həsəd apardığı şəxs də məhz ilk daldalandığı şəxs olur.
“Niyə onun var, mənim yox?” sözlərinin sehri həyatının ən vacib sualına
çevrilir və yazar bu andan sonrakı fəaliyyətini ancaq oğurluğa həsr edir – yan
aldıqlarına aid olan hər şeyi, hər kəsi.
Oğurlaya bilmədiklərini isə mütləq zədələməyə,
dağıtmağa çalışır.
Yazar həsədin gətirdiyi mənəvi deqradasiyanın çəngində
özünə aid olan hər şeyini, hər kəsini unudur.
Unutmadığı yalnız arxasında daldalandığı adamların
kürəkləri olur.
Gecə-gündüz bu kürəklər onun kabusuna çevrilir və
ona rahatlıq vermir.
Ədəbiyyat – çörək zavodu, yazıçılıq qıtlıq növbəsi,
yazı isə bulki talonu deyil deyə, istedad özüylə rəftarı bağışlamır və cəzalandırır
– eybəcərləşməsiylə.
Beləliklə, həsəd istedadı çirkaba batırır.
Altıncı düşmən – təkəbbürdür.
Bir qələmi tutmaq üçün bəs edəcək beş barmağın hər
birinin bir düşmən tərəfindən qırılmasından sonra hələ də yazar olduğuna son dərəcə
nəhəng bir inamın olması ilə təzahür edir.
Tamahın, hərisliyin, qəzəbin, ilğımın, həsədin məhv
etdiyi istedadının iylənmiş cəsədini çiynindən aşıraraq ədəbiyyat məkanının
havasını korlamaqla davam edir.
Və ədəbiyyat istedadını öldürmüş yazarı cəzalandırır
– oxucu yoxluğu ilə.
Beləliklə, təkəbbür istedadı dəfn edir.
Tanıdıq düşmənlərimizi.
İndi isə, icazənizlə, əllərimizi ürəklərimizin
üstündən götürək və barmaqlarımıza baxaq.
Hamısı salamatdırmı?
Gözəl.
Yazmağa davam edirik...
Hiç yorum yok:
Yorum Gönder