8 Kasım 2017 Çarşamba

O gözlərin bənövşəyi işığı...


Rəngləri çox sevirəm.
Və Arturun “Saitlər” şeirini gördüyüm ilk anda içimdə oyanan müdhiş maraq mənə bu şeirdəki misraların bir başqa rəsmin sirri ilə boyandığını pıçıldadı.
Marağımın ardınca düşüb, şeirin ingilis, rus, fransız versiyalarını eyni vaxtda qarşıma düzdüm və misra-misra, söz-söz, təkrar-təkrar oxudum.
Oxuduqca Artura baxırdım, internetdən tapdığım fotoşəkillərində axtarmağa çalışırdım “Saitlər” şeirindəki rənglərin tam rəsm halında ola biləcək sirrini.
Axı ola bilməzdi ki, Artur Rembo sadəcə əlifbadan sait hərfləri seçib ayırsın və oturub o sait hərflərə şeir həsr eləsin. İnsan nə qədər bekar və zarafatcıl olmalıdır belə bir boş işə vaxt sərf etmək üçün, deyilmi?
Amma Artur bekar və zarafatcıl deyil.
Gözləri mənə deyir ki, bu şeir o gözlərin gördüyü, həm də o gözlərdən başqa kimsənin görmədiyi sirli-sehrli bir tablodan bəhs edir. Nə o rəssam bəni-adəmdir, nə o rənglər yerdə var...

“Saitlər”in Nikolay Qumilyov tərcüməsinə baxıram.
Sonra təəccüblə Qumilyovun rəsminə, daha doğrusu, gözlərinə baxıram.
“Səndəmi görmədin? Axı sənin gözlərin fərqlidir, boş deyil, dünyasız deyil, niyə görmədin o tablonu, niyə axı? – soruşuram.
“Gördüm, amma görməyəcəklər deyə, göstərmədim” – deyir sanki.
İnanıram.
Və təbəssümlə şeirin son misralarına çəkirəm diqqəti:

О — звона медного глухое окончанье,
Кометой, ангелом пронзенное молчанье,
Омега, луч Ее сиреневых очей.

Qadın gözlərindən bəhs edilir bu tərcümədə.
Elə ingilis dilinə edilmiş tərcümədə də qadın gözləri kimi verilir son misralardakı gözlər:

O, sublime Trumpet full of strange piercing sounds,
Silences crossed by Worlds and by Angels:
O the Omega, the violet ray of Her Eyes!
Lakin elə deyil, Artur qadın gözlərindən danışmır.

O, suprême Clairon plein des strideurs étranges,
Silences traversés des Mondes et des Anges :
- O l'Oméga, rayon violet de Ses Yeux ! -

Məhşər günündən bəhs edir Artur.
Sur səsindən danışır, aləmlərdən, mələklərdən...
Və “O gözlərin bönövşəyi işığı”ndan yazır.
Məsihin gözlərindən.
Siz hələ də Arturun gözlərinə diqqətlə baxmamısız?..
İsa var orda.

  
A – qara, E – ağ, İ – al, U – yaşıl, O – göy... Hərflər,
Mən sizin sirrinizi açıb tökəcəm bir gün.
A – qara məxmər dontək bir milçək sürüsünün
Üfunət üzərində səs-küyü ilə ötər...

Kölgə tək... ; E – çadırlar və tüstü ağartısı,
Dağ buzları ucları, ağ hökmdar, ağ çiçək...
İ – gözəl dodaqların təbəssümüdür - ürkək,
Qəzəbi qan dadında, tövbəsi həzz ağrısı.

U – dənizin ilahi dalğalı təlatümü,
Talada örüş yeri, tarlada əkin şumu,
Və fikirli adamın alnının qırışığı.

O – gizli cəngavərin Surunun sirli səsi,
Aləmlər və  mələklər sükutunun nəfəsi:
 Omeqa! O gözlərin bönövşəyi işığı...


Hiç yorum yok:

Yorum Gönder

Ən yeni yazı

Ağ rəngin üç çaları

  Onun adı Zərifdir. Elə özü də adı kimidir. Xəfif təbəssümü, sakit danışığı, gözəl siması var. Üzünə baxanda deyərsən ki, dünyanın ən rahat...