***
Gəl biz öncə sənin mənim
xəyalımdakı obrazına baxaq.
Mənim xəyalımdakı sən
orta statistik bir azərbaycanlı ailəsində doğulmusan. Valideynlərinin ya biri,
ya da hər ikisi ali təhsillidir. İlk addımlarını atdığın evdə mütləq hansısa bədii
və yaxud elmi ədəbiyyat nümunələri olub. Yəni sən kitaba yad biri deyilsən, əksinə,
evinizdəki kitablarla baş-başa verib boy atan insanlardansan.
( Haşiyə: Bu arada, şəxsi müşahidələrimə və gəldiyim
qənaətlərə görə, var-dövlət üçün, pul üçün deyilən “sonradangörmüş” ifadəsi elə
kitab üçün də uyğun gəlir. Kitabı ta əvvəldən tox gözlə görənlərlə kitabı
sonradan görənlərin iç dünyası heç də eyni deyil. Eynilə pul məsələsindəki
kimi, burada da sadəcə genetik faktorlara və fərdi xarakter mahiyyətlərinə görə
keyfiyyətli istisnalar ola bilir. Nə isə, haşiyəyə köklənib dayanmayaq. Söhbətə
davam.)
Məncə sənin valideynlərin
sən hələ məktəbə getməyə başlamamışdan səni hərflərlə tanış ediblər. Valideynin
“A” hərfini min dəfə gah özü, gah da sənin
əlinlə vərəqə cızıb, sən hətta təsadüfən və ya yorularaq, balaca ağzını açıb
“aaa” deyəndə belə sevinib ki, əlifbanın ilk hərfini öyrənmisən.
Sonra məktəb illəri, ədəbiyyat
dərsləri, məktəb tədbirlərində söyləmək üçün əzbərlədiyin şeirlər, yazdığın
inşalar, müəlliminin sənə sinifdənxaric oxu üçün məsləhət gördüyü kitablar olub
həyatında.
Demirəm sən də inşa
seçimləri öz öhdənə buraxılsa, mütləq və böyük həvəslə sərbəst mövzuları
seçirmişsən. Yox, bu cəhət əsasən gələcəkdə yazıçı ola biləcək insanlar üçün
xarakterikdir və bu barədə gələn yazılarda danışacağıq.
Mənim xəyalımdakı sən –
oxucusan. Heç vaxt yazıçı olmağı düşünməyən, heç vaxt oxuduğun əsərə baxıb
istehza ilə “mən bundan yaxşı yazaram” deyərək, qrafomanlıq azarına yoluxmayan,
ədəbiyyat aləmində gəzib-dolaşmağı hər axşam parkda gəzişib təmiz hava almaq
istəyindən ayırmayan, şəxsi keyfiyyətlərinə uyğun keyfiyyətdə əsərləri axtaran,
oxuyan, alıb dostlarına hədiyyə edən, evində toplayıb kitabxana yaradan,
yazıçılarla ünsiyyətə can atan, sosial şəbəkələrdə onları axtarıb tapan, izləyən,
ailə üzvlərinə göstərib tanış olduğunuzu təbəssümlə söyləyən birisən.
Mənim xəyalımdakı sən – xəyalında
mənim yaratdığım və ya yaradacağım qəhrəmanlar olan adamsan.
Mənim xəyalımdakı sən
özün də qəhrəmansan. Elə özünü axtardığın üçün də mənimləsən.
Mən sadəcə böyük və sadə
bir aynayam.
Sən - bu aynada özünü görməkdən
doymayan və hər dəfə yeni obrazda görünməkdən yorulmayan “Nərgiz”sən.
( Haşiyə: Nərgiz Yunan mifologiyasında çox
yaraşıqlı və çox məğrur bir gəncdir, ona aşiq olanlara qarşı soyuqluğu və
sevgilərindən imtinaları ilə tanınan obrazdır. Nərgiz yalnız bir dəfə aşiq olur
– suda gördüyü əksinə. Gözlərini öz əksindən çəkməyərək, elə oradaca çiçəyə
çevrilib qalır)
Sən də ən müxtəlif
kitablarda, ən müxtəlif qəhrəmanların ruhunda özünü axtarırsan. Səni sənə göstərməyən
kitabları oxuya bilmirsən, sevməmək azdır, hətta ikrah hissi ilə onları tullaya
bilərsən, başqa adamlara da oxumamağı məsləhət görərsən. Eynən soyuq Nərgiz
obrazı kimi.
Hətta ağlına da gəlməyəcək
ki, imtina etdiyin kitabların müəlliflərinin nə qədər çox ehtiyacı vardı sənin
sevginə və diqqətinə.
Sən yalnız içində özünü
görə bildiyin kitablara aşiq olursan.
Çox sevirsən özünü və bu,
sənin xoşuna gəlir.
Özünü sevməyin mənim də
xoşuma gəlir.
Mən səni məhz buna görə
sevirəm.
Özümü sevməyi xoşladığım
üçün.
Dedim axı, biz eyni
dalğadayıq. Hətta bu dəqiqələrdə belə.
Hiç yorum yok:
Yorum Gönder