14 Şubat 2016 Pazar

Məhsəti ( romandan parça )



Həyat böyük bir şətrənc lövhəsidir mənim üçün.
Qarşımdakı ağ bir damadan başlayır - şeir kimi.
Sonra qaranı görürəm.
Bax bu, dünya ömrüdür.
Mən çox az qisim insanlardanam ki, həyatımın ağından-qarasına, qarasından-ağına səmavi bir ahənglə adlamağı bacarıram.
Qaralarda yaşayıram.
Ağlarda şeir yazıram.
İkilik, dördlük, səkkizlik, otuz ikilik, altmış dördlük...
Bütün bunlar mənim həyatımdır.
Alın yazım bircə bəndlik şeirdi mənim.
Bircə rübai...
 

Məni kam almağa qoymadı zaman,
Gücü çatan qədər elədi divan.
Deyəsən əhd etmiş, dolandıqca hey
Məni də özüylə hərlətsin dövran.

Həzin, ağrı dolu qadın səsi gecənin qaranlığına qarışa-qarışa çölün düzünə yayılırdı.
Dəvələr uzun yolçuluqdan sonra dincini alır, adamlar yatmağa hazırlaşırdılar.
Uşaqlar yeddinci yuxularını görürdülər, yeddi çöllü-biyaban o tərəfdə, yeddi dağdan axıb gedən yeddi çayın sahilində güldən-gülə, çiçəkdən-çiçəyə qonurdular.
Uşaqlar bir dəstə kəpənəyə dönmüşdülər.
Kəpənəklər gülüşürdü, qəhqəhələri pozurdu gecənin səfini, yatmağa hazırlaşan adamların yuxusu diksinirdi qəhqəhələrdən, qaçırdı daşlı-çınqıllı təpələrin arxasına, gizlənirdi.
Adamlar bir dəstə qaçqın idilər sadəcə.
Qaçqınlar görmədikləri torpaqlara pənah aparır, tanımadıqları insanlarla yaşamağa hazırlaşırdılar.
Ah çəkirdilər ara-sıra, qarılar ağlaşırdı, qocalar dizlərinə çırpıb ufuldayırdılar.
Ay, ulduzlar yerə o qədər yaxın görünürdü ki, əl uzadıb toxunmaq olardı onlara.
Həzin, ağrı dolu qadın səsi kəpənəklərin qanadı kimi zərif idi, adamların dərdi kimi ağır idi, çölün düzündə bir içim suyu xatırladırdı.
Dəvələr su istəyirdilər...

