Məqamca kşatriy sayılan, mahiyyətcə şudradan da aşağı keyfiyyətli
xarakterli oğlunu karmik cəzadan uzaq tutmaq istəyinə görə hər gün göz yaşları
ilə dua edib yalvaran qadına bir gün Tanrı söz verir ki, məhz ona xətir
Şişupalanın təhqirlərini görməzdən gələcək…lakin yalnız yüz təhqirə dözəcək,
yüz birincidə Şişupala cəzasını alacaq. Çünki onun davranışı həm hörmətli arilər
arasında, həm sadə rəiyyət içində pis nümunədir.
Qadın sevincək təşəkkür duası edib o
andan etibarən oğlunun taleyindən arxayın olur.
Lakin qadının ağlına gəlmir ki,
Şişupala yüz təhqiri keçə biləcək dərəcədə arxayınlaşar.
Və Şişupala məqam düşdükcə Tanrını
təhqir edir. Hər təhqirdən sonra cəzasını almadığı üçün ürəklənib, daha yeni əzmlə Tanrıya meydan
oxuyur.
İlahi sayğac isə dayanmadan işləyir,
təhqirlər bir-bir sayılıb hesablanır.
Yerində və vaxtında cəzalanmayan
Şişupalanın gözləri yalançı eqosunun təsiri ilə dumanlanır, çarəsiz bir qadının
dualarına görə əldə etdiyi cəzasızlıq limitini özünün əlahiddə keyfiyyətli
fövqəl biri olması qənaətinə gəlməsi təkəbbürü altında toxunulmazlıq kimi qəbul
edir.
Və Şişupala Tanrıya etdiyi
həqarətlərin sayını-hesabını itirmiş olur.
Bir də o zaman ayılır ki, dil boğaza
qoymayaraq, şövqlə, ləzzətlə, ideal bir arxayınlıqla özünün yüzüncü təhqirini
etməkdədir və…və Tanrının “sudarşana-çakra”
(çərxi-fələk kimi bildiyimiz formada, odlu disk ) adlı silahı hamının gözləri
qarşısında Şişupalanın başını bədənindən ayırır.
Şişupalanın kəsik başı belə
təhqirlərə davam edərək səsini kəsmir.
O zaman Tanrı təmkinlə pıçıldayır:
“Sakitləş…”
Limit, əndazə, hədd, senzura və sair
bu kimi məvhumlar iki tipdədir: insanın özünün özü üçün və özünə qarşı olanlar
üçün tərtib etdiyi individual olan, bir də cəmiyyətin, dövlətin, dinin, milli
dəyər kodeksinin qəbul, həm də tələb etdiyi ümumi olan.
Hər ikisi insanın özünə və ətrafına
ziyanlı olmayacağı dərəcəsində gərəklidir.
Xüsusən istedadı olan ədəbiyyat,
yazı adamları üçün.
Çünki yazı yazmaq istedadı - Tanrının
birbaşa özünün yaradıcı aspekti olan keyfiyyətindən bir zərrə qoparıb insana
bəxş etdiyi əmanətdir.
Bu əmanətə şəxsi və yalançı eqo
diqtəsiylə yanaşıb onu çirkləndirmək olmaz.
Yazı adamı ona verilən istedadı öz
səhlənkar mahiyyəti ilə təhqir etməməlidir, onu insanlar üçün faydalı bir halda
sərf edib, hər gün daha bir az işığını artırmalıdır.
Nikolay Rerixə görə, bizim bu
dünyada yeganə missiyamız qaba materiyanı incə (astral) materiyaya çevirib onu
kainatın nəhayətsiz dalğalarına ötürməkdən ibarətdir. Çəkdiyimiz və
çəkdirdiyimiz hər bir ah, hiss etdiyimiz və hiss etdirdiyimiz hər bir
xoşbəxtlik, qəhqəhələrimiz, fəryadlarımız biz istəsək də, istəməsək də kainatın
bitməz-tükənməz energetik dalğaları boyunca fəzada yayımlanır. Hər birinin də
qarşılığında bənzər enerji qalığı qayıdır. Sanki marketdən alış-veriş edirsən,
bu qədər bəsit.
Və siz bir anlıq təsəvvür edin,
sizin yazdığınız kəlmələrin energetik yüklənməsi necədir, nədən ibarətdir və
fəzada necə qəbul olunur.
Bəli, istedadlı yazı adamı həqiqətən
də yazı yazaraq öz incə (astral) dünyasını yaratmaq şansı olan biridir. Gözəl
şansdır, deyilmi? Sadəcə bir nüansı unutmamaq şərtilə: hər kəs yaratdığı
dünyanın mütləq şəkildə həm də sakinidir.
Elə dünya yaratmaq lazımdır ki, Tanrı
onu dağıtmağa qıymasın.
P.S. Şişupala Hind mifologiyasında Tanrının
bacısı oğlu idi…
Hiç yorum yok:
Yorum Gönder