On gün ərzində
başımı ev işləriylə, qohum-əqraba görüşləriylə, şkafdakı kitablarla nə qədər
qatsam da, ruhum daim nəyinsə çatışmadığını hiss etdi. Qəribə bir boşluq
yaranmışdı və bu boşluq məni dəftərlərdə müxtəlif qeydlər etməklə, mətnlər
başlamaqla məmnun olmağa sövq edirdi. Lakin çatışmayan o “nəsə”nin yeri
dolmurdu ki, dolmurdu.
On
günlük noutbuksuzluq məni düz on il əvvələ atmışdı və mən qorxmuşdum. Heyrətlə
bu qəfil zamanı geriyə dönmək prosesinin gətirdiyi qorxu hissimi analiz etməyə
çalışırdım. Axı mən nədən qorxurdum?
İyirmi
birinci əsrin ürək döyüntüsünə çevrilən texnoloji imkanların gətirdiyi yeni
informasiyalardan uzaq düşmək bir evdar qadın üçün heç bir önəm daşımır, çünki
mən evdar qadın tərəfimlə bu günlər ərzində daha rahat və güclü idim. Lakin bir
yazar üçün bu, faciədir.
Sən
dünyada baş verən bütün yeniliklərdən kənarda dayanmış olursan, informasiya
bazan ən son oxuduğun kitablarda, ən son izlədiyin xəbərlərdə, ən son baxdığın
filmlərdə, ən son maraqlandığın ədəbiyyat-mədəniyyət xəbərlərində ilişib qalır
və sən yenilənə bilmədiyin üçün suyu, havası, hərarəti, torpağı vaxtında yenilənməyən
ağac kimi kökündən yarpağına qədər solub quruyursan. Nə kölgən olur, nə meyvən,
nə gözəlliyin.
Doğmalarım
mənə irad bildirirdilər: Əvvəllər kompüter yox idi, camaat yazı yazmırdı? O qədər
interneti, kompüteri olmayan yazarlar var ki!
Yazırdı,
əzizlərim, camaat min il əvvəl də kompütersiz idi və yazırdı. Camaat hətta yüz
il əvvəl də yazırdı, on il əvvəl də... Bu günün özündə də məhz bu fikirlə
kompüterizasiyadan da, internetdən də uzaq dayanmağı əsl şairlik, yazıçılıq
hesab edən yazarlar var ki...qurumuş ağacdırlar, nə kölgələri var, nə meyvələri,
nə gözəllikləri, lakin elə bilirlər hələ də yazdı və hələ də gülə, bülbülə,
sünbülə şeir qoşmaqlarını ədəbiyyat, özlərini dahi sayırlar.
Yadıma
Sovet dövrünün mobil telefonsuz rabitə imkanları düşür. Məsələn, qonşumuzun
oğlu Moskvada yaşayırdı və anası ilə telefonda danışmaq istəyirdisə, əvvəlcə
ona poçtla bir teleqram göndərirdi, həmin teleqrama görə qonşumuzu konkret
tarixdə konkret dəqiqələr ərzində oğlu ilə danışa bilməsi üçün rayon mərkəzindəki
əsas poçta çağırırdılar, qonşumuz səhər sübhdən kənd avtobusu ilə rayon mərkəzinə
gedib oradakı poçt danışıq məntəqəsində
növbəyə yazılırdı, saatlarla orada gözlədikdən sonra Moskvadakı poçtdan
buradakına zəng gəlirdi və artıq yuxulamaqda olan ac-yorğun qonşumuzu mikrofonla
uca səslə çağırıb diksindirirdilər: “Filankəsov(a) Filankəs, keçin filanıncı
kabinəyə!”
Bəzən elə
olurdu ki, həmin gün həmin söhbət alınmırdı və qonşumuz daha bir çağırış
teleqramı gələnə qədər evinə qayıdıb həsrətlə oğlunun səsini gözləməli olurdu.
Və həmin
qonşumuzun həmin illərdəki vəziyyətində olan nə qədər yazar var yer üzündə görəsən...düşünəndə
belə adam dəhşətə gəlir.
Təsəvvür
edin, bütün dünyada mobil operatorlar var və hər kəs də mobil telefon istifadə
edir, siz isə hələ də bu yenilikdən imtina edib, kənd poçtolyonunun gətirəcəyi
teleqramı gözləyirsiz ki, hansısa bir gündə rayon mərkəzindəki poçta gedib
orada kabinələrin qarşısında saatlarla oturasınız və sizi kabinəyə dəvət etsinlər.
Və nə qədər yazar
var, ilahi, kabinələrdə oturub ilham pərisinin zəngini gözləyir...əlində dəftər,
cibində diyircəkli qələm, gözlərində yuxu, ürəklərində bütün yeniliklərə qarşı
heyrətli bir qorxu hissi...
Hiç yorum yok:
Yorum Gönder