***

-          Belə oxuma, Mənicə, belə oxumaq olmaz, - başqa bir qadının pıçıltısı kəsdi çölə yayılan səsi, - gecə yoludur, qaçaq-quldur ola bilər ətrafda, karvana hücum edərlər.
-          Qorxursan? – xəfif bir istehzayla gülümsədi Mənicə, - baxışları qeyri-ixtiyari olaraq, bayaqdan bəri ətrafa yayılan səsini axtardı, gecənin qaranlığı doldu gözlərinə. Gözləri yaşardı.
-          Mən yox, amma anamız qorxur, gəcavədə ağlayırdı, sakitləşdirib inandırdım ki, sən oxumayacaqsan daha.
-          Anamız...- azca susub yenə ətrafa baxdı, - anamız çox kədərli bir tale yaşayıb, Əsrar, həm də elə bir yaş dövrünə gəlib çatıb ki, indi öz canında itirməyə heç nəyi qalmayıb, gəncliyi, sağlamlığı, evi, vətəni, əri, var-dövləti, xidmətçiləri, hörməti... bir sözlə, bunların heç biri daha olmayacaq.
-          Bəs biz, Mənicə?! – Əsrar çox gərgin idi, - bizim üçün qorxduğunu heçmi düşünmürsən? Başımıza nəsə gələrsə, onun ürəyi tab gətirməyəcək.
-          Başımıza gələcəklər artıq bizim taleyimizdir, bacıcan, həm də, bax, bizim də özümüzə görə itkilərimiz az deyil.
-          Yəni məni başa düşmürsən?
-          Sən hörmətli bir adamın arvadı idin, indisə yurdu talanmış halda, doğulub yaşadığın yeri tərk eləyirsən, ərin rəzil, xəyanətkar birisi çıxdı, özün yerini-kimliyini bilmədiyin bir dərvişə aşiqsən hələ də, gedib yurd salacağımız yerdə başın nələr çəkəcək, bilmirik, hələ otuz üçünü haqladığın illərdi, mənsə, səndən on üç ya on dörd il kiçiyəm, Əsrar, sənin indiki yaşına gəlib çatacağım zamana qədər nələr yaşamalı olacağam, bunu da bilmirik. Bildiyimiz tək odu ki, atamın dostlarına, o dostların əlaqələrinə etibar eləyib bu yola düşmüşük, əslində isə, heç bir etibar da yoxdu, biz elə gözübağlı halda gedirik bu yolu, hara, nə üçün, kimin yanına gedəcəyimizi də bilmirik.
-          Belə ümidsiz danışma, sənə yaraşmır bu hal, bayaqdan mat-məəttəl qulaq asıram, elə bil dünyaya gəldiyi andan bu yana tanıdığım Mənicə deyilsən, Zeyd Atanın Səmum dediyi dəli qız, hər şey yaxşı olacaq, inşallah! Bax, Sürəyyagilin Gəncədəki qohumları oranın alimənsəblərindən biri ilə yaxın nəsildəndirlər, deyirlər, onlar yerləşincə, bizə də yardım eləyəcəklər, Zeyd Atanın Bəlxdəki yaxşılıqlarını unutmazlar, hər halda, - Əsrar özünün də tamamilə inanmadığı bir nağılı danışdığının fərqindəydi və ürəyi parça-parça olurdu, ayaqlarının altına tökülürdü bu parçalar, od kimi yandırırdı varlığını, getdiyi yolun ağırlığını hər addımında xatırladırdı, - bax, mən anamıza həsr edəcəyəm özümü, ərə də getməyəcəyəm, evdə qalıb ibadətlə və anamızla keçirəcəyəm ömrümü.
-          Mənsə Gəncənin ən gözəl şairi olacağam, - Mənicə qaranlıqda aradığı səsini öz içindən eşitdi, - mənim şeirlərim dillər əzbəri olacaq, sarayların bəzəyinə çevriləcək, kəndlilərin mahnılarına dönəcək, analar körpələrinə oxuyacaqlar onları - yuxuları gəlsin deyə, şairlər heyran qalacaqlar, məndən sonra yazanlara məktəb olacağam, Mənicə Dəbir adlı rübai məktəbi!
-          Ay qız! – Əsrar özünü saxlaya bilməyib ucadan gülməyə başladı, - nə böyükmüş sənin iddiaların?! Mən də bayaqdan deyirəm, bu qızın ümidləri ölüb.
-          Suuussss, - Mənicə onun ağzını qapamağa məcbur oldu, - belə gülmək olmaaaz, gecə yoludur, qaçaq-quldur ola bilər ətrafda, karvana hücum edərlər.
-          Yaxşı, yaxşı, öz sözlərimi özümə qaytarma, - Əsrar Mənicənin əlini kənara çəkdi, - gedim anamızın yanına, gülməyimizi eşitsə, lap pis olar halı, amma sən də gülmə, mahnı da oxuma, bax, and iç ki, inanım!
-          And içirəm! – Mənicə ondan qopub karvanın kəcavələr olan tərəfinə tələsən və arada bir-iki dəfə nigaran halda dönüb arxaya boylanan Əsrarın ardınca səsləndi, sonra örpəyinin uclarını sinəsində çarpazladığı qolları arasında sıxıb, ətəkləri ilə çölün qumunu-çınqılını ardınca sürüyə-sürüyə karvandan uzaqlaşmağa, Aya toxunacağı, ulduzları yığa biləcəyi yerlərə tərəf addımlamağa başladı.

