Hekayə
Oğlan iki gündür nişanlanıb
və üçüncü gecə düşməmiş hamamlanıb, ətirlənib, bəzənib... nişanlısının görüşünə
getməyə tələsir.
Son dəfə aynada özünə razılıqla
baxıb, otağın o başında açılmış divandakı yatağa sarı çönür.
-
Necəyəm? –
soruşur.
Yataqda bir qoluna yüklənib
yarıuzanmış və yarıyuxulu gənc qadın bezginliklə zarıyır:
-
Minnəti
olsun. Gül kimisən.
Qadının yanındakı bələyin
içindən körpə də anasının sözünü təsdiq edirmiş kimi başını tərpədib
dodaqlarını marçıldadır. O da yarıyuxuludur.
Oğlan yenə aynaya baxır,
razılıqla gülümsəyib ağzının ortasından soluna doğru düzülən qızıl dişləri
parıldadır.
Bu vaxt otağın qapısı
açılır və evə əlində xeyli bıçaq, şiş və daha nələrsə tutmuş yaşlı bir qadın,
qadınla birlikdə də xeyli səs-küy daxil olur.
Yataqdakı gənc qadın
deyinir:
-
Noldu bu ay,
buraxmadılar? Baş-beynimiz getdi daha.
-
Buraxacaqlar,
az qalıb, - qadın deyir və yatağa yaxınlaşır, - qaldır uşağı görüm.
Gənc qadın narazı sifətlə
yerinin içində oturub körpəni də qucağına alır.
Yaşlı qadın döşəyin baş
ucunu qaldırıb altına bir-iki bıçaq düzür, bıçaqların arasına bir tikə çörək
qoyur, şişi də lap başdan eninə yataq boyunca uzadıb döşəyin ucunu buraxır.
Üstdən yatağı əlləri ilə bir də yaxşıca sıxıb rahat olmasından əmin olandan
sonra gənc qadının üzünə baxır:
-
Qoy indi
yerinə.
Gənc qadın bələyi döşəyin
üstünə qoyub üstünü örtür.
Yaşlı qadın ona mane
olur:
-
Dayan! -
yaşlı qadın jaketinin nəhəng cibindən nəsə çıxarıb körpənin üstünə əyilir, körpənin
bələyinə iri bir sancaq ilişdirir, - bismillah...
-
Ana, mən daha
gözləyə bilmirəm, getdim, - oğlan hövsələsiz səslə telefondakı saatına baxıb
qapıya sarı çönür.
-
Sən də dayan!
– yaşlı qadın körpədən ayrılıb oğlana sarı gəlir, onun qarşısında dayanıb gödəkçəsinin
yaxasını aralayır, köynəyinin cibinin içində qurdalanmağa başlayır.
-
Ayy! – oğlan
qəfil ağrıdan diksinmiş kimi bağırır.
Oğlanın səsinə körpə də
diksinib ağlamağa başlayır. Gənc qadın hirsindən bələyi dartışıdırıb özündən kənara
itələyir.
-
Başladı da
yenə! Başladı!
Körpə daha ucadan
ağlamağa başlayır.
Oğlanın mobil telefonuna
zəng gəlir. Oğlan telefonun ekranına baxıb hövsələsiz halda yaşlı qadının əlindən
qurtulmağa çalışır.
-
Ana, yaxşı
da, əl çək bu sancaqdan.
-
Bağlanmır axı
zəhrimara qalmış...- yaşlı qadın dişlərini bir-birinə sıxıb oğlanın köynəninin
cibində bir az da qurdalanır, - batacaq axı sənə...aha, şükür, bağladım.
Yaşlı qadın oğlanın
yaxasını səliqəyə salıb bir addım geriyə çəkilir, fəxrlə ona və yataqda ağlayan
körpənin bələyini bezgin halıyla silkələyən yarıyuxulu gənc qadına baxır, -
Allah sizi mənə çox görməsin, tfu, tfu pis gözlərə! Bir də sizi bu qırx gündə
cinlərdən qoruya bilsəydim...
