Azərbaycan
Yazıçılar Birliyinə sənədlərimi apardığım ilk gündə qarşılaşdığım ilk adamı təsvir
etmək istəyirəm. Zatən o adam obraz olaraq yaddaşıma elə həkk olundu ki, indi
fürsətkən, barəsində yazmasam, nə zamansa hansısa bədii mətnimin içərisində
mütləq qəfil qarşıma çıxacaq. Elə AYB-də üzbəüz gəlib az qala toqquşduğumuz
kimi.
Və mən
görəcəyəm ki...
Həmin
adam məndən bir boy hündürdür, əynində uzun plaş, başında panama, sağ əlində
qara və par-par parıldayan portfel, sol əlində mobil telefon var. Gözləri ilə Yazıçılar
Birliyinin az qala hər divarının hər molekulunu yeyib bitirmək istəyən o, qəfil
qarşılaşdığı, az qala toqquşduğu məni əlinin tərs bir zərbəsi ilə köksümdən
vurub uzaqlardan uzaqlara atacaq, yoxa çıxaracaq dərəcədə nifrət doludur.
Astaca
soruşacam:
- Siz
kimsiz?
Ucadan
cavab verəcək:
-
Şair!
Xəfifcə
gülümsəyəcəm:
-
Şeir varmı?
Qəzəblə
fısıldayacaq:
-
Kitab-kitab!
Ehtiyatla
səsimi qısacam:
- Bəs
Ədəbiyyat?
Ehtiyatı
əldən verib, qara, par-par parıldayan portfeli də, mobil telefonu da buraxacaq,
bomboş qalmış əlləriylə boğazımdan yapışacaq, sıxacaq, boğacaq, başımı bayaqdan
bəri gözləriylə hər molekulunu yeyib bitirməyə cəhd etdiyi AYB divarlarına
çırpacaq, ağlamağımı, çırpınıb o şeir yazan mübarək barmaqlarından xirtdəyimi
xilas etmək üçün yalvarmağımı, ondan da, onun olduğu buralardan da qaçmağımı,
uzaqlardan uzaqlara getməyimi, yoxa çıxmağımı istəyəcək.
Susacam.
Başım
hərlənəcək havasızlıqdan, sözlərim qırıq-qırıq və anlaşılmaz olacaq, gözlərim
onun AYB divarlarının molekullarının əksi ilə dolu qıpqırmızı gözlərinə dikiləcək
ümidsizcə.
Əllərim
onun şeir yazan mübarək barmaqlarının üzərinə qonacaq. Lap ola bilsin ki, onun
hansısa eyforik-romantik misralarındakı ilham məlakələrinin xəyali, ağ və zərif,
göyərçin qanadlı, hər dəfə “niyə sənin beş barmağın var görəsən, ey mələk, sən
kimilər nağıllarda dörd barmaqla doğulur” kimi zikrlərlə andığı əllər kimi.
Əllərim
ona ilham məlakələrinin bir cüt göyərçin qanadlı əllərini xatırladınca da şeir
yazan mübarək barmaqları boşalacaq, boğazımdan çəkiləcək, iki yanına düşəcək
onun.
Ağlayacaq.
Yerə
çöküb başını dizlərinin üstünə qoyacaq, panaması sürüşəcək qarşısına, ikimizin
arasında qalacaq – qala kimi.
Eləcə
baxacaq panamasına uzun-uzadı.
- Nə
fikirləşirsiz? – soruşacam qırıq-qırıq olmuş sözlərimlə.
-
Fikirləşirəm ki... - cavab verəcək sınıq-sınıq halıyla, - axı niyə məndən başqa
mənə şair deyən yoxdur buralarda? Mənsiz bir toy ötməz kənddə, mənsiz bir
başdaşı qoyulmaz, mənsiz bir qonaqlıq keçməz şəhərdə, nə bilim, gözəllər yol
keçməz, igidlər badə içməz, mənsiz olmur e, başa düşürsən, ola bilməz mənsiz,
ola bilməz... Səncə olar? Hə?..
Montekristo1717
YanıtlaSil