***

Həmin gecə o karvandan uzaqlaşdıqca, Aya toxunacağım, ulduzları yığa biləcəyim yerlərə tərəf addımladıqca həyatımda ilk dəfə olaraq, özüm barədə, gələcəkdə yaşamaq istədiklərim və yaşamaq istəmədiklərim barədə düşünməyə başlamışdım.
Buna qədər mən atasının sevimli dəli qızı, anasının ərköyün balası, bacısının ciyərparası idim.
Xidmətçilərim vardı.
Müəllimlərim vardı.
Evim, otağım, şeir dəftərlərim, şətrənc masam, udum, çəngim, qanunum, rəqs geyimlərim, qavalım, zinət əşyalarım vardı.
Buna qədər mənim ümidlərim vardı.
İndi isə sonuna nə zaman və harada çatacağımı bilmədyim bir yolu getməyə məcbur idim və bu yol boyunca yanımda, ətrafımda olan adamlardan asılıydı taleyim.
Əgər karvana doğrudan da qaçaq-quldur hücum eləsə, kişilərimizi qıracaq, uşaqlarımızı, qoca-qarılarımızı qılıncdan keçirəcək, olan-qalan varımızı talayacaqdılar.
Ən dəhşətli aqibət isə gənc qızları, cavan qadınları gözləyəcəkdi.
Məni də...
Yalan ola bilərdi bayaq Əsrarın mənə dedikləri.
Biz Gəncədə ev tapmaya da bilərdik, o, özünü anamıza və ibadətə həsr etməyə də bilərdi, mən o şəhərin ən gözəl şairi olmaya da bilərdim.
Ümumiyyətlə, biz Gəncəyə sağ-salamat çatmaya da bilərdik.
Amma mən yalan ola biləcək, gerçəyə çevrilə bilməyəcək bütün istəklərin, arzu və xəyalların üzünə dəli bir qəhqəhəylə güləcək, sonra da çöllükdə-biyabanda suyu xatırladacaq mahnıları oxuyacaq qədər gənc idim.
Və mən dünyaya lazım olmaq istəyirdim.
Bütün dünya yalanla nəfəs alıb-versə belə, varlığımın tam qüvvəsi ilə yola çıxıb həqiqət aramaq istəyirdim.

***

-          Mən qızlara görə çox qorxuram, Süleyman Ağa, - Zərrin Xatun gecənin qaranlığına dikilən gözlərinin yaşını örpəyinin ucu ilə sildi, - bilmirəm Allah daha nələr yazıb mənim taleyimə, elə nigaranam ki!
-          Allah böyükdür! – Süleyman Ağa köksünü ötürüb, yanındakı yerə sərili köhnə keçənin üstündə uyuyan arvadına sarı baxdı, - Munisə Can da yol boyu ağlayıb, ona elə gəlir ki, Sürəyyanın taleyi qara gətirəcək Gəncədə, mənsə onu inandırmağa çalışıram ki, oralar soyumuz-kökümüz olan yerlərdir, Allahın mərhəməti ilə, hər bir işimiz qaydasına düşəcəkdir, Sürəyya da, Mənicə də, Əsrar da xoşbəxt olacaqlar.
-          Əsrar and içib ki, bir daha ərə getməyəcək, həyatını mənə və bacısına hərs edəcək, ibadətdən və bizə qulluqdan başqa bir işi olmayacaq, amma Mənicə...
-          Mənicə ağıllı qızdır, inşallah, bir qisməti çıxar, ərə verərik, heç ürəyini sıxma, hərçənd, o qız doğrudan da dəli külək kimidir, kim deyə bilər taleyini neçə tərəfə qovacaq, amma Zeyd Ağa ondan çox arxayın idi, hətta “Mənicə qız yox, oğlan doğulsaydı, mənim qılıncımın dalı da kəsərdi, qabağı da” deyərdi.
-          Başı havalıdır Mənicənin! – Zərrin Xatun karvanın gənc qızlar-qadınlar olan hissəsinə boylandı, - bayaq da mahnı oxuyurdu, xəcalətdən bilmədim nə edim, Əsrarı yolladım ki, onu çağırsın, yatsınlar, səsi çölə yayılmasın...

Zərrin Xatun qaçaqlardan – quldurlardan qorxduğunu açıqca dilinə gətirməyə belə qorxurdu, amma bir anlıq ona elə gəldi ki, indicə Süleyman Ağa onun ürəyinin ən dərin yerində gizlənib qalan dəhşətli vahiməni duydu, o vahimənin içində bağıran qadın səsini eşitdi, o yalvarışları, lənətləri, Allahın dərgahına qədər çatan fəryadı...