Oğlan
Qəribə məxluqlardı bu
cinlər. Başa düşmürəm ki, bizdən nə istəyirlər.
Anam deyir ki, onlar təzə
doğmuş qadınlara, təzə doğulmuş körpələrə, təzə nişanlanmışlara, təzə evlənmişlərə
nə olursa olsun, xətər yetirməyə çalışırlar. Deyir, gah gözlərinə əcaib
hallarıyla görünüb qorxudurlar, gah başqa adamların cildinə girib onları
aldadıb aparırlar, gah da insan səsiylə çağırırlar ki, hay verəsən, yaxınlaşasan.
Elə bacımı da buna görə bizə gətirib. Bacım təzə doğub axı. Cəmi altı gündür.
Anam onu körpəsiylə bizə gətirib ki, cinlərdən qoruya bilsin. Bundan əvvəlki
körpəsini cinlər altı axşamında oğurlayıb aparmışdılar. Bacım səhər ayılıb körpəni
yanında görməmişdi, qışqırıb ərini oyatmışdı. Hamılıqla bütün evi, həyət-bacanı
axtarandan sonra körpə yatağın altından ölü halda tapılmışdı, bələyindəki
sancaq da açılıb sinəsinə batmışdı. Yadımdadır, bacım o vaxt dəli kimi olmuşdu,
hətta ərinin ailəsi onu gətirib üstümüzə atmışdı, deyirdilər ki, cin vurub,
daha bundan adam olmaz. Anam o vaxt atamızdan qalma “Moskviç”i dəyər-dəyməzinə
satdırdı, pulunu qonşu rayondakı cindar arvada verdi, cindar arvad da bacımı
sağaltdı, hələ bacımın ərigil üçün də elə bir qələm vurdu ki, özləri gəlib gəlinlərini
evə apardılar.
Hekayənin ardı
Həyətdə bir dəstə uşaq
var. Onlar evin qarşısındakı kiçik dairədə ora-bura qaşıça-qaçışa, sağ əllərindəki
çömçə və kəfkirlərlə sol əllərindəki qazan və tavaların arxasına döyür,
yarıqorxu-yarımaraq içində qışqırışırlar.
-
Cinlər, ayı
buraxın! Cinlər, ayı buraxın!
Oğlan evdən çıxıb onların
arasından keçərək həyət qapısına doğru addımlayır. Yeriyərkən başını qaldırıb
göyə baxır. Ay göyün üzündə bulanıq qan-qara rəngində görünür. Göyün üzündə
qara buludlar sürətlə hərəkət edir, sanki onları kimsə qabağına qatıb ayın
üstünə qovur. Uzaqlarda şimşək çaxır. Oğlan üzünü uşaqlara tutur.
-
Dağılışın
gedin evlərinizə, indi yağış yağacaq.
Uşaqlar onu eşitmirlər,
çömçə və kəfkirləri qazan və tavalara döyməyə davam edirlər:
-
Cinlər, ayı buraxın!
Oğlan hirslənir:
-
Sizinlə deyiləm?
– evə sarı işarə edir, uşaq səsinizdən yata bilmir!
Oğlan heç kimin ona məhəl
qoymadığını görüb, hirslə əyilib yerdən nəsə tapıb uşaqlara atmaq üçün axtarır.
Heç nə tapa bilməyib başını qaldıranda qarşısında qəfil peyda olan qara kölgədən
diksinib bağıraraq kənara atılır. Uşaqlar onun bağırtısından hürküb, səslərini
kəsirlər və qorxa-qorxa oğlana sarı baxırlar.
-
Bismillah! –
qara kölgə oğlanın yanına cumub əlini onun başına və buduna vurmağa başlayır, -
bismillah, bismillah...
