Bəzən
tapmırıq. Tapmadığımız üçün də darıxırıq, ruhumuz sıxılıb təkliyinə qapanır,
biz də adını depressiya qoyuruq, mahnılarla, təbiətlə, mahiyyətimizə tam əks
olan enerji daşıyıcıları olan adamlarla ünsiyyətlərlə ovunmağa, təkliyimizi,
özümüz kimilərsiz qalmağımızı unutmağa çalışırıq. Və Ədəbiyyatdan qaçırıq,
yazmırıq, oxumuruq, yazmadan, oxumadan rahat olan bütün başqa insanlar kimi
rahat olmağa can atırıq. Hamıya bənzəmək istəyirik, hamıya. Özümüzdən və özümüz
kimi olanlardan başqa. Amma...
Olmur.
Hər
bizə bənzəyən insan – bizim bir başqa versiyada olan özümüzdür, anlayırıq axı.
Hər
bizə bənzəyən insanı itirdiyimiz zaman özümüzü itirdiyimizi anladığımız azmı
olub?
Getdiyimiz
evlərdəki divarboyu mebellərin heç olmasa birinin rəfində kitab görsək, cənnət
müjdəsi verilmiş qədər xoşbəxt hiss etmirikmi özümüzü?
Kitab
mağazalarının sosial şəbəkələrdəki səhifələrində rast gəldiyimiz rəylər, bəyənmə
sayları, sifarişlər sevindirmimi bizi? Sizi bilmirəm, mən uşaq kimi sevinirəm.
Hələ
sifariş verdiyim və yaxud mağazaya gətirildiyini gördüyüm kitabı almaq üçün
getdiyim zaman oradakı gəncləri, xanımları görəndə məni görəsiz. Hətta istədiyim
kitabların mənə qədər artıq satıldığını azacıq pərt təbəssümlə mənə deyən
satıcıların əllərini sıxıb “Siz nə danışırsız? Nə yaxşı! Bu ki əladır!” deməkdən
özümü zorla saxlayıram.
Və bəzən
sosial şəbəkələrdən tanıdığım, mənə məktub yazıb görüşmək istəyən gənclərlə
qarşılaşanda xəfif təbəssümlə kənara çəkilib onların kitabları seçib bir-birləri
ilə söhbət etmələrinə baxıram. Heç biri məni realda tanımır. Mən də heç birinə
demirəm ki, görüşməyi, söhbət etməyi israrla istədiyiniz yazaram, baxın,
qarşınızdayam. Bilirəm ki, sevinəcəklər, xoş bir ani şokun ardından toplaşıb,
oturub, bəlkə də uzun-uzun saatlar çəkəcək görüş üçün tələsəcəklər. Lənkəranın
mərkəzindəki ən gözəl istirahət məkanlarının, çay və şirniyyat evlərinin adları
sadalanacaq bir-bir.
Ədəbiyyat
havasıdır bu.
Ədəbiyyatla
görüşmək istəyidir.
Ədəbiyyatda
görüşmək.
Və
bunu mən də istəyirəm. Bu gənclərlə, bu xanımlarla, bu tələbə və məktəblilərlə istər
ayrı-ayrılıqda, istər hamılıqla söhbətlər etmək, hər birisinin dünyasını görmək,
hər birisinin təbəssümünü qəbul etmək, hər birisinin Ədəbiyyat və Kitab sevgisinə
qarşılıq vermək, “Mən sizi sevirəm, əziz və doğma insanlar...” demək... Onlar
üçün yazmaq, onlar üçün çalışmaq, onların bir-birlərini tapması, tanıması, görməsi
üçün Ədəbiyyat ocağı, Yazı evi qurmaq, öz əllərimlə pərdələrini tikib asmaq,
çiçəklərlə bəzəmək, divarlarında rəsmləri, şkaflarında dünyanın ən dəyərli
kitabları, içində hər zaman xəfif musiqi fonu olacaq əsl yaradıcı yuvanı
yaratmaq istəyirəm.
Çoxmu
böyükdür bu istək?
Ədəbiyyat
boydadır sadəcə, fərqindəyəm.
Hiç yorum yok:
Yorum Gönder