-          Sən də dincəl, Zərrin Xatun, bizim səkkiz günlük yolumuz qalıb, inşallah, Ramazana qədər Gəncəyə çatıb bir yerdə qərarlaşa biləcəyik, ürəyini Allahdan üzmə, Allah hər şeyi biləndir, böyükdür!
-          Allah böyükdür! – Zərrin Xatun örpəyinə bürünüb ayağa qalxdı və gəcavəsinə sarı getdi.
Qızlar üçün olan gəcavələrdən səs-səmir gəlmirdi, hamı çoxdan yuxuya getmişdi, arada dolaşan əli xəncərli gözətçilərdən başqa oyaq kimsə gözə dəymirdi.
Çölün gecə vaxtı idi...

***

Aya toxunmaq, ulduzları yığmaq olan bir yerdəydi Mənicə.
Gecənin təkliyinə qısılıb qollarını iki yanına açaraq qumun-çınqılın üstünə uzanmışdı.
Gözləri ilə yığırdı ulduzları bircə-bircə.
Baxışlarının ucu ilə toxunurdu Aya.
Həzin meh örpəyini alnından sürüşdürmüşdü, saçlarını, üzünü, boynunu oxşayırdı, hardansa çox-çox uzaqlardan kaman səsi gəlirdi, sonra şirin, doğma bir səs qarışdı ona, sonra hardasa at kişnədi, sonra külək bütün ulduzları çölün qumuna çevirdi, çöl qumlarını səmaya sovurdu, Ay bəmbəyaz bir eşq parçasına döndü, Mənicənin ürəyinə saplandı, sağ əlini qəfil ağrıyan köksünə sıxdı, ovcunda Ay soyuğu duydu, sol əlini də üstünə sıxdı Ayın, isitməyə çalışdı...

***

-          Mənicə yoxdur! – Əsrarın fəryadı səhərə yaxın qasırğaya məruz qalıb dağılmış, pərən-pərən düşüb indi yenidən bir yerə cəm olmağa çalışan karvan əhlinin nəfəsini dondurdu.
-          Necə yəni yoxdur? – Süleyman Ağa təşvişlə soruşdu və boş gəcavədən gözlərini çəkib qeyri-ixtiyari çölün ta səma ilə birləşdiyi üfüq xəttinə qədər baxdı, - Mənicəəəə!!!
-          Məniiiicə! – Əsrar anasının onun dizləri üstünə hərəkətsiz düşən başını qucaqlayıb çağırdı.
-          Mənicəəə! – bağırdı karvan.



***

Nə baş verdiyini anlamırdım, amma toz dolmuşdu boğazıma, gözlərimə, örpəyim yox idi, saçlarımı üzümdən yığa bilmirdim, əllərimi, ayaqlarımı sıxmışdı kimsə, üzərimdəki ağırlıqdan qurtulmaq üçün çabalarıma məhəl qoymadan mırıldanırdı qulağıma, isti, üfunət qoxulu nəfəsdən, üzümə, dodaqlarıma sıxılıb sürtülən saqqallı sifətdən bircə kəlmə deyə biləcək qədər uzaqlaşa bilsəydim!
Paltarlarımı çəngələyən əllərdən canımı geri çəkmək istədiyim zaman başa düşdüm ki, bir dəstə adamın arasındayam və taleyimin ən amansız məqamlarından birini, bəlkə də sonuncusunu yaşamaqdayam, çünki bu qədər quldurun əlindən sağ çıxmaq ehtimalım gecənin bu məqamında səmada birdən-birə Günəşin doğması kimi bir möcüzə ola bilərdi ancaq.
-          Mənə toxunmayın, mənə toxunmaq olmaz, olmaz mənə toxunmaq! – deyə quldurun iyli çiyni üstündən bağırmağa başladım, - Sultan sizi öldürəcək, Allaha and olsun ki, sultan əmanətiyəm! Yalvarıram, yardım edin...
Tozlu-iyli nəhəng bir əl ağzımı həmən qapadı, nəfəsimin kəsilməyə başladı və bütün bədənimin yorulub artıq heç bir müqavimət göstərə bilmədiyini anlayıb səssizcə ağlamağa başladım, gözlərimi rüsvayçılığıma çarəsizcə qapayıb özümü bəxtimin ixtiyarına buraxdım.
Amma qulağımdakı mırıltının, dodaqlarıma sıxılmış əlin, ayaqlarıma pərçim olmuş gövdənin qəfil boşalıb yanıma düşməsini hiss etdim, rahat ala bildiyim nəfəs hələ həyatın davam etməsindən xəbər verdi və bir andaca ətrafımda yaranmış sakitlikdən diksinərək gözlərimi açdım, qeyri-ixtiyari ayaqlarımı ətəklərimin altına çəkdim, nə baş verdiyini anlamayaraq bir əlimlə saçlarımı sinəmə sıxıb o biri əlimlə örpəyimi axtarmağa başladım, qaranlıqda yerdə sürüşən barmaqlarım torpağa sancılmış qılıncın tiyəsinə toxununca başımı qaldırdım...
- Götürün! – qılıncın üzərindən gur kişi səsi eşitdim.
Həmən də belimdən, qollarımdan, ayaqlarımdan yapışan sayını bilmədiyim əllər yerdən qaldırdı məni, sonra qarnımla bir atın beli üzərinə çırpıldığımı hiss etdim, atın üzərindəki adamın qollarıyla dizləri arasında sıxılmışdım.
Hara və nə üçün aparıldığımı bilmədim.