-
Nənə, dəli elədin
ki məni! – oğlan tərs-tərs qara kölgəyə baxır, - elə bil...
-
Cin sənin
anandı, köpəyoğlu, - qara kölgə qımışa-qımışa oğlana, sonra da uşaqlara baxır,
- gedin yatın daha, səhər məktəbə gedəcəksiz, - üzünü göyə tutur, - ay da daha
görünmür, bulud örtdü.
Uşaqlar bir gözləri göydə,
qorxa-qorxa öz aralarında astadan pıçıldaşa-pıçıldaşa çıxıb gedirlər.
Qara kölgə oğlana baxır:
-
Görürsən də,
bütün nəticələrimi səfərbər eləmişdim ayı qurtarmaq üçün. İnşallah, köməyi
oldu, - göyə baxır, üzünə yağış damlası düşür, əliylə silib üzünü oğlana tutur,
- Sən nahaq bu axşam ora gedirsən. Nə xəbərdi, ot elə-su tökdü? Dünən
adaxlamısan da hələ! – hikkə ilə evə sarı baxır, - adaxlın da yəqin xalasına
oxşayıb. Anan da atanı belə gecə yollarına sala-sala çərlətmişdi axı. Yazıq Cəfər...cinlər
boyun-boğaz qoymazdılar uşaqda, hər gecə sümürüb qaraldıb buraxardılar.
Qara kölgə dərin bir ah çəkib
qara nəhəng yaylığına bürünərək, uşaqların ardınca yollanır.
Oğlanın mobil telefonuna
zəng gəlir.
-
Gəlirəm,
yoldayam, - cavab verib həyətdən çıxır.
Qara kölgə
Qəribə məxluqlardı bu
cavanlar.
Nə böyük bilirlər, nə
kiçik. Heç biri də sözə qulaq asmır. İki saat düşdüm məhəllənin canına, heç
kimi evindən çıxarda bilmədim ki, qazan döyüb cinləri qorxutsunlar. Öz
uşaqlarım da televizorun qabağından durub səsimə hay vermədilər. Allah yenə bu
balaca nəvə-nəticədən razı olsun, hamısı bir nəfər kimi qab-qacaq götürüb həyətə
düşdü. Yazıq ay. Nə günə qalmışdı. Cinlər yaralayıb al qana boyamışdılar onu. Nə
qədər ağladım, ay allah...
Ay
Qəribə məxluqlardı bu
yerdəkilər.
Nə məni tanıyırlar, nə də
özlərini.
Zəhləmi töküblər lap.
Hekayənin
ardı
Oğlan qaranlığın içində o
yana-bu yana baxa-baxa irəliləyir.
Hərdənbir kənardan bir
çıppıltı, bir şaqqıltı səsi gələndə qəfildən diksinib əlindəki telefonun işığı
ilə ətrafına işıq salmağa çalışır, dodağının altında nəsə pıçıldayır.
Pıçıldayanda ağzının solundakı qızıl dişlər qəfil parıldayıb havada sallanıb
yellənən işıldaquşu xatırladır.
-
Bismillah,
bismillah, bismillah... – oğlan fasiləsiz pıçıldayır.
Oğlanın mobil telefonuna
zəng gəlir, qəfil zəng səsindən oğlan diksinib içini çəkir və telefon əlindən
düşür.
Oğlan qorxa-qorxa
qaranlıqda əyilib telefonunu axtarmağa başlayır.
-
İt qızı! Min
dəfə zəng eləyir e, min dəfə! Qoy çatım, qoy gedim onlara çatım, şilləni nətəhər
qoyacam ha ağzının üstündən heyvan balasının!
Bu vaxt şimşək çaxır və
oğlan qarşısında iri bir həsir zənbil görür.
-
Bismillah! –
oğlan bağırıb qaçmaq istəyəndə ayağı nəyəsə ilişir və yıxılır. Bu vaxt telefon
zəng çalır, oğlan telefonun işığını görcək, sürünüb onu yerdən qaldırır və
işığı zənbilə sarı yönəldir. Ona elə gəlir ki, zənbildən pişik miyoltusu gəlir.
