17 Şubat 2016 Çarşamba

Böyüklər üçün ədəbiyyat dərsi



Ədəbiyyat gözəldir. Ədəbiyyat barəsində bütün söhbətlər də dəyərlidir. Amma bu gün bütün digər mövzuları unudub, uşaq ədəbiyyatından, daha doğrusu, uşaqların yaratmaq istədikləri ədəbiyyatdan danışmağı təklif edirəm. Ölkədə məktəb yaşlı uşaqların bədii yaradıcılığını çap edib yayımlayan mətbuat orqanları çox azdır, onlara nəzər yetirdikdə isə, həm valideynlərə, həm də müəllimlərə demək istəyirsən ki...

Əziz vazlideynlər, övladınızın məktəb həyatının ilk illərindən şeirə, bədii mətnlərə xüsusi marağını, hətta sevgisini hiss edirsizsə, o zaman onu şeir yazmağa tələsdirməkdən və o şeir adına yazılacaq mətnləri qəzet səhifələrində görməyə özünüz də tələsməkdən öncə, ona şeir oxumağı öyrədin.

Folklorumuzdan başlayın.
Axı siz hətta tamamilə təhsilsiz biri olsanız belə, ananızdan, nənənizdən, televiziyadan, radiodan, digər hər hansı bir mənbədən mütləq yaddaşınızda qalmış hansısa bayatılar, sanamalar var?! Bu saf, xalqımızın milli-mental təfəkkür yaddaşından süzülüb keçməyi bacarmış gözəl nümunələrdən öz övladlarınızı məhrum etməyin. Yadınızda deyilsə, mütləq kitabxanadanmı, kitab mağazasındanmı, evində şəxsi kitabxanası olan yaxınlarınızdanmı bu folklor nümunələrini əldə etməyə, özünüz oxuyub, uşağınıza da oxutmağa çalışın.
İnanın ki, valideyn ilə övladın birgə mütaliəsinin dadı heç bir başqa hisslə müqayisə edilməyəcək qədər misilsizdir...
Axı biz də nənələrimizin bizə danışdığı nağılların, söylədiyi bayatıların, oxuduğu el nəğmələrinin hesabına ədəbiyyatı sevmişik, bizim də bədii mətnə sevgimizin özülü folklor nümunələrimizlə başlayıb?!

Daha sonra milli və dünya uşaq ədəbiyyatı nümunələrini arayın.
Klassikadan başlayın.
Folklor özüldürsə, klassik ədəbiyyat bu özülün üzərində qaldırılan divarlardır.
Mütləq təcrübəli kitabxana işçiləri ilə, məktəb ədəbiyyat müəllimləri ilə məsləhətləşin, uşaqlar üçün bədii ədəbiyyat seçimində sizlərə yardımlarını əsirgəməyəcəklər, bundan əmin olun.
Və mütləq övladlarınızın təhsil aldıqları məktəblərin kitabxanası ilə maraqlanın, övladlarınızı həmin məktəb kitabxanalarına üzv edin, inanın, onlar üçün bundan daha səmərəli nəsə edə bilməzsiz.
Dərslərini öyrəndikdən sonra, desert kimi, bədii mətn oxumağı, hər axşam heç olmasa bircə səhifə də olsa mütaliə etməyi aşılayın, oxu vərdişi yaradın onlarda, elə özünüzdə də.

Uşaqlarınız üçün müasir milli və dünya uşaq ədəbiyyatı nümunələri əldə etməyə çalışın.
Bu, folklor və klassikadan sonra dam örtüyü kimi gərəklidir mütaliədə, unutmayın.
İnternet resurslarında müxtəlif uşaq ədəbiyyatı nümunələri yığılan saytlar var, onları tapın və övladlarınıza da izlədin.

Və son mərhələ!
Övladınızın ədəbiyyat müəllimi ilə danışın, onun istedadı barəsində söhbət edin, tövsiyyələrini dinləyin, fikirlərinizi onunla bölüşməkdən çəkinməyin.

Əziz müəllimlər, ədəbiyyat dərslərini tədris etdiyiniz siniflərdə şagirdlərinizi sizdən daha yaxşı tanıyan ikinci bir şəxs çətin tapıla.
Məhz ədəbiyyat müəllimləri kəşf edə bilir əsl istedadı olan uşağı, məhz ədəbiyyat müəllimləri çox vaxt ilk oxucusu ola bilir həmin uşaqların.
Buna görə də, tədris otaqlarınızda bədii ədəbiyyat nümunələri ilə dolu kitab şkafları görmək adi hala çevrilməli, məktəb kitabxanası ilə sıx əməkdaşlığınız olmalı, məktəblərdə istedadlı şagirdlər üçün ədəbiyyat dərnəkləri qurulmalı, sizlərin nəzarəti və diqqəti ilə fəaliyyət göstərməlidir.
Gələcək nəslin ədəbiyyat zövqünün formalaşmasının birbaşa məsuliyyətini sizlər daşıyırsınız çünki.

Mən utopiya sevdalısı deyiləm, günümüzün reallıqlarını, məişət və digər problemlərinin müasir insanın həyatını necə bir xaosa çevirdiyini çox gözəl görürəm və anlayıram. Başa düşürəm ki, həm valideynlər üçün, həm müəllmlər üçün indiki dövrdə praktik olmaq, vaxtı və enerjini günün qarışıqlıqlarına çatdıra bilmək olduqca çətindir.
Amma hələ də bu dünyaya içində ədəbiyyat sevgisi olan uşaqlar doğulursa, hələ də şeir, hekayə yazmaq istəyən şagirdlərimiz varsa, hələ də Azərbaycanda ümumiyyətlə Ədəbiyyat mövcuddursa, siz övladlarınızın və şagirdlərinizin bu istiqamətdəki addımlarını doğru və faydalı tənzimləmək məsuliyyətini mütləq və mütləq daşımağa borclusuz.

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...