***

-          Sən kimsən? – İbrahim ocağın közlərini qılıncının ucu ilə qarışdırıb amiranə səslə soruşdu.
-          Mənim adım Mənicədir. Mənicə Dəbir. Bəlx şahının Gəncə sultanına əmanətiyəm, - sözləri ard-arda elə tələsikliklə düzdü ki!
-          Yalan deyirsən! – İbrahim qılıncını ocaqdan çəkib onun çənəsinin altına tutdu, Mənicə bir anlıq nəfəsini içinə çəkib gözlərini yumdu, sonra İbrahimin xısın-xısın güldüyünü duyub maraqla ona baxmağa başladı.
-          Yalan demirəm, Bəlxdən Gəncəyə gedən karvandan azmışam, məni yuxu aparmışdı, bir də ayıldım ki...
-          Bir də ayıldın ki, karvan yoxdur, külək aparıb, sən də çöl quldurlarının əhatəsindəsən, bu dəqiqə başına min oyun açıb sonra doğrayacaqlar ki, köpəklərinə yedirtsinlər, hə?
-          Hə, - Mənicə canından keçən üşütmədən xoflandı.
-          Ona görə də sultan əmanəti olduğunu dedin, bağırdın ki, sənə toxunmasınlar?
-          Yoox!
-          Kəs səsini! – İbrahim qalın qaşlarının altından sərt baxışlarla onu süzdü, - burda mən danışıram!
-          Amma mən çarəsizdim...
-          Mən gördüm, - İbrahim yenə qılıncın ucunu ocağa sarı apardı, - elə bilmə sənin sultan-falan deməklərindən qorxdum, əksinə, o ki var güldüm sənə, amma həm də elə bil kimsə mənə qeybdən anlatdı ki, bu qızı bu dəqiqə xilas eləməyim lazımdır, çünki belə usta bir yalan uydurmaq hər zənənin ağlına gələ bilməz quldurların əlinə düşdüyü yerdə.
-          Mənə gülürsən, - Mənicə ağlamsındı, - amma sən özün də heç quldurbaşıya oxşamırsan, sənin içində mərhəmət hissi var, mən isə bunu gördüm.
-          Nə danışırsan?! – İbrahim ucadan güldü, - məndən mərhəmət gözləmək gecənin ortasında səmada Günəş doğmasını gözləmək deməkdir, başa düşürsənmi?
Mənicə bir az bundan əvvəl yaşadığı məşəqqətin içində ürəyindən keçirdiklərini indi bu tanımadığı xilaskar quldurun dilindən eşitdiyinə görə diksinsə də, məhz bu sözlərin onun ürəyinə çilədiyi işığı və bu işığın bir zərrəsinə qısılıb qalmış xəfif ümid işartısını görməyə bilmədi, baxşılarına sızdı ürəyindəki işıq, dodaqlarına qondu ümid işartısı, İbrahim də təəccübləndi:
-          Nə olub, nəyə gülümsəyirsən? Yoxsa inanırsan ki artıq xilas olunmusan və daha sənə zaval yoxdur?
-          Hə, inanıram! – Mənicə daha ürəklə gülümsədi.
-          Bax, məni xətaya salma, qız, indi özüm zorlayacam səni, sultan əmanəti!
-          Sən məni, sultan da sizin hamınızı! – Mənicə qəfil ağzından qaçırtdığı kəlmələrə görə bu dəqiqə boynunun vurulmasını gözünə alsa da, İbrahimin heyrətdən bir anlıq donmuş üzü açılınca, hər ikisi bir-birinə qoşulub ucadan gülməyə başladı.