Oğlan bir də bağırıb
ildırım sürətiylə ordan uzaqlaşır.
Oğlan
Qəribə məxluqlardı bu
pişiklər.
Nənəm deyir ki, onların
gözlərinin içinə baxmaq olmaz, adam qorxudan dəli ola bilər. Deyir, cinlər ən
çox pişik cildinə girirlər. Ən çox da gecə vaxtlarında.
Nənəm heç vaxt evdə pişik
saxlamır, anamla da davaları ən çox anamın pişik saxlamasına görə olur. Anam hər
dəfə hardansa bir pişik tapıb evə gətirən kimi nənəm bir həftə deyinir, sonra
da anamın evdə olmadığı ilk fürsətdəcə pişiyi torbaya qoyub kəndin başındakı
kanala atır.
İndi bu zənbildə də allah
bilir kim kimin pişiyindən bezib, gətirib atıb bura. Bəlkə də elə balalamış
pişikdir. Yəqin erkək balalarını kimsə götürüb, dişiləri anaları ilə birlikdə gətirib
atıblar. Nənəm deyir ki, dişi pişikləri harda görsən, öldürmək lazımdır,
artmasınlar...
Dişi pişiklər
Qəribə məxluqlardı bu erkək
pişiklər. Hər yerdə hörmətləri var. Dünyaya gələn kimi adamlar gəlib onları
seçib evlərinə aparırlar. Dişi pişikləri isə ya öldürürlər, ya da meşəyə, dağa
aparıb azdırırlar. Orada da bizi adamların əlindən canını qurtarıb sərgərdan gəzən
dişi itlər tapıb parçalayır. Ahh...neyləsinlər, onlar da bizim kimidirlər,
arzuolunmazdırlar...
Dişi itlər
Qəribə məxluqlardı bu dişi
pişiklər. Özlərini kimə-kimə, bizə tay hesab edirlər. Deyirlər ki, biz də onlar
kimiyik. Amma biz heç vaxt öz balalarımızı özümüz yemirik. Yeyəndən sonra da hələ
arsız-arsız etdiyimizin adını “çox istədiyimdən yedim” qoymuruq. Ehh...qədrimizi
kim bilir ki?
Hekayənin
ardı
Oğlan kəndin sonuncu
evindən də aralanıb, əkin sahəsinin kənarındakı yolla, qorxu içində yol gedir.
Telefonla danışır.
-
Yaxşıdı zəng
elədin. Telefon əlimdən düşmüşdü. Amma daha yığma. Telefon sönəcək, qalacam
qaranlıqda...yox e dəlisən, nədən qorxacam? Cin vurar? – gülür, - cin qorxsun
ki mən onu vuraram birdən.
Qəfil şimşək çaxır və
ardınca göy guruldayır.
Oğlan telefonu cibinə
basıb çiyinlərini qısaraq addımlarını sürətləndirir.
Bu vaxt hardansa
yaxınlıqdan qulağına körpə ağlaması gəlir.
Oğlan ayaq saxlayıb
telefonu çıxarır, ətrafına işıq salıb qorxa-qorxa yenə nəsə pıçıldamağa
başlayır.
Körpə səsi daha ucadan gəlməyə
başlayır və oğlan yerində donmuş halda dinləyir.
-
Bismillah, bu
nədi belə...uşaq səsidi bu?
Yenə şimşək çaxır və ətraf
daha çox işıqlanır, ardınca daha güclü göy gurultusu gəlir.
Oğlan telefonu cibinə
basıb cəld əlini köynəyinin döş cibinə aparır, anasının taxdığı yekə sancağı
açıb əlində tutur və ətrafa baxa-baxa yerində fırlanmağa başlayır, sanki indicə
gözəgörünməz bir orduya qılınc çəkərmiş kimi bir vəziyyət alır.
