***
Sosial şəbəkədə bu qısa
dialoq müxtəlif zamanlarda, müxtəlif
insanlarla eyni cür təkrarlandı deyə, bu barədə kiçik də olsa bir yazı
hazırlamağı qərara aldım.
Bu sualı adətən gənclər
yazırlar, hələ yazı aləminin qapalı künclərində xəfif addımlarıyla dolaşan, üzə
çıxartmadıqları mətnlərin keyfiyyəti bərədə tərəddüdlə düşünən, hər gün bədii ədəbiyyat
oxumağa can atıb, hər gün çağdaş yazarların virtual aləmdə yayımlanan mətnlərini
ölçü meyarı kimi qəbul edərək, öz yazdıqlarını onlarla müqayisə edən, bəzən öz
yazdığının daha gözəl olduğunu görsə belə, yenə də çəkinən, çəkinən, çəkinən gənclər.
Belə gənclər sonralar ədəbiyyata
ya ağır artilleriya kimi qəfil, güclü və hazırlıqlı gəlirlər, ya da heç vaxt gəlmirlər.
Lakin birmənalı olaraq,
istedadlı olurlar.
Aldığım suala verdiyim
cavab heç də həmişə razılıqla qarşılanmır. Bəzən müqabilində incik smaylik göndərirlər,
bəzən susurlar, bəzən də “bu mümkün deyil” rakursundan məni özlərinin yazı barədə
bildikləri ilə tanış etməyə can atırlar.
Mən də sadəcə gülümsəyirəm.
Başqa cavabım yoxdur deyə.
*** *** ***
Belə bir rəvayət yadıma
düşür.
İki adam bir körpüdən
keçməli olur.
Körpü dar, qədim, hər an
qırılıb üstündəkiləri kənara ata biləcək haldadır.
Aşağıda isə çay axır.
Dəli-dolu, bulanıq, hər
an körpünün ona atacağı adamları udmağa hazırdır.
İki adamdan biri gah
körpüyə, gah çaya, gah da yol yoldaşına baxıb, dəhşətlə çiynindəki heybəni yerə
qoyur və diz üstə çöküb əllərini göyə sarı açaraq, uzun-uzun dualar oxumağa
başlayır. Sonra buna qane olmur, iki rikət namaz da qılır.
Digər adam təbəssümlə ona
baxıb, “ya Allah” deyə əmin-arxayın bir halıyla, dodağının altında şən bir
mahnı zümzümə edə-edə, heybəsi çiynində, əlləri ciblərində, körpünü keçir.
Birinci adam namazını,
dualarını bitirib ayağa qalxır, heybəsini çiyninə aşırıb qorxa-qorxa çayın
qarşı sahilinə baxır. Yol yoldaşı oradan əl edib, onu gözlədiyini bildirir.
Adam ürkək addımlarla,
son dərəcə diqqətlə, ehtiyatla körpünü keçməyə başlayır. Hər addımında da
dayanıb dərindən nəfəs alır və dua oxuyur. Lakin körpünün ortasına çatanda başı
həyəcandan hərlənir və müvazinətini itirib suya düşür.
Yol yoldaşı adamın suda
çabalayıb batdığını görərək, özünü çaya atır və onu xilas edib sahilə çıxardır.
Sonra onların arasında
belə bir qısa dialoq olur.
-
Axı bu necə olur?
Mən namaz qıldım, dualar oxudum, hər addımımda zikr elədim, amma körpüdən keçə
bilmədim, az qalmışdı boğulum ölüm. Sən isə...
-
Mən isə bütün
o duaları, zikri, namazı evdə ikən pıçıldamışdım, - gülümsəyir ikinci adam, - hələ
yola çıxmamışdan çox-çox əvvəl...
*** *** ***
Məncə əlavə izaha ehtiyac
qalmadı, əziz dostlar.
Biz yazmağı körpüdən keçmək,
ədəbiyyatı qarşı sahil, dəli çayı ədəbi uğursuzluq girdabı kimi düşünsək,
özümüzün həmin iki adamdan hansı olduğumuzu asanlıqla anlaya bilərik.
Ətrafımızda elə insanlar
var ki, heç birisi yazar olmağa iddialı deyil, ədəbiyyatı sevirlər, ədəbiyyatla
nəfəs alırlar, ədəbiyyatın mahiyyətindən arı çiçəklərdən bal toplayan kimi, zərrə-zərrə
zövq və güc alıb, öz əsas işlərində və həyatlarında tətbiq edirlər, çox zaman
uğur qazanırlar.
Və ətrafımızda elə
insanlar da var ki, həyatı sevirlər, həyatın mahiyyətindən arı çiçəklərdən bal
toplayan kimi, zərrə-zərrə zövq və güc alıb, ədəbiyyatda tətbiq edirlər, çox
zaman uğur qazanırlar.
Çünki yazmaq – digərlərinin
yazdıqlarına baxıb, onların kopyasını və ya bənzərini yazmağa çalışmaq deyil.
Bunu özündə ilk dəfə hiss edən şəxs mütləq elə həmin an yazar olmaq həvəsindən
imtina etməlidir.
Eləcə də, yazmaq – qafiyələnən
kəlmələri dəftərlərə toplayıb ehtiyatda saxlamaq, hecaları barmaqlarıyla sayıb
misraların bir-birinə uyğun gəlib-gəlmədiyini yoxlamaq, yaxud, asan görünür deyə,
adi bəsit cümlələri kəlmələrə bölüb alt-alta sütun edib adını sərbəst şeir
qoymaq deyil.
Yazmaq heç sənə qədər
yazılmış məşhur əsərləri “postmodernistəm” çaşqınlığıyla söküb korlamaq, təhqir
etmək də deyil.
Ədəbiyyat - zülmlə mətn
yığmaq deyil, ləzzətlə barmaqlarını hərflərin üzərində gəzdirməkdir. Vallah,
billah, budur.
Və əgər sən dodağının
altında zümzümə edə-edə eyni bir rahatlıqla, həzzlə qəzəli, bayatını, gəraylını,
qoşmanı, soneti və sairəni yaza bilmirsənsə, sərbəst şeiri də yaza bilməyəcəksən.
Alt-alta düzdüklərin perik düşmüş söz yığınından başqa nəsə olmaz.
Eyni misalı nəsr üçün də
demək olar.
Yazmaq sənə əzab və qul əziyyəti
verirsə, qələmi tulla.
Mətni görə bilmirsənsə,
varlığını hiss etmirsənsə, çəkil və dincəl.
Yaradıcılqla quruculuğun
fərqi var və sən bu sözlərdən birincisinə aid olmalısan.
Çünki yazı canlıdır, təfəkkürlə
təxəyyülün vəhdətindən yaranır, sənin beynində, ürəyində, ruhunda.
Mətn isə həmişə tam və
hazırdır.
Sənə sadəcə onu öz mahiyyətindən,
öz daxili kosmosunun nəhayətsiz dalğalarının birindən götürüb kağıza köçürmək
qalır.
Bunu bacarırsansa, qarşı
sahilə xoş gəlmisən!
Hiç yorum yok:
Yorum Gönder