***

O, mənim xilaskarım idi, bir quldur qalan on beş quldurdan məni xilas etmişdi və Gəncəyə gedən karvanı tapıb məni onlara təhvil verənə qədər onun atının tərkində getməli olacaqdım.
Mənə görə yaraladığı İmran adlı yoldaşı da, qalan on dörd nəfər də ona sonsuz hörmətlə yanaşırdılar, bir kəlməsini iki etmədən yanımızca gedirdilər.
Uca boylu idi, qara kömür kimi gözləri vardı, başındakı çalmasının altından qara qıvrım saçlarını meh titrətdikcə mənim ürəyimin içində də nəsə əsirdi, fərqindəydim, onun tərkində getmək xoşuma gəlirdi, daş kimi möhkəm bədənini qollarımın arasında sıxmaq, geniş, güclü kürəyinə qısılıb, özümü xilas edilmiş, qorunan, dəyərləndirilən biri kimi hiss etmək səmavi bir həzz ilə doldururdu köksümü.
Zatən, mənim kimi, ən güclü dayağı olan atasını, ən etibarlı sığınacağı olan evini itirmiş, iki-üç gün öncə də rüsvayçı və murdar bir ölümlə üz-üzə qalan, gələcək həyatı dumanlıqlar içərisində batmış gənc qız üçün İbrahim, Allahın göndərdiyi lütf, mərhəmət, ümid mücəssəməsi idi.
O, deyirdi ki, onlar əslində quldur dəstəsi yox, çöl didərginləridirlər, bizim karvanın üz tutduğu diyarıın dağlarından gəliblər buralara, evləri, yurdları yandırılıb-yağmalandığı üçün başlarını götürüb buralara çəkiliblər, bir gün vətənlərində yeni dövran yaranarsa, qayıdıb yeni yurdlar salacaqlarmış, yeni evlər quracaqlarmış.
- Od haqqı, Günəş haqqı, biz quldur deyilik, amma dolanmaq üçün bəzən karvanlardan ərzaq və qızıl tələb eləyirik, bir gün doğma yerlərə qayıtsaq, biz də hamı kimi yaşayarıq yəqin, mən atam kimi zərgər olacam, İmran qızılaxtaran, Rüstəm dərzi, Dəmir dulusçu...
- Axı niyə yandırdılar evlərinizi?
- Biz, kökümüzlə Oda, Atəşə bağlı tayfalarıq, düz-dünya başqa dinləri qəbul etsə belə, Günəş deyib durarıq, elə evlərimizi də Odumuzu söndürmək üçün çoxdan yandırıblar, bizdən əvvəl yaşayan atalarımızı, babalarımızı öldürdükləri zaman, amma qaçmışıq, yaşamağa məcburuq, çünki, Odumuzu yaşatmağın naminə!
- Məni güldürmə, İbrahim, - dedim, qadınlarınız, uşaqlarınız belə yox, cəmi on altıca kişi, çöllərə səpilmiş halınızla hansı Odu yaşatmaq xəyalındasınız axı, səhra ilğımı görməkdi bu, ya da sənin dediyin kimi, gecə ortasında Günəş doğması...