-
Yaxın gəlmə!
Gəlmə, sancacam sənə bunu! Bismillah! Sancacam, baxarsan!
Yenə şimşək çaxır, hər
yan işıqlanır və göy guruldayır.
Oğlan qorxudan içini çəkir
və bir az aralıdan ona sarı gələn yaşlı kişini görüb ürəklənir.
Yaşlı kişi yaxınlaşıb
oğlana yazıq-yazıq baxır.
-
Kimsən, ay əmi?
Bizim kənddən deyilsən. Nə işin var burda?
-
Nə desəm
tanımazsan, yaxşısı budur soruşma. Gəl gedək görək o uşaq səsi nədi elə?
-
Nə uşaq? Bu
vaxt uşaq olar? Uşaq səsi deyil o, - oğlan təngnəfəs deyir, - cindi, uşaq səsi
çıxardır. Adam aparmağa gəlib. Görmürsən, ay da tutulmuşdu, indi də bu
leysan...
-
Ay bala, mən
qərib adamam, yolu-izi tanımıram, sən buralısan axı, gəl deyirəm baxaq səs gələn
tərəfdə nə var, nə məsələdi.
Kişi oğlanın yanından səs
gələn tərəfə sarı addımlayır.
Oğlan onun dalınca
bir-iki addım atıb dayanır, bağırır:
-
Sənə deyirəm
ki cindi. Getmə ora, vurar səni, qalarsan kəndimizin ayağında.
-
Gəl kömək elə!
– yaşlı kişi bir də son ümidlə çönüb oğlana baxır.
Bu vaxt şimşəklə göy gurultusu
eyni anda olur və oğlan bir də “bismillah” deyib ildırım sürətiylə ordan qaçır.
Yaşlı kişi çarəsiz halda
oğlanın ardınca baxır.
Cin
Qəribə məxluqlardı bu
insanlar.
Bütün axmaqlıqlarını
bizim boynumuza yükləyirlər.
Kim harda vurulsa, kim
harda qorxsa, kim dəli olsa, biz günahkar sayılırıq. Üstümüzə bıçaqla, şişlə,
iynəylə, sancaqla gəlirlər.
Daha demirlər ki, heç də
heç nə onların bildiyi kimi deyil.
Bax mən iki saatdır ki,
bu yaşlı kişi cildinə girmişəm, kəndin bu yolundan keçən bütün adamlarının
qabağını kəsirəm, kömək istəyirəm, “ordan uşaq səsi gəlir, gedək baxaq” deyirəm.
Amma...kimə deyirsən?
Hamısı bir nəfər kimi
“cindir, adam aldadır” deyib qaçır.
Halbuki orda doğrudan da
körpə uşaq var.
Anası axşam düşər-düşməz
onu bir zənbilin içinə qoyub, gətirib bu yolun kənarında atıb, gəldiyi maşınla
da çıxıb gedib.
Zənbildə bir şüşədə süd, əmzik,
təmiz dəyişək, xeyli də pul var. Yəqin uşağın anası ümid eləyib ki, bu
adamlardan kimsə bu körpəni tapıb evinə aparacaq.
Eh...kül mənim cin
başıma. Kül başıma ki, mən insan deyiləm, adi bir cinəm və mənim əllərim insan
balasını qucağına alıb qaldırmaq gücündə deyil...başqa cürəm mən, başqa cür,
başa düşürsüz?
Hekayənin
sonu
Yaşlı kişi zənbilin
qarşısında diz üstə çöküb başını tutaraq hönkür-hönkür ağlayır.
Zənbilin içi leysan
yağışla dolub.
Suyun üstündə uşaq əmziyi
və yüzlüklər üzür.
Şimşək çaxır, göy
guruldayır, leysan yağır...
Həqiqət
Boğuluram...
Hiç yorum yok:
Yorum Gönder