Hərdən mənə elə gəldi ki,
var-gücümlə qaçıram, saçlarım qəfildən gözümə-üzümə toxunsa, kəsəcək qədər sürətlidir
qaçışım, hərdən də eləcə yerlərə çöküb saçlarımla torpağı çırpır, dağıdır,
ağrıdıram, sonra sürünüb sadəcə üzü göylərə çevrilmək, qollarımı yana açıb da
gözlərini yummaq, yağışları, yağışları, yalnız yağışları qəbul etmək qədər oldu
dadı-tamı dünyanın.
Və hər səhər Günəşi
salamlamaq, və hər axşam ürək dolusu sevgi yollamaq onunla dünyanın o tayındakı
adamlar üçün...
Amma Zaman...
Zaman – biz onu hiss elədiyimiz
anlarda hakimdir sadəcə.
Onu duymadığımız
vaxtlarda acizdi, ömrümüzdən, ruhumuzdan, hətta bədənimizdən qoparıb da
aparmağa gücü yoxdu.
Zamanın necə keçdiyini
bilməyənlər ona qalib gələnlərdi, inanıram.
Qaliblər – sevməyi
bacaranlardır.
Yalnız aşiq olan insan
hiss etməz Zamanı. Çünki nə keçmişi olacaq aşiqin, nə gələcəyi, eləcə
aşiqliyinin mövcud olduğu tək bircə anın içərisinə hopub qalacaq ruhu. Ta ki,
aşiqliyi keçənə qədər.
Eşq
Zamanın nəhayətsizliyi qoynunda yeganə qəfəsdir ki, aşiq onun içərisində
kainatın ən böyük azadəliyini yaşayır.
Və
Ədəbiyyat…
Ədəbiyyat
da Eşqdir, yazarın mübtəla olduğu, varlığından heç cür qopara bilmədiyi,
qoynundan heç cür qopa bilmədiyi söz qəfəsidir. O qədər azadəlik var ki içində…və
o qədər dustağıq ki yazıb-yaratdığımız sözlərə…
Mən
Zamanı ən çox ya ad günümdə, ya da Yeni il ərəfəsində hiss edirəm.
Hər
iki ərəfədə ötən bir il ərzində etdiklərim və etmədiklərim üçün özümə hesabat
verirəm. Bir də növbəti bir il üçün arzularımı, planlarımı götür-qoy edirəm. Mütləq
tam yeni bir dəftərlə başlayıram yeni ilə.
Kitab
şkafımdakı kitablarla yanaşı hər ilə aid qeyd dəftərlərim də var. Hərdən vərəqləyib
nə vaxtsa yazdığım, sonra unutduğum, lakin artıq yaşadığım hansısa istəyimin
qeydini görəndə gülümsəyirəm, “yazıya pozu yoxdursa, qalan həyatımı da beləcə
qeydlərlə nizamlaya bilərəm bəlkə” deyə düşünürəm.
Mənim
üçün Ədəbiyyat da elə bu cür qeyd dəftərlərindən başlayıb, məktəbli dövründəki
ilk gündəliklərimdən. O gündəlikləri yazmağa məni vadar edən üç gözəl əsər vardı.
Salam Qədirzadənin “46 bənövşə”si, Reşat Nuri Güntəkinin “Çalıquşu”su, bir də
Conatan Sviftin “Qulliverin səyahəti” əsəri.
Həmkarlarımı
izlədikdə kimin uşaq vaxtı gündəliklər yazdığını hiss edə bilirəm. Kimin də heç
vaxt özünə aid bir gizli dünyasının olmadığını yazılarından görünür. Zaman qəfəsə
salınmış və “Mopassanın “Eybəcərlər anası”nın övladları kimi əzilmiş-sıxılmış
halda olur ədəbiyyatlarında. Axı öz dünyası olmayanlar başqalarının
dünyalarından sadəcə qısa reportajlar üçün müvəqqəti ezamiyyət dövrləri
yaşayanlar olurlar, nə olsun ki, onlar daha çox əmin olurlar yazıçı
olduqlarına.
Ahh,
sevgili sözlər…
Sevgili
Yazı!
Sənə
nə qədər Zaman ayıra bildim ötən il mən, sənə nə qədər Zaman ayıra biləcəyəm
yeni il ərzində, kim bilir…
Səni
neçə əsər boyunda yarada biləcəyəm görəsən, neçə kitab sayında böyüdə biləcəyəm,
neçə oxucu ilə qovuşdura biləcəyəm?
O
qədər həyəcanlıyam ki!
Mən
səni nə qədər sevirəmmiş, gözəl Yazı, mən səndə nə qədər azadam, mən sənə nə qədər
dustaq…Zamanı hiss etmirəm, inan.
Məni
tək qoyma, nolar!
Hiç yorum yok:
Yorum Gönder