- Bu qədər deyilik, Mənicə, bu qədər görünməyə məcburuq, sən isə bu balaca gözəl dilini dincə qoysan yaxşı olar, necə olsa, sultan əmanətisən, - o, yenə də gülməy başladı.
- Mən səninlə qalmaq istəsəm, məni burada, çöldə saxlayarsanmı? – qəfil soruşdum.
-  Yox, Mənicə, olmaz! – o, dedi, - amma elə düşünmə ki, səni Gəncə sultanına təslim eləmək üçün qorumuşam, yox, sadəcə doğmalarının olduğu karvana təhvil verməkdir məqsədim, sultan əmanəti söhbətinin əfsanə olmasından əminəm, sən hələ də bizə əsl həqiqəti etiraf eləməsən belə.
- Elə bir sirrim yoxdur, biz Bəlxdən köçməyə məcbur qalmışıq, orada xalq qiyamı oldu, şah isə bunda mənim atamı və onun ən yaxın dostlarından olan insanları təqsirli bildi, doğma bacımın əri belə şah cəsusu çıxdı, ustadının yerini almaq üçün onu satdı, şah başa düşmədi ki, xalq sadəcə haqqı nahaqdan ayırdığı üçün sevirmiş atamı və dostlarını, onların hakimiyyətə gəlmək kimi fikirlərinin olmamasına inanmadı, şeyximizi də, atamı da gizlicə öldürdülər, nə qədər insanı açıqca edam etdilər, nə qədərimiz qaçmağa, köçkün düşməyə vadar oldu, biz də belə...
- Bəs sən niyə karvandan ayrılmışdın o gecə? Niyə tək-tənha dolaşmışdın mahnı oxuya-oxuya? Niyə yatmışdın qumluqda?
- Elə bilirdim yolda ancaq bizim karvanımızdır, həm də çox uzaq getdiyimi hiss eləmədim, mahnıları qoşa-qoşa, oxuya-oxuya özümə qapılmışam, sonra yadıma gəlir ki, Aya baxırdım, bir də ayıldım ki...
- İmran, hə? – onun baxışları sərtləşdi yenə, - mən həmişə demişəm ki, o cavanın özünü idarə edə bilməməsi məhv edəcək bizi, heç kim başa düşmür amma!
- Sən onu qılıncla vurdun?
- Təpiklə! – səsi gərginləşdi, - bizim bir-birimizə qılınc qaldırmağa ixtiyarımız yoxdur, qanımız Odumuza axar çünki, Odumuzu söndürər...
- Gəl sənə bir rübai oxuyum, istəyirsən?
- Rübai? – təəcüblə mənə baxdı, - oxu baxım?!
- Havada, səhrada olan toz, torpaq
Keyqubad, Firidun torpağıdır, bax!
Fələyin təknəsi deyil bu dünya,
O bir qan teştidir, qan tası ancaq.
-          Kimin rübaisidir? – o soruşdu, - Xəyyamın deyil, dəqiq!
-          Mənimdir...
-          Nə danışırsan?!– diqqətlə gözlərimin içinə baxdı, - yəni sən bu cürsən? Yəni beləsən sən?
-          Bilmirəm...- köksümü ötürdüm.
-          O zaman gəl mən də sənə Od qızının nağılını danışım, - dedi...

