12 Nisan 2018 Perşembe

Ədəbiyyat agentim olsa


Ədəbiyyat agenti və ya ədəbi agent - yazıçı ilə nəşriyyat arasındakı vasitəçidir.
O, kitab bazarından baş çıxaran, nəşriyyatların iş keyfiyyətini tanıyan, müasir yerli və dünya ədəbiyyat zövqünün və dəbinin incəliklərini öyrənən şəxsdir.
Ədəbi agent kitab biznesinin döyünən ürəyidir, desək, yanılmarıq.
Özünə və fəaliyyətinə hörmət edən nəşriyyatlar ədəbi agenti olmayan yazıçı ilə iş birliyini ilk dəqiqələrdəcə rədd belə edə bilərlər.
 Amma ədəbi agentin təqdim etdiyi yazıçının əsərinin çapı üstə bir-biri ilə gizli və ya aşkar rəqabətə girən nəşriyyatlar da var.
Təbii ki, biz hal-hazırda Azərbaycandan kənarda olan proseslərdən bəhs edirik.
Ədəbi agentlər nəşriyyatları və ümumən də ədəbiyyatı qrafoman yazarlardan, makulatura kitablardan xilas edən varlığı vacib şəxslərdir ki, yazıçı da, nəşriyyat da onlara etibar və etimad edir.
Onlar heç tanınmamış gənc yazarların dəyərli əsərlərini seçərək, nəşriyyatlara məsləhət görə bilərlər və həmin əsər dərc olunduğu andan həmin yazar məşhurlaşa bilər.
Onlar tanınmış yazıçılara nəşriyyatlarla müqavilələri daha sərfəli bağlamağı tövsiyyə edərlər, daha prestijli nəşriyyatlarla işləməyə həvəsləndirərlər.
Ədəbi agentlərin əmək haqqı adətən kitabın satışından sonra, bu civarda ola bilir - gəlirin 10%-20% qədər qonorar. Vacib qeyd: Ədəbi agent yazıçıdan deyil, kitabı satdığı bazardan qazanır.
Onlar nəşriyyatlarla yazıçının arasında bağlanılan müqavilələrin hüquqi cəhətdən tam dəqiq və etibarlı olmasına, ümumi gəlirdən yazıçıya düşən haqqın rəsmi ödənməsinə, tərcümələrdən tutmuş, əsərin ekranlaşdırılmasına və digər istifadələrinə hüquqların satılmasına kimi, birbaşa məsul olurlar. 
Qərb dünyasında ədəbi agentlərin fəaliyyətini birləşdirən və hüquqi cəhətdən tənzimləyən ədəbi agentliklər var. Bu agentliklər ədəbi agentlərə onların iş keyfiyyətlərinə uyğun sertifikatlar verir, daha yaxşılarını fərqləndirirlər.

Qısası, ədəbi agentlərimiz olsun, istəyirəm.
Biz yazaq, onlar satsın.
Müğənnilərin prodüsseri olmurmu?
Eynilə.

Amma illərdir ki, ən yaxın və kiçik dost çevrələrində də, ən geniş sosial şəbəkələrdə də bu mövzunu müzakirə etmək istəyim fiaskoya uğrayır.
Səbəb sadədir: Kitab alıcıları ölkəmizdə çox azdır və bu azlığın da kitab satışı sektorundan elə bir böyük kitab tələbi yoxdur.
Yoxsa elə doğrudan da ədəbi məkandakı vəziyyət şou məkanındakı vəziyyətlə sözün yaxşı mənalarında bənzər olardı.
Yaxşı mənalar dedikdə, qaynar yaradıcı fəaliyyətini, “kim daha yaxşı əsər yazacaq” deyə rəqabəti, yazının və yazıçının hər zaman göz önündə və qulaq yaxınlığında olmağını, televiziya kanallarında həftəlik, aylıq ədəbiyyat tok şoularının, bədii qiraət və bədii mətn yarışmalarının nümayişini, yazar onluqlarının müzakirələrini nəzərdə tuturam.
Təsəvür edin, siz bir yazıçısınız və sadəcə evinizin yaxınlığındakı marketdən çörək almağa düşəndə belə adamlar ətrafınıza toplaşır, avtoqraf, yeni kitab, yeni ədəbi telelayihə, yeni qəhrəmanlar tələb edir.
Hələ jurnalistlər…
Az qalır ki, parikdə, eynəkdə gəzəsiniz.
Gülürsüz, bilirəm.
Elə mən də.
Amma özünüz deyin, belə bir xəyal gerçək ola bilərsə, hansı ədəbiyyatdan və biznesdən başı çıxan adam məhz ədəbi agent vəzifəsi daşımaq istəməz ki?
Yazıçılar üstə dava düşər, əminəm.
 Və bu xəyalın da bir gün gerçəkləşəcəyinə inanıram.

Ədəbiyyat qəzeti
2016

Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...