25 Temmuz 2017 Salı

Verlibr

-         Oyan!


Pəncərəm dənizə baxır,
Dənizdən Günəş qalxır,
Yatağımdan mən.
Gülümsəyirik bir-birimizə:
-          Salam!
-          Salam!

Sonra ...
Sonra hər günün eyni işləri başlayır
Hər saatın fərqli hallarıyla.
Məsələn,
Mən yatağımı toplayıram, yastıqları düzürəm...
Günəş dənizi yığır.

Sonra isə
Tavan ayırır bizi.
Mən
Sadəcə saçlarını görürəm hərdən –
Evin hər yanında uçuşan,
Çayıma, çörəyimə düşən,
Qara-qara saçlarıma qarışan.

Gülümsəyirəm.

Yan otaqda televizor açıqdır,
Aparıcı bombalardan danışır,
Qara-qara uçaqlardan tökülən,
Körpələr öldürən...

Qorxuram...

Saçlarım demişkən,
Qara-qara qaranquş qanadı kimidirlər,
Alnımın üstündən
Gözlərimi döyəcləyirlər hər an.
Hirslənirəm,
Sapsarı boyayıram onları,
Yox, bəlkə də qızılı.
Sonra aynaya baxıram sevinclə -
Dünyadan bir qaranı azaltdım deyə...
Elə sevinirəm ki,
Sanki...
Sanki bir də
Bombalar tökülməyəcək,
Körpələr ölməyəcək
Heç yerdə...

Sonra axşam düşür.

Darıxıram...

Pəncərəmi qırıb-qırıb dənizə sarı baxıram.
Bombozdur hər yan...
Bozluqda qaranquşlar uçuşur dəli kimi, o yana, bu yana,
Çırpınırlar,
Şüşələrə, divarlara çırpılırlar,
Küçədəki, evlərdəki adamları çarəsizcə çağırırlar:
-          Yandırın işıqları!
-          Yandırın işıqları!

Əllərimi kəsə-kəsə,
Qırıq şüşə tikəsiylə saçlarımı doğrayıram,
Qaranquşlara uzadıram ovuclarımın içində,
Dənləyib uçuşurlar bozluqda –
Günəş rəngli saç uclarımla.

Kimsə qonşu pəncərədə arvadına bağırır:
-           Göydən od yağır, tez ol, gizlət uşaqları!

Sonra bütün pəncərələr açılır,
Ardınca güllələr.
Qaranquşları vururlar adamlar,
Qara-qara uçaqlara bənzədərək...

Ağlayıram...




***   ***   ***



Bir gecə
Yağışın dəli vaxtında
Şimşəklərin işığına qapadım gözlərimi,
İldırımların səsindən
Uşaq kimi qorxdum,
Gizlənməyə yer axtardım,
Vurnuxub, bətnimə yığıldım.

Necə nəhəng idi dünya!
Necə kiçik idim mən...
Necə tək...

Birdən elə sıxıldım,
Birdən elə darıxdım ki
Gözlərimin dolacağı,
Ürəyimin boşalacağı,
Ruhumun havalarda uçacağı anlar üçün...

Və...
Sopsoyuq pəncərə şüşəsinə söykədim dodaqlarımı,
 Tanrının qulağına pıçıldadım:
-          Nolar, sevindir məni.
Bilsən, necə darıxmışam qəfil bir xoşbəxtlik üçün,
Bilsən necə təkəm, bilsən...


Və pıçıltım
Hayqırtıya çevrildi ildırımın səsində,
əks-səda verdi göylərin qaranlığında:
-          Nolar, sevindir məni.
Bilsən, necə darıxmışam qəfil bir xoşbəxtlik üçün,
Bilsən...





***   ***   ***



Sunamidən sonrakı
Sahil kimiydi hər yan,
Dağılmışdı hər şey –
İçində mən...

Divardakı saatda
Əqrəblər sürünürdü əksinə,
Sevgidən sonra idi zaman.

Dağılmışdı hər şey –
Köynəyin döşəməyə,
Gülüşlərim tavana,
Saçlarım köksünə.

Ucları fırçalar idi barmaqlarımın,
Sinəndə ürək şəkli çəkirdi –
İçində mən...



***   ***   ***


  
Nə olsun ki
Evindəki bütün saatlar tərsinə işləyirdi?
Evindən kənarda ki
Zaman axarındaydı özünün?!
Məsələn,
Hər dəfə kirayə pulu
Düz ayın beşində ödənirdi,
İşıq kartı, su kartı, qaz pulu bildirişi
Evindən kənardakı zamana köklənirdi,
Öz vaxtında bitirdi, öz vaxtında gəlirdi.
Hətta zibil pulu yığan kişi də
Üç aydan bir, düz vaxtında gəlirdi.

Yaxşı baxsa,
Görərdi ki,
Indi bayırda iyuldur,
Adamlar yüngül geyinirlər,
Istidən gileylənirlər.

Hardan tapmışdı bu evi?
Ya bəlkə də elə bu ev tapmışdı onu?!
Bir-birindən xəbərsiz
Bir-birini axtarmışdılar alqı-satqı ofisində.
Zamanın yolub tökdüyü makler də
Saata baxıb tələsmişdi:
-          Tez gedək, evi sizə göstərim, - demişdi, - vaxtım çox azdı, xanım!

Beləcə qovuşmuşdular zamandan qovulmuşlar -
Adamlarsız ev,
Evsiz adam.

Bomboş idi otaqlar,
Bomboz idi divarlar,
Bambaşqa idi zamansızlıq –
Sanki bir az ilk qar dadı verirdi,
Bir də...
Bir də gilas qoxuyurdu.

Hər səhər
Günəşin aynaya çevirdiyi pəncərə şüşəsindən
Hər gün bir başqa adam baxırdı.
Hər gün bir başqa yaşda...
Gödək saçlı dolu qadın,
Uzun saçlı zərif qız,
Məktəbli,
Uşaq,
Körpə...

Beləcə
Zamansızca keçirdi zaman.
Amansızca.

Saatlar tərsinə işləyirdi...





***   ***   ***




Şəkillərindən tanıyıram
Ölmüş adamları
Tənha qadınları.

Küləyin donub qaldığı bir an olur onlarda mütləq.
Ölmüş adamların baxışlarında,
Tənha qadınların saçlarında.

Havada donmuş baxışların
Havada donmuş saçların
Soyuğu üşüdür adamı.

Hər ikisi
Bir cüt ələ möhtac kimi yalvarır kirimişcə -
Qapayın bizi...

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...