***

Qədim zamanlarda, lap ey çox-çox qərinələr bundan əvvəl bir dəfə bir dəstə müdrik, bəlkə də elə onlar da bizim kimi on altı nəfər imişlər, kim bilir, bir yerə yığışıb, müqəddəs Od yandırırlar, Odun ətrafında dualar oxuyur, Yaradandan mərhəmət istəyirlər dünyanı başına almış günahlardan və bu günahların nəticələrindən xilas ola bilmək üçün. Bu zaman Odun içindən kainatların gözəli olan bir gəncəcik qız çıxır, hamı ona valeh olur, o qızın özünün mərhəmət və xilas mücəssəməsi olduğuna inanırlar. Sonra dünyanın ən məşhur cəngavərləri onun əri olmaq üçün igidlik yarışlarına başlayır...

***

- Karvan! – qışqırdı kimsə.

***

Məni karvanın yanına İbrahim özü gətirdi.
Nəzarətçilər, əli qılınc tutan kişilərin hamısı üstümüzə gəldi, mən bağırdım ki, İbrahimə toxunmasınlar, çünki o, düşmən deyil, xilaskardır, amma onlar deyəsən ancaq İbrahimi deyil, mənim özümü də öldürməyə qərar vermişdilər, gözlərindən qəzəb yağan bir dəstə silahlı adamın əhatəsində qalmışdıq, at dəli kimi fınxırır, ayaqlarını çırpa-çırpa bir yerdə fırlanırdı.
-          Ona toxunmamışıq! – İbrahim ucadan dedi, - biz düşmən ya quldur deyilik, çöl süvariləriyik, belə olmasaydı, Mənicəni bura qaytarmaq üçün gətirməzdim də!
-          O, düz deyir, mənə toxunmayıblar! – mən də bağırdım, - onlar mənə görə öz yollarını dəyişdilər, mən azmışdım, yadınıza gəlir? Onlarsa məni karvana çatdırmaq üçün gəldilər bu tərəfə, Allaha and olsun ki, mənə toxunmayıblar!
-          Mənicə! – anamın səsini eşitdim, sonra Əsrar da məni çağırdı, - Mənicə, and iç ki, sən günahsızsan, burda deyirlər ki, sən bilərəkdən, könüllü olaraq getmisən kişilərlə, guya qabaqcadan bilirmişsən, sövdələşmən var imiş!
-          Yox, Allaha and olsun ki, mən sadəcə azmışdım, onlar mənə yardım etməsələr, kim bilir başıma nələr gələrdi...
-          İkisi də öldürülsün! – kimsə bağırdı, sonra anamın və başqa qadınların naləsini eşitdim, bir anlıq başım hərləndi, yıxılacaımı hiss etdim, amma İbrahim qollarında sıxdı məni, qulağıma pıçıldadı: “ möhkəm dur, sultan əmanəti!”, sonra gur səslə söylədi:
-          Mən ölümdən qorxmayan birisiyəm, biləsiz, hərçənd, başımdan bir tük belə əksik olarsa, bu karvandan bircə adam da sağ buraxılmayacaq, bundan da xəbəriniz olsun! Bura Mənicəni karvanı bir daha görməsi və anası, bacısı ilə birgə Gəncəyə girməsi üçün gətirdim, çünki o özü belə istədi, halbuki, mənə tapşırılan iş daha böyükdür,  bu qız burda olmamalıydı indi!
-          Nə demək istəyirsən?
-          Mən Gəncə sultanının şəxsi tələbi ilə götürülmüşəm karvandan! – İbrahimin fikrini tam anlamasam da, ağlıma gələn bu fikrin yenə də məni, indi artıq mənim xilaskarımı da xilas edə biləcəyi ümidi ilə deməyə başladım, - bəli, mən sultan əmanətiyəm, Gəncəyə salamat çatdırılmasam, sizlərin heç birinizə o şəhərdə rəhm etməyəcəklər! İbrahimi də rahat buraxın, mən günahkaram onun bura gəlməsində, mənim aciz hisslərimdir günahkar, anamı, bacımı, sizlərin hamınızı bir də görmək istəyimə ram oldum, Allaha and olsun ki, mənə kimsə toxunmayıb, çünki hamı bilirdi ki, mən sultanın əmanətiyəm!

***

İbrahim atının ayaqlarının qaldırdığı toz-dumanın arxasında çoxdan gözdən itmişdi.
Süleyman Ağa karvanın kişilərini başına yığıb Qurani- Kərim oxuyurdu.
Qadınlar Zərrin Xatuna şirin şərbət, xurma gətirmişdilər, Munisə Can alnını, başını tumarlayır, Əsrar ayaqlarını ovuşdurur, digər qadınlar səssizcə baxır, onu narahat eləməməkdən ötrü sadəcə baxışları və əl işarələri ilə bir-birləri ilə anlaşmağa çalışır, arada Mənicəyə sarı baxıb başlarını bulayırdılar.
Mənicə ocağın bir tərəfində oturub dizlərini qucaqlamış, gözlərini alovun havadakı rəqsinə dikmişdi, yanında oturub onun çiyinlərini qucaqlayan Sürəyya üçün Od qızının nağılını danışırdı:
- Demək, bir dəfə, qədim zamanlarda, lap ey çox-çox qərinələr bundan əvvəl...
"Ədəbiyyat" qəzeti
30 yanvar - 6 fevral, 2016-cı il nömrələrindən 

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...