26 Ağustos 2015 Çarşamba

Dünya başına dolana

Oturub süd yolunun üzərində,
ayaqlarını sallayasan qara-qura yarğana,
keçirəsən planetləri bir-bir
barmaqların arasından o yana, bu yana...
Dünya başına dolana...

25 Ağustos 2015 Salı

Burda hansı çiçək vardı?

Səhər oyanasan, qardı, görəsən,
Dünyanı ağ örtük sardı, görəsən,
Düşüb rəqs edəsən yorulanacan,
Başının üstünü Ay alanacan...
Külək öpüb keçə barmaqlarından,
Qəfil soruşasan ayaqlarından:
"Burda hansı çiçək vardı görəsən?
Burda niyə belə qardı görəsən?.."


Və xoşbəxt...

Yasaq siqaret sümürən uşaqlar kimiydik bir az,
Uşaq ciyəri kimi çaşıb qalmışdıq.
Qəfil göynərti öpüb yalamışdı köksümüzü,
Qalib ordu halı almışdıq birdən -
Yaralı və xoşbəxt olmuşduq...
Nə sanmışdıq özümüzü?!

17 Haziran 2015 Çarşamba

Hira kimi

Hira kimidi qəlb evim,
Sığın ki, gizlədim səni.
Bir az dəli kimi sevim,
Bir az ağıllı tək yəni.
Silib süpür, bəzə, rənglə,
Öz mənzilin, otağın tək,
Hərdən çay ya qəhvə dəmlə,
Gəlim əziz qonağın tək. 


10 Mayıs 2015 Pazar

Başqa bir şeir

Orda, üfüqlərin o tərəfində
Başqa bir Günəş var.
Başqa bir dənizin dalğalarında
Başqa bir səhər üçün oyanar.

Orda, üfüqlərin o tərəfində
Başqa adamlar
Başqa şəhərlərin səhərlərinə
Başqa yuxulardan boylanar.

2 Nisan 2015 Perşembe

Qadınlar şəhəri

Başını itirmiş
qadınlar şəhərində
küçələr boyunca
qadın kəllələri diyirlənər
bədənləri
daş evlərə gömülmüş,
divarlara hörülmüş...
Başını itirmiş
qadınlar şəhərində
divarlardan
iniltilər eşidilər,
pəncərələrdən
qan-yaş damar...

18 Şubat 2015 Çarşamba

Sən bilmədin ki...

Sən
mənim yurdumu
 heç görmədin ki,
sən heç gəlmədin ki,
heç bilmədin ki
burda zaman-zaman
 dəli küləklər
səndən çox,
səndən xoş əzizlər məni,
elə öz dilimdə nəğmə söyləyər:
- Tı çımı coniş...
( canımsan yəni...)

19 Ocak 2015 Pazartesi

Köhnə qəzet kimi qadın

Köhnə qəzetə bənzəyirdi qadın,
Oxunmuşdu başdan ayağadək,
Vərəq-vərəq didilmişdi ömrü,
Sözbəsöz əzbər tanınırdı buralarda,
Sözsüz, köhnə filmlər tək...
Söz bilirdi iki dənə:
- Allah yolunda..., - pıçıldayırdı hər gün
Allahın yaratdığı yolun kənarında.
Qəpik-qəpik cingildəyirdi qulaqlarında həyat,
Addım-addım keçirdi yanından,
Adam-adam keçirdi...

18 Ocak 2015 Pazar

Abrek üçün

Yağışın altında
Köhnə bir adam dayanıb,
Çətirini evində unutmuş,
Evini yuxusunda.
Dimdikli papaq var başında.
Adam
Hardasa 60, ya da 65 yaşında.
Paltosu haçansa sobaya yapışıb, yanıb.


İki fincan çay

İki yarımcan adam,
iki yarım ömrünü yaşamış şəxs yəni,
mən deyirəm, siz də görün:
oğlan Qarabağ savaşçısı olmuş,
qız Qarabağ qaçqınlarını qarşılamış ilk gəncliyində yəni.
İki fincan çay soyuyur qarşılarında,
İki kəlmə danışmayıblar hələ,
iki yarım saat keçib kafenin açılmasından.
iki adam donub baxırıq onlara-
mən və gənc ofisiant.


Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...